Qarabağ erməniləri Rusiyanın Yerevandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər

Qarabağ erməniləri Rusiyanın Yerevandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər
5 Avqust 2022
Mətni dəyiş

Cümə günü səhər saatlarında bir qrup Dağlıq Qarabağ ermənisi Rusiyanın Yerevandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Nümayişçilər Rusiyadan Dağlıq Qarabağda sülhməramlı missiyanın layiqincə yerinə yetirilməsini tələb ediblər.

Etirazçılardan biri Azadlıq Radiosunun Ermənistan bürosuna  deyib: “Əgər Rusiya orada sülhməramlı missiyadadırsa, üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.

Digər etirazçı əlavə edib: “Rusiya öz maraqlarını qoruyur, amma bunu bizim hesabımıza etməsin”.

44 günlük müharibə nəticəsində evlərini itirmiş Dağlıq Qarabağ erməniləri bu gün regionun təhlükəsizliyini təmin etmək üçün beynəlxalq sülhməramlı qüvvəyə ehtiyac olduğuna əmin olduqlarını vurğulayıblar.

“Hadrut naminə” qeyri-hökumət təşkilatının sədri Levon Hayryan Rusiya səfirinə ünvanlanmış məktubu oxuyub.

Etirazçılardan biri dedi: “Mən Vladimir Putinə müraciət edirəm ki, erməni xalqı axmaq deyil və hər şeyi mükəmməl başa düşür. İki xalq arasında qardaşlıq münasibətləri belə inkişaf edə bilməz. Siz öhdəlik götürmüsünüz, buna da sadiq qalın”.

Rusiya səfirliyindən aksiya iştirakçılarına heç bir cavab verilməyib.

Nümayişçilər aksiyalarını Fransa səfirliyi qarşısında davam etdirərək, Fransa hökumətindən Dağlıq Qarabağda sülhməramlı missiya keçirməyi xahiş ediblər. Etirazçıları Fransa səfirliyinin əməkdaşlarından biri dinləyib və onların məktubunu qəbul edib.

Etirazçılar Fransa səfiri ilə də görüş tələb ediblər, lakin səfirlik rəsmisi səfirin hazırda məzuniyyətdə olduğunu bildirib.

Rusiya və ABŞ ilə yanaşı, Fransa da ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir.

Rusiya sülhməramlıları Dağlıq Qarabağda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı çərçivəsində yerləşdiriliblər. Razılaşmalara əsasən, Rusiya sülhməramlıları 5 il müddətinə regionda qalacaq, əgər tərəflərdən heç biri bəyanatın bu müddəasının müddətinin bitməsinə 6 ay qalmış dayandırmaq niyyətində olduğunu bildirməzsə, dövr avtomatik olaraq növbəti 5 illik müddətə uzadılır. 

Bakı müntəzəm olaraq Qarabağın Azərbaycanın ərazisi olduğunu və Rusiya sülhməramlılarının orada müvəqqəti olaraq yerləşdirildiyini bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun