Azərbaycanda parlament seçkiləri ilə bağlı “gücləndirilmiş” polis rejimi elan edilib?

Azərbaycanda parlament seçkiləri ilə bağlı “gücləndirilmiş” polis rejimi elan edilib? Foto: BBC Azərbaycan
16 July 2024
Mətni dəyiş

Azərbaycan daxili işlər nazirinin müavini Oqtay Kərimov sentyabrda keçiriləcək parlament seçkiləri zamanı təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini, seçki məntəqələri ətrafında nəzarətin sərtləşdiriləcəyini və seçki qutularını polisin müşayiət edəcəyini açıqlayıb.

Kərimov bu barədə Mərkəzi Seçki Komitəsinin (MSK) Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı iyulun 10-da baş tutan iclasında bildirib.

“Seçkilərin normal keçirilməsinə mane olmaq niyyətində olan şəxslər operativ şəkildə müəyyən ediləcək və barələrində tədbirlər görüləcək”.

Kərimov bildirib ki, seçki məntəqələri bağlandıqdan sonra bülletenlərin hesablanması zamanı məntəqələr mühafizə olunacaq.

“Bülletenlər və səsvermə protokolları polis dəstələrinin müşayiəti ilə dairə seçki komissiyalarına, oradan isə Mərkəzi Seçki Komissiyasına çatdırılacaq”.

O, həmçinin polisin seçki günü etiraz aksiyalarının qarşısını alacağını bildirib.

“Seçki kampaniyası dövründə ictimai asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla müəyyən edilmiş qaydada təşkil olunmayan qanunsuz hərəkətlərin qarşısının alınması üçün zəruri tədbirlər görüləcək”.

Əlavə təhlükəsizlik tədbirlərinin arxasında duran səbəblər qeyri-müəyyən olaraq qalır və nazir müavininin çıxışı sonradan əksər dövlət və hökumətyönlü media qurumlarının saytından silinib.

Azərbaycanlı hüquq müdafiəçisi Bəşir Süleymanlı “OC Media”ya bildirib ki, tədbirlər barədə eşidəndə təəccüblənib.

“Düzdür, qanun polisə bülletenləri və protokolları müşayiət etməyi qadağan etmir, amma mən də nə baş verdiyini bilmək istəyirəm”, – deyən Bəşir Süleymanlı əlavə edib ki, əvvəllər heç vaxt belə bir şey olmayıb.

“Seçki zamanı [polisin] seçki bülletenlərini və protokolları müşayiət etmək qərarına gəlməsinə səbəb ola bilərdi?”, –  deyə Bəşir Süleymanlı sual edir.

Respublikaçı Alternativ (ReAl) partiyasından deputatlığa namizədliyini irəli sürən Natiq Cəfərli bir neçə hökumətyönlü media qurumunun yazdığını təkzib edərək deyib ki, polis seçki məntəqələrinə qanuni olaraq daxil ola bilməz.

“Polis yalnız seçki komissiyasının rəhbərinin tələbi və ya xahişi ilə, xüsusən təhlükəsizliklə bağlı hallarda xüsusi rəsmi protokol tərtib edildikdən sonra seçki məntəqəsində ola bilər”, –  deyə o, “OC Media”ya bildirib.

Cəfərli həmçinin təklif edib ki, polis əməkdaşlarının bülletenləri müşayiət etməsi Azərbaycan seçkilərində adi hal alan saxtakarlıq faktlarını azaltmayacaq.   

“Seçki sənədləri Mərkəzi Seçki Komitəsinə polis tərəfindən deyil, başqa şəxslər tərəfindən təqdim edilirsə, bu o deməkdirmi ki, bu sənədlər saxtalaşdırılmayacaq? Yox”,  – deyə Natiq Cəfərli əlavə edib.

Müxalifətdə olan Müsavat Partiyasının sözçüsü Mustafa Hacıbəyli “OC Media”ya bildirib ki, son illərdə hər bir namizədin səslərinin sayına dair protokollar, təəssüf ki, ayrı-ayrı məntəqələrdə deyil, dairə seçki komissiyalarında tərtib edilib.

“Əgər səsvermənin nəticəsi qanuni şəkildə sənədləşdirilsəydi, protokolların seçki məntəqələrinə çatdırılması üçün hansı avtomobildən istifadə edilməsinin heç bir əhəmiyyəti qalmazdı”, – Mustafa Hacıbəyli bildirib.

“5-ci kolon”?

Nazir müavininin əlavə təhlükəsizlik tədbirləri ilə bağlı çıxışına dair xəbər əvvəlcə dövlət və hökumətyönlü media qurumlarında geniş şəkildə yayılıb, bəziləri nazir müavininin sitatını dərc edərkən yanlışlığa da yol verib.

Az sonra APA, Azərtac və digər saytlarda dərc olunan məqalələr silinib. Nazir müavininin çıxışının ilkin görüntülərini paylaşan İctimai Televiziya da videonu silib.

Azərtac-da sonradan silinən yazı. Ekran görüntüsü Thewaybackmachine vasitəsilə götürülüb

Bir neçə saat sonra “OC Media”nın əlavə təhlükəsizlik tədbirləri ilə bağlı göndərdiyi sorğulardan sonra, hökumətyönümlü media agentliyi APA, “fincanda fırtına” yaratmağa çalışan  “5-ci kolon” haqqında məqalə dərc edib.

Silinmiş məqalələrin bəzilərində nazir müavininin çıxışındakı qanunsuz məqamlar, o cümlədən seçki məntəqələrində polisin ola biləcəyi yer alırdı.

Hökumətyönümlü Yeni Müsavat qəzeti də Kərimovun sitatını təhrif edərək dərc edib. Qəzetin yazdığı məqalədə “Vətəndaşlar seçki günü etik qaydalara əməl etməlidirlər” yazılıb, halbuki Kərimov polisin vətəndaşlarla davranışında etik qaydalara xüsusi diqqət ediləcəyini deyib. “Yeni Müsavat”ın saytındakı bu yazı digər saytlardan fərqli olaraq silinməyib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev “OC Media”ya bildirib ki, “nazirlik cinayətlərin qarşısının alınması, açılması, hüquq qaydasının qorunması kimi qanunla müəyyən edilmiş vəzifələrin icrasını davam etdirir

O, əlavə edib ki, vətəndaşların seçkidə öz iradəsini azad və sərbəst ifadə etməsi üçün yüksək təhlükəsizlik şəraiti yaradılacaq.

Hacıyev seçkilərlə bağlı hər hansı xüsusi hazırlıq işi aparılmadığını deyib və polisin səlahiyyətlərinə aid olmayan işlərə qarışmayacağını bildirib.

“Şəxsi heyət yalnız Seçki Məcəlləsindən irəli gələn aidiyyəti müddəaların tələblərinin həyata keçirilməsi, vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə vaxtında təmin edilməsi və yaşayış yeri üzrə qeydiyyata alınması vəzifələrinin yerinə yetirilməsi üçün səfərbər olunub”, – deyə o vurğulayıb.

AXCP və digər tanınmış müxalif fiqurların  təmsil olunduğu müxalifət bloku – Demokratik Qüvvələrin Milli Şurasına rəhbərlik edən Cəmil Həsənli “OC Media”ya  bildirib ki, daxili işlər nazirinin müavininin Mərkəzi Seçki Komissiyasının müşavirəsində verdiyi açıqlamalar hakimiyyətin seçkilərə tam nəzarət etmək niyyətində olduğunu göstərir.

“Nazir müavininin bu iclasda iştirakı onu göstərdi ki, Azərbaycan parlamentinə seçkilər polis nəzarəti altında keçiriləcək və müavin hələ seçkilərdən əvvəl bu barədə danışıb”, – deyə o bildirib.

“Seçkilərin demokratik olacağını, müxalifət partiyalarının iştirak edəcəyini dedilər, lakin bu çıxış demokratik seçki olacağı barədə hər şeyi şübhə altına aldı. Onun çıxışı cəmiyyəti qorxutmaq məqsədi daşıyır: nəsə olarsa, bizi qarşınızda görəcəksiniz”,  – deyə Cəmil Həsənli fikrini tamamlayıb.

Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz

Related News

Subscribe to stay updated