Qarabağ qazisi icra hakimiyyətini tənqid etdiyinə görə polisə aparıldığını deyir

Qarabağ qazisi icra hakimiyyətini tənqid etdiyinə görə polisə aparıldığını deyir
24 Oktyabr 2023
Mətni dəyiş

O, sosial şəbəkədə yaşadığı binanın dam örtüyünü öz hesabına təmir etdirdiyini yazıb

Qarabağ qazisi Şahin Amanov sosial şəbəkələrdə Nizami Rayon İcra Hakimiyyətilə bağlı paylaşımlarına görə saxlanıldığını bildirib.

Abzas Media-ya danışan Amanov deyib ki, onu polis bölməsinə rəislə söhbət adı ilə aparıblar, orada isə məsələnin onun “Facebook” hesabındakı paylaşımları ilə bağlı olduğunu bilib:

“Oktyabrın 23-də Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsindən zəng etdilər ki, rəis səninlə danışmaq istəyir, bölməyə gəl. Dedim, işdən çıxıb gələrəm. Sonra rəis müavini zəng vurdu, dedi haradasınızsa, gələk 5 dəqiqə söhbət edək sizinlə.  Yerimi dedim, gəldilər, dedilər ki, bölmə rəisi sizinlə şəxsən danışmaq istəyir, gedək 10-15 dəqiqəlik. Gəldik bölməyə, dedilər ki, Nizami Rayon İcra Hakimiyyətilə bağlı paylaşımlar etmisən, onu silmək lazımdır”.

Amanov deyir ki, o əvvəlcə heç kimi təhqir etmədiyini deyib, paylaşımları silməkdən imtina edib, ancaq sonradan silməyə məcbur olub:

“Dedim, dəfələrlə icra hakimiyyətinə müraciət etmişəm, gəlib binanın dam örtüyünü dəyişməyiblər deyə öz pulumla təmir etmişəm, indi pulumu istəyirəm, məhkəməyə də müraciət edəcəm. Dedilər ki, məhkəməyə müraciət elə, haqqındır, amma paylaşımları sil.

Mənə bütün paylaşımları sildirdilər, sonra dedilər ki, göstəriş var, bu gecə qalmalısan burada, səhər məhkəməyə çıxarılacaqsan. Daha sonra bir nəfər qaça-qaça gəldi ki, Şəmşad Ağa (oxu: jurnalist) sənin saxlanılmanla bağlı paylaşım edib, ona de, silsin. Dedim, desəm də silən deyil, deməyə də razı deyiləm. Dedilər, rəislə danışaq, danışdılar, sonra məni buraxdılar.

İndi saxlanılma, icra hakimiyyətilə bağlı da məhkəməyə müraciət edəcəyik”, – deyə Amanov bildirib.

Şahin Amanov “Facebook” hesabında yaşadıqları binanın dam örtüyünün dəyişdirilməsi üçün icra hakimiyyətinə müraciət etdiyini, tədbir görülmədiyinə görə damı öz hesabına düzəltdirdiyini yazıb. O, Nizami Rayon İcra Hakimiyyətini buna görə tənqid edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən cavab almaq istəsək də, zənglərimizə cavab verilməyib.

Nizami Rayon İcra Hakimiyyəti isə deyilənləri təkzib edib. İcra hakimiyyətinin sektor müdiri Cavid Qafarov Abzas Media-ya deyib ki, icra hakimiyyəti dam örtüyünü dəyişdirib:

“Sözügedən ünvanın dam örtüyünün təmir olunması ilə bağlı Nizami Rayon İcra Hakimiyyəti 2022-ci ildə aidiyyatı qurumlara müraciət edib. 2023-cü ilin sentyabr ayında isə həmin binanın dam örtüyü tam olaraq təmir olunub. Həmin şəxsin polis bölməsinə düşməsilə bağlı rayon icra hakimiyyətinin heç bir əlaqəsi yoxdur”, – deyə Cavid Qafarov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun