"Azərbaycanda kimin yaxını pulludur, o, reabilitasiya mərkəzi açmağa yaxşı biznes kimi baxır”

"Azərbaycanda kimin yaxını pulludur, o, reabilitasiya mərkəzi açmağa yaxşı biznes kimi baxır”
6 Sentyabr 2022
Mətni dəyiş

Reabilitasiya Mərkəzlərinin akkreditasiyasını və yoxlanışını həyata keçirməli olan Elm və Təhsil Nazirliyi son olayla bağlı açıqlama vermir

Sentyabrın 3-də sosial şəbəkələrdə “Mehnur- Defektoloji-loqopedik xidmət"də sağlamlıq imkanları məhdud uşaqlara işgəncə verilməsini əks etdirən görüntülər yayılıb. Sosial şəbəkələrdə valideynlər yazırlar ki, bu hallar təkcə “Mehnur” Reabilitasiya Mərkəzində yox, digər mərkəzlərdə də baş verir.

Bəs qanunvericiliklə reabilitasiya mərkəzlərinin işi necə təşkil olunmalıdır? Bu mərkəzlərə lisenziyanın verilməsini və nəzarəti hansı qurum həyata keçirir?

Səhiyyə Nazirliyi sorğumuza cavab olaraq bildirib ki, psixoloji yardım, defektoloqlar, loqopedlər, praktik psixoloqların fəaliyyəti “Ümumi təhsil haqqında” Qanunun 21.0.3-cü maddəsi ilə nizamlanır.  “Qeyd olunan ixtisasları həkimlər deyil, təhsilverənlər- müəllimlər, məsləhətçilər, tərbiyəçilər, defektoloqlar, loqopedlər həyata keçirir”- Səhiyyə Nazirliyi açıqlamasında bildirib.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Müşfiq Məmmədli deyir ki, loqoped mərkəzlərinin tənzimlənməsi  “Ümumi təhsil haqqında” Qanunla yanaşı  Nazirlər Kabinetinin təsdiqlədiyi “Loqopedik Xidmət Haqqında” Əsasnamə ilə də həyata keçirilir.

“Ancaq biz özəl və dövlət sektoru arasında müəyyən boşluqları da müşahidə edirik. Belə ki, bu mərkəzlər həm də sağlamlıqla əlaqədardır, ancaq burada Səhiyyə Nazirliyinin rolu hansı səviyyədədir, tam müəyyən etmək mümkün deyil.

İkinci məsələ isə odur ki, qanunla Elm və Təhsil Nazirliyinin bu mərkəzlərdə akkreditasiya keçirmək hüququ var, ancaq lisenziyalaşma ilə bağlı müddəalarda boşluqlar mövcuddur. Yəni, əgər orada tibbi xidmət də göstəriləcəksə, burada lisenziyalaşma olmalıdır, yox əgər tədris nəzərdə tutulubsa, akkreditasiya aparılmalıdır. Ona görə də, dövlət sektorunda olan bu qurumların işi normal aparılır, ancaq özəl sektora gəldikdə, müəyyən boşluqlar olur. Belə olan halda da sahibkarların bu boşluqlardan istifadə edib bizi xoşagəlməz hallarla qarşı-qarşıya qoyma ehtimalları var. Ona görə də, bu sektorda çox mühüm addımların atılması vacibdir”, - deyə millət vəkili bildirib.

Müşfiq Məmmədli əlavə edib ki, reabilitasiya işi ilə məşğul olan şəxslər sağlamlıq imkanı məhdud olan vətəndaşlarla işləyirlər deyə tibbi və təhsil prosesini əhatə edən əsasnamənin yaradılmasına, olan qaydaların da təkmilləşdirilməsinə ehtiyac var.

Vəkil Aqil Layıc deyir ki, “Xüsusi təhsil haqqında”  Qanunun 24-cü maddəsinə əsasən xüsusi təhsil müəssisələri, o cümlədən loqopedik xidmətləri Elm və Təhsil Nazirliyi akkreditasiya edir, yoxlayır və fəaliyyətlərini qiymətləndirir.

Onun sözlərinə görə, bu qaydalar reabilitasiya mərkəzlərinə də tətbiq edilir. Ümumi təhsil müəssisələrində loqopedik təhsil xidməti isə Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərir.

“Loqopedik xidmət Elm və Təhsil Nazirliyinin təsdiq edilmiş tədris planı əsasında həyata keçirilir.

Müəllim-loqoped vəzifəsinə defektoloq təhsili olan, ixtisasdəyişmə kurslarını (loqopediya) keçmiş ali pedaqoji təhsilli işçilər təyin edilir. Müəllim-loqopedi yerli təhsili idarəetmə orqanlarının razılığı ilə təhsil müəssisəsinin rəhbərliyi  təyin edir. Yəni, qanundan göründüyü kimi istər özəl olsun, istərsə də dövlət müəssisələri, nəzarət mexanizmi birbaşa Elm və Təhsil Nazirliyinin üzərindədir” - deyə vəkil Aqil Layıc bildirib.

Elm və Təhsil Nazirliyinin mətbuat xidməti zənglərimizə cavab verməyib.

“Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyinin sədri Çiçək Məmmədli deyir ki, kimin pulu varsa, gedib öz istəyi ilə bu cür mərkəzlər açıb fəaliyət göstərə bilməməlidir. Onun sözlərinə görə, belə mərkəzlər monitorinqdən keçməlidir.

"Bu mərkəzlərə nəzarəti səhiyyə və təhsil nazirlikləri birgə aparmalıdır. Lazım gələrsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də nəzdində komissiya yaradılmalıdır və bu işə cəlb edilməlidir. Monitorinq aparılmalıdır. Belə mərkəzlər göstərməlidir ki, işçilər kimdir, nəzəri-praktiki bilikləri necədir və s. Sənəd təqdim etməlidirlər. Ondan sonra onlara lisenziya verilməlidir, çünki burada uşaqların taleyi məsələsi var"- deyə o bildirib.

Çiçək Məmmədli deyir ki, bu sahənin tənzimlənməsi istiqaməti üzrə hökumətə dəfələrlə təkliflər, proqramlar verilsə də, hələlik nəticə yoxdur. Onun sözlərinə görə, reabilitasiya mərkəzlərinin işinə nəzarətsizlik var və bu da onunla əlaqədardır ki, məmurlar, onların yaxınları da belə mərkəzlər işlədirlər.

"Azərbaycanda kimin pulu var, kimin yaxını pulludur, həmin adam yaxşı biznes kimi bunu görür. Çünki burada pul var. Valideynlər uşaqlarını düşünüb gecə-gündüz işləyirlər, borca girib uşaqlarını o mərkəzlərə göndərirlər".

Çiçək Məmmədli bildirib ki, hökumət qurumları reabilitasiya mərkəzlərinin işinə nəzarət etməsə, belə neqativ hallar davam edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun