Terapiyada LGBTİQ+ inkluziv mühit… Varmı?

Terapiyada LGBTİQ+ inkluziv mühit… Varmı?
29 İyun 2022
Mətni dəyiş

“Psixoloqlar anama demişdi ki, kişilərə maraq məndə keçici bir şeydir. Zamanla düzələcək”, - hazırda Lənkəranda yaşayan 23 yaşlı Səlim (şərti ad) xatırlayır. Bu kimi yanaşmalar onda psixoloqlara qarşı inamsızlıq yaradıb.

Azərbaycanda LGBTİQ+ların üzləşdiyi ən vacib problemlərdən biri psixoloji dəstək xidməti ilə bağlıdır. Bu cür sosial qruplarla işləyə biləcək mütəxəssislərin əlçatımlı olmaması hələ də aktual olaraq qalır.

Səlim deyir ki, yeniyetmə yaşlarından cinsi oriyentasiyasına görə həm orta məktəbdə, həm də ailəsi və qohumları tərəfindən psixoloji təzyiqlərə məruz qalıb. Sonradan anasının təkidi ilə bir neçə psixoloqa müraciət edib. Dediyinə görə, psixoloqlar onun anasına cinsi meylliliyinin ötəri bir “xəstəlik” kimi olduğuna və bunun keçəcəyinə inandırıblar.

Homoseksuallıq uzun illər mental pozğunluq kimi tanınsa da, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 1994-cü ildən Xəstəliklərin Beynəlxalq Təsnifatından çıxarılıb və artıq psixi pozuntu kimi qəbul edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi də 2005-ci ildən bəri təsnifata istinad etdiyi üçün homoseksuallığı xəstəlik kimi tanımır.   

Buna baxmayaraq psixoloqlara və psixiatrlara müraciət edən kuirlər başqa reallıqla qarşılaşırlar.

“Məni Bakıda LGBTİQ+larla iş təcrübəsi olan bir qadın psixoloqa da yönəltmişdilər. Aylarla ona yalnız problemlərimi danışdım, pulumu xərclədim. Sonda isə mənə dediyi o oldu ki, kişilərə meylli olmağım doğru deyil”, - Səlim bildirir.

O, daha əvvəlki psixoloqlarla da oxşar təcrübəni yaşadığı üçün artıq etibarının qalmadığını deyir. “İndi rayonda anamla bir yerdə qalıram. Anamın münasibəti əvvəlki illərlə müqayisədə neytraldır. Amma aldığım psixoloji təzyiq, travmalarımın təsiri hələ də qalır. Savadsız psixoloqlara heç bir problemi izah etmək olmur”, - Səlim qeyd edir.

Gender aktivisti Lili Nəzərovun sözlərinə görə, Azərbaycanda psixoloqların çoxu kiminsə oriyentasiyasını dəyişə biləcəyini düşünür. Aktivist bildirir ki, təhsil müəsisəsində psixoloji dəstək sahəsində kuirlərlə iş metodikası öyrədilmədiyi üçün psixoloqların çoxu məsələyə mental dəyərlər, ya da öz şəxsi baxışları ilə yanaşır.  “Azərbaycanda bu sahədə olan mütəxəssislər nəzəri olaraq gender mövzularında məlumatlı olsalar da, praktikada o qədər də bilikli deyillər. Ümumiyyətlə, kuirlərə açıq psixoloq tapmaq çətindir. Hətta olanlar belə, qeyri-binar, transgenderlər haqda tam bilikli deyillər”, - Nəzərov bildirir. Aktivist psixoloji xidmətin əlçatan ola bilməsi üçün təhsil müəssisələrində kuirlərlə iş təcrübəsinin öyrədilməli və bu maariflənmədə dövlət nəzarətinin vacib olduğunu deyir. Azərbaycanda psixoloji xidmətlə bağlı həssas qruplar arasında ən çox çətinliklərlə üzləşənlər transgenderlərdir. 28 yaşlı Banu qeyd edir ki, üz tutduğu psixoloq və psixiatrlarla təcrübəsi uğursuz olduğu üçün o, belə qənaətə gəlib ki, Azərbaycanda xüsusilə transgenderlərlə bağlı mütəxəssislər çox məlumatsızdır, yanaşmaları da yanlışdır. Bu səbəbdən psixoloji dəstək onlar üçün əlçatmazdır. “Terapiyamı transgender olaraq almaq istəyirdim. Yerli QHT-lərdən biri məni psixiatra yönəltdi. İlk seanslarda hər şey normal idi. Sonra isə psixiatr dedi ki, onun daha əvvəl transgenderlərlə işləmək təcrübəsi olmayıb. Mənə qarşı aqressiv deyildi, amma məlumatlı olmadığı aydın görünürdü”, - terapiyanı xatırlayan Banu deyir ki, psixiatr ona qarşı dəfələrlə “deadnaming” edib, yəni doğuşdan təyin olunan adı ilə müraciət edib.

“Yaxud daha əvvəllər qəbulunda olduğum psixoloq problemlərimi kənara qoyub mənə “aktiv”, “passiv” olmağımla bağlı intim suallar verirdi. Elmi olmayan söhbətləri və sualları məni narahat edirdi. Ona görə də görüşlərimi sonralar davam etmədim”, - o deyir.

“ILGA-Europe” təşkilatının 2021-ci ilə dair hesabatında da bu problem öz əksini tapıb. Hesabatda qeyd edilir ki, psixoloq və sosial media fenomeni Samirə Bağırova öz İnstagram səhifəsində paylaşdığı “Cinsi tərbiyə niyə vacibdir?” videosunda cavab olaraq bu fikri səsləndirib: “eynicinsli münasibətlərin və cinsiyyət dəyişkənliyinin aradan qaldırılması üçün vacibdir”. O, eyni zamanda cinsi tərbiyə adı altında konversiya (bərpaedici) terapiyasını tövsiyə edib.

Lakin bu, psixoloq Bağırovanın ilk belə çıxışı deyil. 2021-ci ilin sentyabr ayında yerli mediaya verdiyi müsahibələrin birində homoseksuallığın vərdiş və birbaşa psixoloji pozuntu kimi təsvir edərək eynicinsli münasibət yaşayanların əslində heç də elə olmadıqlarını deyib.

“Bu, onların şüuraltıdır….İstəyir lezbiyanlar, transeksuallar olsun, istəyir geylər, biseksuallar olsun, hamısının təməlində uşaqlığı ilə bağlı travmaları var. Ümumi adı valideyn nəzarətsizliyidir. Ya bayaq dediyim yeniyetmə dönəmində başa salanı olmayıb, ya istismara, təcavüzə məruz qalıb, valideynləri tərəfindən atılıb”, - o vurğulayıb.

QueeRadar təmsilçisi Leyla Həsənova deyir ki, psixoloq, siyasətçi, həkim və s. kimi statusa sahib şəxslər cəmiyyətdə dominant kəslər kimi qəbul edilir və onların diskriminativ fikirləri daha ciddi qəbul edilir. 

“Xüsusilə, Azərbaycan kimi konservativ ölkələrdə queer-inkluziv mühit olmadığı üçün queer-inkluziv fikirlər də tirajlana bilmir. Ona görə də fobik fikirlər norma kimi yayılır. Bu mənada queerfob fikirləri, kontentləri tirajlamamaq sağlam görünür”, o qeyd edir.

Psixoloq Cəmilə Rəhimlinin sözlərinə görə, LGBTİQ+ların psixoloji xidmət sahəsində üzləşdikləri çətinliklərdən biri bu sahədə mütəxəssislərin kifayət qədər bilikli olmamasından qaynaqlanır.  “Əgər bir psixoloq iddia edirsə ki, homoseksuallıq xəstəlikdir, bu, müalicə edilə bilər və o da bunu "müalicə edirsə", ona bu yöndə müraciətlər də çox olacaq. Halbuki bu, xəstəlik deyil”, - deyə Rəhimli əlavə edir ki, həssas qruplarla iş təcrübəsi üçün müəyyən müddət ixtisaslaşmaq lazımdır. 

Gender Resurs Mərkəzində psixoloji dəstək layihəsinin koordinatoru Ayxan Osmanlı bildirir ki, mərkəzdə 2020-ci ilin ortalarından bəri ödənişsiz psixo-sosial konsultasiya və dəstək proqramı fəaliyyət göstərir. “Yarım il əvvəl əsasən 1 illik periodu əhatə edən sorğu keçirmişdik. Benefisiarların 90%-i qeyd edir ki, onlara mərkəzimiz tərəfindən göstərilən psixo-sosial dəstək müsbət təsir edib”. Layihə koordinatoru onu da qeyd edir ki, bu günə kimi dəstək proqramından təxminən 160 kuir vətəndaş yararlanıb. 

Aktivist Lili Nəzərov deyir ki, tam ideal səviyyədə olmasa da, əvvəlki illərlə müqayisədə kuirlərə açıq olan mütəxəssislərin sayında çoxalma müşahidə edilir.

“Səbəb odur ki, artıq kuirlər cəmiyyətdə öz kimliklərini gizlətmirlər, bu vəziyyət də tələb edir ki, onlarla işləyən psixoloqlar olsun”.

Gülər Abbasova

Məqalə QueeRadar platformasının mentorluq proqramı çərçivəsində hazırlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun