Danışmayıb yenidən namizəd olan keçmiş deputatlar

Danışmayıb yenidən namizəd olan keçmiş deputatlar
26 August 2024
Mətni dəyiş

Sentyabrın 1-nə təyin edilən növbədənkənar parlament seçkilərində VI çağırış Milli Məclisin sessiyalarında heç çıxış etməyən deputatlar yenidən namizədliklərini irəli sürüblər. “Abzas Media“ parlamentin monitorinqini həyata keçirən “meclif.info“ saytının topladığı məlumatlar əsasında həmin deputatları təqdim edir.

Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən 67 yaşlı Ağalar Vəliyev 2010-cu ildən Milli Məclisin deputatıdır. O, qarşıdan gələn parlament seçkilərində namizədliyini 57 saylı Xaçmaz şəhər seçki dairəsindən irəli sürüb. Buna qədər 97 saylı Goranboy-Ağdan Tərtər seçki dairəsindən olan seçiciləri təmsil edən Ağalar Vəliyevin parlamentdə sonuncu çıxışı 2019-cu ildə qeydə alınıb.

Ağalar Vəliyev - YAP, Foto: Milli Məclis

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olmuş keçmiş deputat Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edib. "Şöhrət" və 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilib.

İştirak etdiyi son seçkinin rəsmi nəticələrinə görə, Vəliyev 68,1% səslə rəqiblərini geridə qoyub.

YAP-dan olan daha bir namizəd Mixail Zabelin isə 1990-ci ildən deputat kürsüsünü tərk etməyib. 78 yaşlı Zabelin XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, müstəqillikdən sonra isə I, II, III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub. Hazırda o, namizədliyini 34 saylı Xətai ikinci seçki dairəsndən irəli sürüb. Sonuncu dəfə Milli Məclisdə 2017-ci ildə çıxış edən Zabelin  yenə də parlamentdə Xətai sakinlərini təmsil etmək niyyətindədir.

Mixail Zabelin - YAP, Foto: Milli Məclis

"Şöhrət" ordeni və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib. Rusiya Federasiyasının "Dostluq" ordeninə, Rus Pravoslav Kilsəsinin Sergiy Radonejski və Serafim Sarovski ordenlərinə, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının və Moskva şəhəri Hökumətinin fəxri fərmanlarına layiq görülüb..

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Mədəniyyət komitəsinin üzvü, Hesablayıcı komissiyasının katibi olan keçmiş deputat iştirak etdiyi son seçkilərin nəticələrinə görə, 35,2% səs toplayıb.

YAP-ın 66 yaşlı namizədi İmamverdi İsmayılov isə 1995-ci ildən deputat kürsüsündə əyləşib. O da partiyadaşı Mixail Zabelin kimi I, II, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı olub. Hazırda isə 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə  deputatlığa namizəd İsmayılov elə indi də qarabağlıları təmsil etmək istəyindədir.

İmamverdi İsmayılov-YAP, Foto: Milli Məclis

Əməkdar jurnalistdir. «Şöhrət» ordeni ilə təltif edilib. «Qızıl qələm» mükafatı laureatıdır.

İştirak etdiyi son seçki nəticələrinə görə, 40% səs toplayan İmamverdi İsmayılovun VI çağırış boyunca dərc olunan Milli Məclis stenoqramlarında adına rast gəlmək mümkün olmayıb. O, parlamentdə bir kəlmə də olsun çıxış etməyib.

71 yaşlı birətəf namizəd Anatoliy Rafailov Milli Məclisin VI çağırış deputatı olub. Buna qədər 53 saylı Quba-Qusar seçki  dairəsindən olan seçiciləri təmsil edən keçmiş deputat hazırda 60 saylı Quba-Qusar seçki dairəsi üzrə namizədliyini irəli sürüb.

Anatoliy Rafailov- bitərəf, Foto: Milli Məclis

2020-ci ildən deputat olan Rafailov VI çağırış boyunca Milli Məclisdə keçirilən 175 plenar iclasın heç birində çıxış etməyib. Milli Məclisin Səhiyyə komitəsinin üzvü olmuş Anatoliy Rafailov Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun da rəhbəri olub. İştirak etdiyi son seçki nəticələrinə görə, o, 44,1% səs toplayıb.

58 yaşlı bitərəf namizəd Ülvi Quliyev Milli Məclisin III, IV, V,VI çağırış deputatı olub. Bu il 15 saylı Yasamal birinci seçki sairəsindən namizədliyini irəli sürən Quliyev 2005-ci ildən deputatdır.

Ülvi Quliyev- bitərəf, Foto: Milli Məclis

İştirak etdiyi son seçkilərin nəticələrinə görə, 40,6 % səs toplayan Ülvi Quliyev parlamentdə sonuncu çıxışını 2019-cu ildə edib. O, Milli Məclisin Səhiyyə komitəsi, Gənclər və idman komitəsinin üzvü olub.

Daha bir namizəd – Ülviyyə Ağayevanın adı Milli Məclisin V və VI çağırış deputatı kimi bitərəflərin siyahısında yer alıb. 46 yaşlı namizəd əvvəl olduğu kimi indi də 107 Saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə namizədliyini irəli sürüb.

Ülviyyə Ağayeva- bitərəf, Foto: Milli Məclis

2015-ci ildən deputat olan Ağayeva Milli Məclisdə sonuncu çıxışını 2016-cı ildə edib. Parlamentin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin üzvü olan Ülviyyə Ağayeva iştirak etdiyi son seçki nəticələrin nəticələrinə görə, 54,2% səs toplayıb.

Related News

Subscribe to stay updated