Milli Məclis bioloji qohum evliliklərini qadağan edən qanunu qəbul edib

Milli Məclis bioloji qohum evliliklərini qadağan edən qanunu qəbul edib Foto: Apa
28 June 2024
Mətni dəyiş

Azərbaycanda qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riskinin yüksək olduğu bildirilir

İyunun 28-də Milli Məclis Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanunu III oxunuşda təsdiqləyib.

Ailə Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılıb.

Beləliklə, məcəlləyə əlavə edilən yeni dəyişikliklərə əsasən, qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun bir-biri ilə evlənməsi qadağan edilir.

Layihədə aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb. Belə ki, bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.

Bundan əlavə, Ailə Məcəlləsinə edilən daha bir dəyişikliklə üzrlü səbəblər olduqda nikah yaşının bir yaş azaldılmasını ehtiva edən norma da ləğv edilib.

Hazırda Məcəlləyə əsasən, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. 

Təklif edilən dəyişikliyə əsasən isə, bu maddə ləğv edilir və nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməyəcək.

Layihədə qeyd olunub ki, qanunvericilikdə üzrlü səbəblər olduqda nikah yaşının bir yaş azaldılmasını ehtiva edən normanın mövcudluğu əksər hallarda yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə nəticələnir. Üzrlü səbəblərin hansı meyarlara görə müəyyən edildiyi aydın olmadığından bu norma özlüyündə sui-istifadə amili kimi qiymətləndirilir.

Məcəlləyə əsasən, Azərbaycanda nikah yaşı 18 yaş müəyyən olunub.

Related News

Subscribe to stay updated