Afiəddin Məmmədov 2 saylı CÇM-də siyasi məhbusların təzyiq və hədələrə məruz qaldıqlarını deyir

Afiəddin Məmmədov 2 saylı CÇM-də siyasi məhbusların təzyiq və hədələrə məruz qaldıqlarını deyir Foto: Azadlıq Radiosu
27 November 2025
Mətni dəyiş

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədov saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsindəki vəziyyətlə bağlı ictimaiyyətə müraciət edib. Onun müraciətini yaxınları yayıb.

Məmmədov müraciətində müəssisədə qanunsuzluqların və məhbuslara qarşı təzyiqlərin davam etdiyini bildirib:

“2 saylı Cəzaçəkmə Müəssisəsinin dövlət müəssisəsi və ya Vüsal Aslanovun şəxsi mülkü olması bilinmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Fərid Əhmədov, Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov hara baxır?”

O qeyd edib ki, müəssisə rəisi Vüsal Aslanov özbaşınalıqla məşğuldur, məhbusların şikayətlərinə baxılmır və problemlərin həllində maraq göstərilmir:

“Dövlət müəssisələrinə 2 saylı Cəzaçəkmə Müəssisəsindən yönləndirilən şikayətlərin qarşısı alınır, şikayətlərə əhəmiyyət verilmir. Hədə-qorxu, təhdid, işgəncələrə etiraz edən məhbusları susdurmağa çalışırlar”.

Məmmədov bildirib ki, son günlər siyasi məhbuslara təzyiqlər artıb və bəzi məhbuslar hədələnib:

“Siyasi Məhbusların Müdafiəsi Komitəsi ilə bağlı bəyanatımızdan sonra Samir Aşurovu və Mehman Əliyevi çağıraraq hədə-qorxu gəliblər”.

Onun sözlərinə görə, bütün siyasi məhbuslara yalnız şüşə arxasından görüş verilir, telefonla danışmaq hüququ isə faktiki məhdudlaşdırılıb:

“Telefonla danışmaq hüququmuzdan istifadə edə bilməyək deyə, adlarımızı sayımda ən sonda çağırırlar. Növbə çatmadığına görə danışa bilmirik”.

Məmmədov hökuməti müəssisədəki problemləri aradan qaldırmağa çağırıb və hər hansı mümkün təxribatın məsuliyyətini rəsmilərin üzərinə qoyub:

“Ucuz variantlarla bizi həqiqəti deməkdən saxlaya bilməyəcəklər. Bəyan edirik ki, bizə qarşı hər hansı provokasiya baş verərsə, siyasi sifarişçi Azərbaycan hökuməti, icraçıları isə Fərid Əhmədov və Mirsaleh Seyidovdur”.

Afiəddin Məmmədov 2023-cü ilin sentyabrında tanımadığı şəxsi bıçaqlamaq ittihamı ilə saxlanılıb. 2025-ci ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsi onu 8 il azadlıqdan məhrum edib. O, Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib.

“İşçi Masası” Konfederasiyasına qarşı həbslər kuryerlərin 2023-cü ilin avqust etirazlarından sonra başlayıb. Təşkilatın bir neçə üzvü daha sonra narkotik ittihamı ilə həbs edilib. Yerli hüquq müdafiəçiləri onların siyasi məhbus olduğunu bildirirlər. Rəsmilər bu iddiaları rədd edir.

Related News

Subscribe to stay updated