“Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

“Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7 May 2026
Mətni dəyiş

“Amerikanın Səsi”nin (Voice of America - VOA) prezidenti Maykl Abramoviç “Meydan TV işi” çərçivəsində həbs edilən müstəqil jurnalist və VOA-nın Azərbaycan xidmətinin əməkdaşı olmuş Ülviyyə Əli (Quliyeva) ilə bağlı paylaşım edib. O, jurnalistin həbsindən bir il keçdiyini xatırladaraq bunun ölkədə müstəqil mediaya qarşı təzyiqlər fonunda baş verdiyini vurğulayıb.

Abramoviç bildirib ki, 32 yaşlı Ülviyyə Əli uzun illər müstəqil media qurumları ilə əməkdaşlıq edib və siyasi baxımdan həssas mövzular barədə ölkə daxilindən reportaj hazırlamağa davam edən azsaylı jurnalistlərdən biri olub.

“Bir il əvvəl hakimiyyət orqanları Ülviyyəni Bakıdakı evində keçirilən polis reydindən sonra saxladı. Məlumatlara görə, o, fiziki zorakılığa məruz qalıb, mənzilində axtarış aparılıb və iş avadanlıqları müsadirə edilib”, - VOA prezidenti qeyd edib.

Paylaşımda bildirilir ki, jurnalistə qarşı Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb və bu maddə üzrə onu 8 ilə qədər həbs cəzası gözləyə bilər.

Maykl Abramoviç Ülviyyə Əlinin həbsinin Azərbaycanda müstəqil mediaya qarşı daha geniş təzyiq dalğasının tərkib hissəsi olduğunu bildirib:

“Onun həbsi ölkədə müstəqil mediaya qarşı daha geniş repressiya fonunda baş verir və bu, Ülviyyənin “Amerikanın Səsi” ilə əməkdaşlığına görə hədəfə alındığına dair narahatlıqları artırır”.

VOA prezidenti jurnalistin hələ də Bakıda istintaq təcridxanasında saxlanıldığını və həmkarlarının onun sağlamlıq durumu ilə bağlı ciddi narahatlıq keçirdiyini vurğulayıb.

“Ülviyyə kimi VOA jurnalistlərinin rolu həyati əhəmiyyət daşıyır. Onlar azad medianın olmadığı cəmiyyətlərdə insanlara ABŞ və digər məsələlər haqqında doğru və dəqiq məlumat çatdırırlar”, - Abramoviç bildirib.

O qeyd edib ki, Ülviyyə Quliyeva 2019–2026-cı illərdə “Amerikanın Səsi”ndə fəaliyyəti dövründə ABŞ-nin xarici siyasət məqsədlərinə dəstək verib.

VOA rəhbəri Azərbaycan hakimiyyətinə çağırış edərək bildirib:

“Azərbaycan hakimiyyətini Ülviyyənin təhlükəsizliyini təmin etməyə, ona qarşı irəli sürülmüş ittihamları ədalətli və şəffaf şəkildə nəzərdən keçirməyə və azadlığa buraxılması istiqamətində uyğun addımlar atmağa çağırırıq”.

Abramoviç paylaşımında həmçinin Vyetnamda “Amerikanın Səsi” ilə əməkdaşlığa görə həbsdə saxlanılan jurnalistlər Pham Chi Dung və Le Anh Hungu da xatırladıb və onların da azadlığa buraxılmasına çağırış edib.

Müstəqil jurnalist Ülviyyə Əli 2025-ci il mayın 6-da “Meydan TV işi” üzrə saxlanılıb. Ona əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq ittihamı irəli sürülüb. Sonradan ittihamların ağırlaşdırıldığı bildirilib.

Ülviyyə Əli özünü təqsirli hesab etmir və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.

Yerli hüquq müdafiəçilərinin hesabatına görə, hazırda Azərbaycanda 340 siyasi məhbus var. Rəsmi qurumlar isə ölkədə siyasi motivli həbslərin olması barədə iddiaları qəbul etmir və saxlanılan şəxslərin konkret qanun pozuntularına görə məsuliyyətə cəlb olunduğunu bildirirlər.

 

Related News

Subscribe to stay updated