Nigar Həzi: “Tofiq Yaqublunun səhhəti getdikcə pisləşir, təcili müayinə lazımdır”

Nigar Həzi: “Tofiq Yaqublunun səhhəti getdikcə pisləşir, təcili müayinə lazımdır”
6 May 2026
Mətni dəyiş

Müsavat Partiyası və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun səhhətində problemlərin ağırlaşdığı bildirilir.

Bu barədə siyasətçinin qızı Nigar Həzi məlumat yayıb. Onun sözlərinə görə, son günlər Yaqublunun vəziyyəti daha da pisləşib:

“Bu gün atadan xəbər almışıq. Dünən onun halı yenə pisləşib. Ağrıkəsici vurublar. Hələ də bilmirik o karantindədir, ya yox. İndi vəziyyəti necədir bilmirik. Səhhətindəki problem getdikcə daha da dərinləşir. Təcili müayinəyə ehtiyac var. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Tofiq Yaqublunun əsaslı müayinəsini təmin edin”, - Nigar Həzi “Facebook” hesabında yazıb.

Nigar Həzi daha əvvəl yaydığı məlumatda atasının 17 saylı Cəzaçəkmə Müəssisəsində həftələrdir karantində saxlanıldığını bildirib. Onun sözlərinə görə, əlaqə imkanları da məhdudlaşdırılıb:

“Keçən həftə qanunla iki dəfə evə zəng imkanı olsa da, cəmi bir dəfə zəng edib. Bir az əvvəl atamla danışdım. Keçən həftə biz görüşəndə dizinin şişdiyini demişdi. Görüşdən bəri danışmadığımız üçün dizinin necə olduğunu bilmirdik. İndi danışanda bildirdi ki, dizində şiş, şiddətli və dözülməz ağrılar var. Artıq qoltuqağacı ilə yeridiyini dedi. Baxmayaraq ki, keçən həftə biz ona dizlik alıb vermişik, ancaq məlum oldu ki, dizliyi hələ də ona verməyiblər. Həkim müayinəsi məhdudlaşdırılıb”.

Ailəsi iddia edir ki, Tofiq Yaqubluya qarşı qərəzli münasibət davam edir.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyi və digər cavabdeh rəsmi qurumlar açıqlama verməyib.

Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi onu dələduzluq və saxta sənəd hazırlama ittihamları ilə 9 il müddətinə azadlıqdan məhrum edib. İttihamları qəbul etməyən Yaqublu qərara etiraz olaraq 40 gün aclıq aksiyası keçirib.

Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə onun barəsində çıxarılan hökmü qüvvədə saxlayıb.

Yaqublu özünü təqsirli bilmir və qurama ittihamla həbs edildiyini bildirir. O, uzun illərdir hakimiyyətin tənqidçilərindən biri kimi tanınır və müxtəlif illərdə bir neçə dəfə saxlanılıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıdıqlarını bəyan ediblər.

Related News

Subscribe to stay updated