Azərbaycan hökuməti “BBC News Azərbaycanca”nın Bakıda fəaliyyətinin dayandırılmasını tələb edib

Azərbaycan hökuməti “BBC News Azərbaycanca”nın Bakıda fəaliyyətinin dayandırılmasını tələb edib Foto: BBC Azərbaycan
20 February 2025
Mətni dəyiş

“BBC” Azərbaycanın Xarici İşlər Nazirliyindən aldığı şifahi göstərişdən sonra müxtəlif kanallar vasitəsilə izahat tələb etsə də, bir nəticə əldə edə bilməyib 

Azərbaycan hökuməti “BBC News”un Bakıda yerləşən Azərbaycan xidmətinin fəaliyyətinin dayandırılması barədə göstəriş verib. “BBC”nin cümə axşamı yaydığı bəyanatda bildirilib ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən şifahi göstəriş alandan sonra ölkədəki ofisini bağlamaq barədə “istəksiz qərar” qəbul etməli olublar.

Media qurumu “mətbuat azadlığına qarşı bu məhdudlaşdırıcı addımı” dərin təəssüflə qarşıladığını bildirib.

Hökumətyönümlü media ötən həftə “BBC Azərbaycanca”nın əməkdaşlarının sayını bir nəfərə endiriləcəyi barədə məlumat vermişdi.

BBC bəyan edib ki, Bakıda fəaliyyət göstərən jurnalistlər qrupu bu göstərişlə bağlı izahat gözlədiyi müddətdə peşə fəaliyyətlərini dayandırıblar. Bununla belə, qurum Azərbaycan dilində xəbər yayımını davam etdirmək əzmindədir.

“Biz mətbuat azadlığına qarşı bu məhdudlaşdırıcı addımı dərin təəssüflə qarşılayırıq. Bu, Azərbaycandan və azərbaycanlılar üçün xəbər yayımımıza ciddi maneə yaradacaq”, – deyə “BBC”nin sözçüsü bəyanatında bildirib.

“BBC” Azərbaycan hökumətindən heç bir yazılı sənəd almadığını və məsələ ilə bağlı müxtəlif kanallar vasitəsilə izahat tələb etdiyini vurğulayıb. Azərbaycanın Xarici İşlər Nazirliyi isə “BBC”nin şərh tələbinə hələ də cavab verməyib.

“BBC Azərbaycanca” xidməti yayımlarına 1994-cü il noyabrın 30-da başlayıb. 2008-ci ilin dekabrında Azərbaycan Televiziya və Radio Şurası xarici radioların milli tezliklərdə yayımını dayandırmaq haqqında qərar verib. 2009-cu il yanvarın 1-dən “BBC Azərbaycan”, “BBC English”, “BBC Rus” və “BBC Türk” xidmətlərinin proqramlarının FM tezliyində yayımı dayandırılıb.

Mərkəzi Asiya və Qafqaz Departamentinin tərkibində olan Azərbaycan xidməti qısa dalğalarda və Hotbird 8 peykində yayımını davam etdirib. 2011-ci martın 25-dən isə “BBC Azərbaycan” xidmətinin radiosu “BBC Dünya” xidmətini maliyyələşdirən Britaniya hökumətinin ictimai sektorda xərcləri azaltması nəticəsində fəaliyyətini dayandırmalı olub.

“BBC Azərbaycanca” 2011-ci ilin martından sonra öz fəaliyyətini internet səhifəsində davam etdirib xəbərlər, təhlillər və reportajlar dərc edib.

Fevralın 13-də hökumətyönümlü media Azərbaycan ərazisində fəaliyyət göstərən “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” redaksiyalarının işinin məhdudlaşdırılacağı barədə məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan mövcud uyğunsuzluğun aradan qaldırılması üçün xarici KİV-in ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək qərarına gəlib.

"Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin Rusiya və Azərbaycanda təmsilçiliyində mövcud uyğunsuzluğun aradan qaldırılması üçün müvafiq olaraq, AZƏRTAC-ın Rusiyada nə qədər müxbiri işləyirsə, eyni sayda da "Rossiya seqodnya"nın ölkəmizdə müxbiri fəaliyyət göstərəcək. Hazırda söhbət bir tam ştatlı vəzifədən gedir", – yayılan məlumatda bildirilib.

Related News

Subscribe to stay updated