Saatlıda susuzluğa görə etiraz edənlərin qarşısı rezin güllələr və gözyaşardıcı qazla alınıb

Saatlıda susuzluğa görə etiraz edənlərin qarşısı rezin güllələr və gözyaşardıcı qazla alınıb
13 Mart 2023
Mətni dəyiş

Sakin: “Biri 15 yaşlı uşaq olmaqla iki nəfər ağır yaralandı. Uşağın sol döş nahiyəsinə 4 rezin güllə vurdular. İki nəfəri də təcili yardım apardı”

Martın 13-də günorta saatlarında Saatlı rayon Orta Muğan, Çolpı və Xanlar kənd sakinləri suya görə etiraz ediblər, polislər aksiyanı zorakılıqla dağıdıblar. 

Bu barədə məlumatı kənd sakinlərindən biri Abzas Media-ya verib. 

Onun sözlərinə görə, kənd sakinləri su tələbi ilə yolu bağlayıblar, oradan olan körpünü keçmək istəyərkən, polislər müdaxilə edib və bu zaman qarşıdurma yaranıb:

“200-ə yaxın sakin etiraz edirdi. Polislər gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə etdilər. Biri 15 yaşlı uşaq olmaqla iki nəfər ağır yaralandı. Uşağın sol döş nahiyəsinə 4 rezin güllə vurdular. İkisini də təcili yardım apardı. Müharibə veteranları, qazilər tutuldular. Təkcə bizim kənddən 2 nəfər tutulub- Əsgərov Elşən və Rəşad Cəfərov” – deyə kənd sakini bildirib. 

Kənd sakini deyir ki, hazırda kanalda nə təsərrüfat üçün, nə də içməyə su yoxdur. 

Onun sözlərinə görə, su almaq üçün Sabirabada gedirlər: 

“Burada susuzluq elə bir həddədir ki, yaşam demək olar ki, məhdudlaşıb. Keçən il dövlət maşın göndərirdi, 15-20 manatdan su satırdılar, bu il o da gəlməyib. Mən 3 ildir ki, suyu pulnan alıram. Hər ay çəni 2 dəfə doldururam , bu da 30 manata başa gəlir”.

Daxili İşlər Nazirliyi də məsələ ilə bağlı məlumat yayıb.

"Bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəli qanunsuz hərəkətlərini davam etdiriblər. Onlar saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər".

Kənd sakini isə bildirir ki, onlar polisə müqavimət göstərməyiblər: "Əliyalın camaat polisə nə müqavimət göstərəcək?!"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun