Azərbaycan və Ermənistan gələn ilin hərbi xərclərini artırıb

Azərbaycan və Ermənistan gələn ilin hərbi xərclərini artırıb Foto: Oxu az
30 September 2024
Mətni dəyiş

Sülh danışıqlarının davam etdiyi bir vaxtda iki ölkə arasında gərginlik səngimir, xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən son görüşündə tərəflər dövlətlərarası münasibətlərin ən qısa müddətdə qurulması istiqamətində əlavə səylər göstərməyə razılıq verib

Sentyabrın 26-da Ermənistan hökuməti 2025-ci il üçün hərbi büdcəni 665 milyard dram (1.7 milyard dollar) artıracağını bildirib. Hərbi xərclər sosial xərclərdən sonra, təxminən 2.9 trilyon dramla (7.5 milyard dollar) ikinci ən yüksək büdcə maddəsi olacaq.

Sülh danışıqları fonunda həm Ermənistan, həm də Azərbaycan silahlı qüvvələrinə güclü investisiya qoyur.

“Bu vəsaitlər səmərələri xərclənərsə, gələcək illərdə ciddi dəyişikliklərə səbəb ola bilər”, –  hərbi analitik və “APRI” Armenia analitik mərkəzinin tədqiqatçısı Leonid Nersisyan  “X” səhifəsində yazıb.

Nersisyan Azadlıq Radiosuna verdiyi müsahibədə deyib ki, Ermənistanın müdafiə xərcləri əhəmiyyətli dərəcədə artıb. Onun sözlərinə görə, ölkənin hərbi büdcəsi 2020-ci il Dağlıq Qarabağ müharibəsindən əvvəl 700 milyon dollardan çox olmayıb.

Nersisyan qeyd edib ki, Azərbaycanın hərbi büdcəsi hələ də Ermənistana nisbətən iki dəfə artıq olsa da, aralarındakı fərq azalır.

“Məsələn, 2013-cü ildə beş-altı dəfə kiçik büdcəmiz olub. Keçən il fərq təxminən 2,5 dəfə idisə, indi [Azərbaycanın hərbi büdcəsi] iki dəfə çoxdur”, –  deyə o vurğulayıb.

“Birinci dərəcəli prioritet

Bu açıqlama Azərbaycanla gərginliyin artmaqda davam etdiyi bir vaxtda verilib.

Çərşənbə günü Azərbaycan ilk dəfə olaraq Pakistan istehsalı olan CAC/PAC “JF-17 Thunder” döyüş təyyarəsi alıb. Azərbaycan Çin-Pakistan birgə istehsal etdiyi təyyarələrdən müəyyən sayda almaq üçün müqavilə imzalayıb.

Azərbaycanın hərbi büdcəsi 2003-cü ildə prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra davamlı olaraq artıb. Ölkənin 2025-ci il üçün bu istiqamətdə xərcləri 9.4 milyard manat (5.5 milyard dollar) olacaq.

Sentyabrın 23-də Əliyev VII Çağırış Milli Məclisinin ilk iclasında deyib ki, Azərbaycanın birinci prioriteti hərbi gücü daha da artırmaqdır

“İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı artıq keçmişdə qalsa da, dünyada gedən proseslər – yeni münaqişələr, müharibə zonalarının yaranması, ətrafımızda gərginliyin artması, Ermənistanda qisasçılıq meylləri bizi bu sahəni hər zaman diqqət mərkəzində saxlamağa məcbur edir”, –  deyə Əliyev vurğulayıb.

“Hərbi güc olmasa, biz heç bir sahədə – nə iqtisadi, nə də siyasi sahədə uğur qazana bilmərik” deyən İlham Əliyev əlavə edib ki, hərbi qabiliyyət və güc olmasaydı, heç vaxt torpaqları işğalçılardan azad edə bilməzdilər.

Sülh danışıqları şəraitində silahlanma yarışması 

Ermənistan və Azərbaycanın hərbi xərcləri artırması iki ölkənin uzun müddətdir gözlənilən sülh razılaşmasına nail olmağa çalışdığı bir vaxtda baş verir.

Amma son gərginliklərə baxmayaraq, danışıqlar davam edir. Cümə axşamı ABŞ-ın dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Nyu-Yorkda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında görüş keçirilib. Məlumata görə, tərəflər sülh sazişinin bağlanması və dövlətlərarası münasibətlərin “ən qısa müddətdə” qurulması istiqamətində əlavə səylər göstərməyə razılaşıblar.

Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Related News

Subscribe to stay updated