Aİ-nin Rusiya qazından imtina planı BP-nin Azərbaycandakı layihələri üçün yeni imkanlar açır

Aİ-nin Rusiya qazından imtina planı BP-nin Azərbaycandakı layihələri üçün yeni imkanlar açır
27 November 2025
Mətni dəyiş

Avropa İttifaqının (Aİ) 2028-ci ilə qədər Rusiyadan təbii qaz idxalını tam dayandırmaq planı Azərbaycanda BP-nin rəhbərlik etdiyi enerji layihələrinə əlavə üstünlük gətirə bilər. Azərbaycan hazırda Avropaya qaz ixrac edir və həcmləri artırmağı hədəfləyir.

Oktyabr ayında Aİ-yə üzv ölkələrin əksəriyyətinin enerji nazirləri Rusiyadan həm boru kəməri ilə, həm də maye təbii qaz (LNG) idxalını dayandırmağı nəzərdə tutan normativ sənədin layihəsini dəstəkləyiblər. Təşəbbüsə əsasən, 2026-cı ilin yanvarından yeni müqavilələrə qadağa qoyulacaq, qısamüddətli müqavilələr həmin ilin iyununa qədər, uzunmüddətli sazişlər isə 2028-ci ilin yanvarına qədər ləğv ediləcək.

Sənədi Avropa Parlamenti təsdiqləsə, Azərbaycanda həyata keçirilən və BP-nin idarə etdiyi qaz layihələri üçün ciddi üstünlük yaradacaq.

“OC Media” yazır ki, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı müharibə başlamasından sonra Aİ qurumları rus qazı alışını azaltsa da, bəzi ölkələr, o cümlədən Macarıstan və Slovakiya hələ də boru kəmərləri vasitəsilə qaz alır. Fransa, İspaniya və Niderland isə Rusiya LNG-sini idxal edir. Buna baxmayaraq, ümumi tendensiya eniş istiqamətindədir: 2021-ci ildə Aİ qazının 45 faizini təmin edən Rusiya 2024-cü ildə bu payı 13 faizə salıb.

Aİ Rusiya qazından asılılığı azaltmaq üçün 2022-ci ilin iyulunda Azərbaycanla illik qaz idxalını 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırmaq barədə Anlaşma Memorandumu imzalayıb. Sənədi imzalamaq üçün Bakıya səfər edən Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Azərbaycanı “etibarlı tərəfdaş” adlandırmışdı.

Azərbaycanın ən böyük qaz yatağı olan Şahdənizdə təxminən 1 trilyon kubmetr ehtiyat var. Layihədə BP 29,99 faiz paya malikdir. Digər tərəfdaşlar SOCAR, MOL, Lukoil və İranın NICO şirkətidir.

2020-ci ilin dekabrından etibarən Şahdəniz qazı Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya, əsasən İtaliyaya göndərilir. Azərbaycanın qazını alan ölkələr arasında Yunanıstan, Bolqarıstan, Macarıstan, Rumıniya və Sloveniya da var. Qaz Gürcüstan və Türkiyəyə də ixrac olunur.

2024-cü ildə Avropaya ixrac 12,9 milyard kubmetrə çatıb (2021-ci ildə bu rəqəm 8,1 milyard kubmetr idi). Bu il göstəricinin 13,5 milyard kubmetrə yüksələcəyi proqnozlaşdırılır.

BP və tərəfdaşları öhdəlikləri yerinə yetirmək üçün Xəzər dənizində mövcud və yeni bloklarda araşdırmaları genişləndirib. 2025-ci ilin iyununda BP rəhbərliyindəki konsorsium Şahdənizdə əlavə 50 milyard kubmetr qaz çıxarmağa imkan verəcək yeni kompressor platforması üçün 2,9 milyard dollarlıq investisiyanı təsdiqləyib.

BP həmçinin Azər-Çıraq-Günəşli yatağından (AÇG) dərin qaz ehtiyatlarını çıxarmağa yönəlmiş ACG Deep Gas layihəsinə rəhbərlik edir. Layihə üzrə hasilat gələn ilin əvvəlində başlayacaq.

Bu və digər layihələr hesabına Azərbaycanın illik qaz ixracının növbəti beş ildə 8 milyard kubmetr artacağı gözlənilir.

Enerji analitiki İlham Şaban “OC Media”ya bildirib ki, Azərbaycan qaz hasilatını artıra bilər, lakin əlavə həcmlərin tam olaraq hara yönələcəyi hələlik qəti deyil. Onun sözlərinə görə,, Aİ Azərbaycan qazına tələbat göstərsə də, uzunmüddətli müqavilələr bağlamaq və boru kəməri infrastrukturunu genişləndirmək məsələsində tərəddüd edir. Bu səbəbdən Bakı birbaşa ikitərəfli razılaşmalara üstünlük verir.

Məsələn, Almaniyanın “Uniper AG” şirkəti Azərbaycanla ildə ən azı 1,5 milyard kubmetr qaz idxalına dair 10 illik müqavilə imzalayıb.

Prezident İlham Əliyev də Avropa bazarının prioritet olaraq qalacağını bildirib. Onun sözlərinə görə, SOCAR iyul ayında Türkiyə vasitəsilə Suriya bazarına illik 1,2 milyard kubmetr qaz göndərməyə başlasa da, əsas istiqamət yenə də Avropadır.

“Bizim təbii qaz üçün əsas istiqamətimiz Avropadır”, - Əliyev “Al Arabiya”ya müsahibəsində deyib. O, Azərbaycanın hazırda 10 Avropa ölkəsinə qaz satdığını xatırladıb və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artacağını vurğulayıb.

Qaz hasilatı artsa da, Azərbaycanın neft çıxarışı son on ildə davamlı şəkildə azalır. Ölkənin əsas neft yatağı olan AÇG 2025-ci ilin ilk yarısında 59 milyon barrel (gündə 327 min barrel) hasil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə azdır.

Lakin azalma templəri zəifləyib. BP-nin 6 milyard dollarlıq Azeri Central East (ACE) platforması 2024-cü ilin aprelindən hasilata başlayıb və ilk altı ayda gündəlik 25 min barrel hasilat verib. ACE ümumilikdə 100 min barrel/günə qədər əlavə hasilat imkanı yarada bilər.

Related News

Subscribe to stay updated