Bu ildən minimum əməkhaqqı 345 manat olacaq

Bu ildən minimum əməkhaqqı 345 manat olacaq
5 Yanvar 2023
Mətni dəyiş

İqtisadçı Fərid Mehralızadə:  VÖEN-lə işləyənlərin xərci artacaq

2023-cü il yanvarın 1-dən ölkədə minimum aylıq əməkhaqqının məbləği 345 manat olacaq.

Prezident İlham Əliyev yanvarın 5-də imzaladığı sərəncamla bu məbləği təsdiq edib. 

Ötən il minimum əməkhaqqı 300 manat idi. 

Bundan əlavə, Nazirlər Kabineti 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini  prezidentə təqdim etməlidir.

Hazırda Azərbaycanda əmək pensiyasının minimum məbləği 240 manatdır.

İqtisadçı ekspert Fərid Mehralızadə minimum əməkhaqqının məhz 345 manat olaraq artırılmasının qeydə alınan inflyasiya ilə bağlı olduğunu düşünür.

"Düzdür, dekabr ayı üçün inflyasiya səviyyəsi açıqlanmayıb, amma noyabrda bu rəqəm 14 faiz idi. Yəqin ki, illik inflyasiya 15 faiz ətrafındadır ki, minimum əmək haqqı da 15 faiz artırılıb".

İqtisadçı əlavə edib ki, minimum əmək haqqının artması həm də VÖEN-lə işləyənlərin xərcini artıracaq. Bir çox sahədə çalışanların DSMF ödənişləri 75 yox, 86 manat olacaq.

İqtisadçı minimum pensiyanın artırılmasının heç də hər kəs üçün sevindirici xəbər olmadığını düşünür. 

F.Mehralızadənin fikrincə, minimum pensiyanın artması minimum pensiya kapitalının da artması deməkdir. Belə ki, Azərbaycanda 65 yaşa çatmaq hələ pensiya almağa imkan yaratmır. Bundan əlavə, ya 25 il iş stajı, ya da minimum pensiya kapitalı tələb edilir: 

"Müvafiq qanuna görə, minimum pensiya kapitalı minimum pensiyanın 144 qatına (12 il) bərabərdir. Yəni, əgər bugünkü sərəncama qədər sizdən işlədiyiniz dövr ərzində ən azı 34.560 manat pensiya kapitalı toplamaq tələb olunurdusa, artıq bu rəqəm 40.320 manata yüksəlmiş olacaq. Bu səbəbdən indi işləyənlərin heç biri o pensiyaya çıxdıqda nə qədər kapital toplamalı olduğundan əmin deyil" - iqtisadçı bildirib.

Fərid Mehralızadə əlavə edib ki, məhz bu cür yanaşmalara görə, Azərbaycanda pensiya sistemi cəlbedici deyil və insanlar boş yerə vergiyə pul itirməmək üçün qeyri-rəsmi işləməkdə maraqlı olurlar. Ona görə də sosial siyasətin effektivliyini artırmaq üçün Azərbaycandakı pensiya sistemində ciddi dəyişikliklər etməyə ehtiyac var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun