“Turan” İnformasiya Agentliyi fevralın 15-də və 18-də “Day az” saytında dərc olunan diffamasiya xarakterli məqalə ilə bağlı bəyanat verib. Bəyanatda qeyd edilib ki, saytın dərc etdiyi məqalələrdə müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edib.
“Turan” ölkədə dövlət tərəfindən maliyyələşdirilməyən yeganə müstəqil informasiya agentliyi olduğunu, agentliyə yönələn hücumların isə məqsədyönlü şəkildə təşkil edildiyini bəyan edib.
Bəyanatda ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyindən (USAID), Milli Demokratiya Fondundan (NED), Avropa Demokratiya Fondunun (EED) və "Mediazona" fondundan alınan qrantlarla bağlı yayılan məlumatların media qurumunu nüfuzdan salmağa yönələn dezinformasiya olduğu bildirilib.
““Turan” müstəqil media qurumu kimi yalnız Azərbaycan qanunvericiliyi çərçivəsində və peşəkar, etik jurnalistika prinsiplərinə uyğun fəaliyyət göstərir. Məqalələrdə təqdim olunan rəqəmlər və ittihamlar həqiqətə uyğun deyil”, – deyə bəyanatda bildirilib.
“Media haqqında”qanuna istinad edən “Turan” “Day az”- dan cavab hüququnun təmin edilməsini və bu bəyanatı saytında dərc etməyi tələb edib. Agentlik haqqında yayılan iddialarla bağlı arqumentlərini aşağıdakı kimi formalaşdırıb.
1. “Turan” heç vaxt ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyindən (USAID) maliyyə almayıb. Müəlliflərin 2010-2020-ci illər arasında agentliyin hesablarına guya ən azı 2 milyon dollar köçürüldüyü barədə iddiaları tamamilə yalandır.
2. 2015-2023-cü illər arasında agentliyin insan haqları və mətbuat azadlığı ilə bağlı "müstəqil" hesabatlar hazırlamaq üçün Milli Demokratiya Fondundan (NED) iri məbləğdə vəsait aldığı iddiası da əsassızdır. “Turan” “NED”-dən heç bir maliyyələ almayıb və göstərilən dövrdə bu qurum tərəfindən maliyyələşdirilməyib.
3. Məqalədə iddia olunur ki, 2024-cü ildə “Turan” Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən 18.771 manat alıb. Bu iddia əsassızdır - “Turan” belə vəsait almayıb.
4. Müəlliflər həmçinin “Turan”ın Çexiyanın hərbi attaşesindən 68.946 manat aldığı və bu vəsaitin "abunəlik" adı altında gizlədildiyi barədə iddia irəli sürüb. Belə bir ödəniş mövcud deyil. Bu, açıq şəkildə saxtakarlıqdır.
5. Məqalədə iddia edilir ki, 2023-cü ildə “Turan”ın gəliri 600.000 manatdan çox olub və bunun əhəmiyyətli hissəsi Avropa səfirlikləri və fondları, o cümlədən Avropa Demokratiya Fondu (EED), “USAID” və Qərb kəşfiyyat xidmətləri ilə əlaqəli strukturlardan daxil olub. Bu, böhtandır. Agentliyin gəliri qeyd olunan məbləğdən dəfələrlə az olub və yalnız informasiya məhsullarının satışı nəticəsində formalaşıb. “Turan” bu strukturlardan heç bir maliyyə almayıb.
6. Avropa Demokratiya Fondunun (EED) guya 2022-ci ildə agentliyə analitik materialların hazırlanması üçün 120 min avro ayırdığı iddiası tamamilə yalandır. “EED” heç vaxt “Turan”ı maliyyələşdirməyib.
7. Məqalədə bildirilir ki, Fransa strukturları “Turan”ı fəal şəkildə dəstəkləyib, xüsusilə 2021-ci ildə agentlik "Mediazona" fondundan 50.000 avro alıb. Bu da növbəti saxta iddiadır - “Turan” "Mediazona" və ya oxşar qurumlardan heç vaxt maliyyə almayıb.
Agentliyin yaydığı bəyanatda həmçinin qeyd edilib ki, “Day az”ın fevralın 18-də yaydığı ikinci məqalədə agentliyin informasiya xidmətlərinin satışından əldə etdiyi qanuni gəliri “xarici maliyyələşmə” kimi təqdim olunub.
“Məqalədə 2020-2024-cü illər arasında “Turan”ın guya xaricdən 180.596 manat aldığı qeyd edilir və bu, xarici müdaxilənin sübutu kimi təqdim olunur. Lakin, əslində, bu, agentliyin xəbər və analitik materiallarının satışından əldə etdiyi qanuni kommersiya gəlirləridir”, – deyə bəyanatda vurğulanıb.
Dərc olunan ittihamların “Media haqqında” qanunun tələblərini pozduğunu bəyan edən “Turan” yaydığı bəyanatın cavab haqqı kimi “Day az” saytında dərc olunmayacağı halda, öz nüfuzunu qorumaq üçün hüquqi addımlara baş vuracağını bildirib.