Gömrükdə vəziyyət necədir?

Gömrükdə vəziyyət necədir?
17 İyun 2022
Mətni dəyiş
Azərbaycanın gömrük sahəsində müşahidə edilən məmur özbaşnalıqları, dövlətin qanuni yollarla gömrük sistemində yaratdığı çətinliklər illərdir ölkə gündəmini zəbt edən əsas mövzulardandır. 2018-ci ildə komitəyə yeni sədr gələn Səfər Mehdiyev gömrük sahəsində ciddi islahatların olacağını deyirdi. İslahatlar oldu, amma bu islahatlar vətəndaşın işini asanlaşdırmaq əvəzinə, onu daha da cəncələ saldı. Az qala hər il artan gömrük rüsumları onsuz da idxaldan asılı olan ölkə vətəndaşlarının son qəpiyinə də göz dikdi. MƏSƏLƏN, Azərbaycan regionda demək olar ki, yeganə dövlətdir ki, ölkəyə gətirilən bəzi avtomobillərin gömrük xərcləri avtomobilin öz qiymətindən baha başa gəlir. Ancaq prezidentin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında deyilirdi ki, gömrük rüsumlarının optimallaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər sahibkarlıq fəaliyyəti üçün əlverişli mühit yaradılmasına kömək edəcək. İqtisadçı Xalid Kərimli deyir ki, hökumət gömrük rüsumlarını tez-tez artırmaqla yerli istehsalı qorumağa, istehlakı tənzimləməyə və büdcəyə vəsait toplamağa çalışır. İqtisadçı Natiq Cəfərli isə bildirir ki, ölkədə gömrüklə bağlı həyata keçirilən yeganə islahat mal və xidmətlərin təsnifatının 15 pilləli sistemdən 3 pilləli sistemə keçirilməsidir. İqtisadçının fikrincə, bu gün ölkə daxilində qiymətlərin yüksəlməsində gömrüyün böyük rolu var. Natiq Cəfərlinin sözlərinə görə, iddia edilən islahatlara baxmayaraq, prosedur qaydalarında dəyişikliklərin olmaması və süni süründürməçilik bu sistemdə korrupsiya-rüşvət hallarının artmasına səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin mövzu ilə bağlı sorğumuza cavabından belə aydın olur ki, gömrük rüsumlarının optimallaşdırılması ilə bağlı “Gömrük tarifi haqqında” yeni Qanun qəbul olunub və həmin Qanunda gömrük tarifinin formalaşdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydaları müəyyən edilib. Ancaq bununla bağlı dövlət orqanlarının fəaliyyətinin təşkili İqtisadiyyat Nazirliyinə tapşırıldığı üçün daha geniş məlumatla bağlı bu quruma müraciət edilməsi məqsədəuyğundur. Öz növbəsində İqtisadiyyat Nazirliyindən isə bildirilib ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında əksini tapan tədbirlərin icrasının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd olunan hədəflərə nail olunması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində davam etdirilməsi nəzərdə tutulur.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun