AXCP üzvü həbsinə etiraz olaraq ölüm aclığına başlayıb

AXCP üzvü həbsinə etiraz olaraq ölüm aclığına başlayıb
16 May 2024
Mətni dəyiş

Elxan Əliyevin həyat yoldaşı: “İki dəfə insult keçirib. Hər gün təzyiqi qalxırdı, ürək ağrıları olurdu. İndi də həkimlər deyir ki, həbsdə mikroinfarkt keçirib”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Elxan Əliyev həbsinə etiraz olaraq ölüm aclığına başlayıb.

"AbzasMedia"ya bu barədə onun həyat yoldaşı Şahnaz Əliyeva məlumat verib. O bildirib ki, həyat yoldaşı müxalifətçi olduğu üçün dəfələrlə qanunsuz olaraq həbs edilib.

“Mayın 15-dən aclığa başlayıb. İnadla deyirdi ki, buraxılmayana kimi aclığı dayandırmayacaq. Hətta zorla qidalandırmaq istəsələr belə imkan verməyəcək. Həkim deyib ki, aclığının çox ciddi fəsadları olacaq.

Bütün başına gələnlər onun siyasi fəaliyyətinə görədir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olduğu və sosial şəbəkələrdə tənqidlər yazdığı üçün həbs olunub. Hər dəfə işlə bağlı başqa adla çağırıb, durduq yerə tuturdular adamı”, - deyə o bildirib.

Şahnaz Əliyeva həmçinin deyib ki, həyat yoldaşının səhhəti ağır vəziyyətdədir və bu həbs onun üçün həyati təhlükə yaradır. Qadının sözlərinə görə, bunu həbs yerindəki tibb işçiləri də bildiriblər.

“İki dəfə insult keçirib. Demək olar ki, hər gün təzyiqi qalxır, ürək ağrıları olurdu. Azadlıqda olanda daimi müalicə alırdı, iki dəfə xəstəxanada yatıb. Həbs yerindəki həkimlər deyirlər ki, Elxanın həbsdə olduğu müddətdə bir dəfə mikroinfarkt keçirdiyini ehtimal edirlər.

Biz 3 uşaqla kirayədə yaşayırıq. Kreditimiz də var idi. İkimiz də işləyib bir təhər dolanırdıq. Elxan günlük ödənişlə maşın icarəyə götürüb taksi kimi işləyirdi. Uşaqların biri 9-da oxuyur, biri 11-də. Onların universitet hazırlığı, yol pulları, kommunal xərclər, yeməyimiz... Çox çətindir”, - deyə Ş.Əliyeva bildirib.

Həyat yoldaşının sözlərinə görə, Elxan Əliyevin həbsi məktəbli uşaqlarında ciddi psixoloji çətinliklərə səbəb olub:

“Atalarının həbsi uşaqlara çox pis təsir elədi. Psixoloji baxımdan zərbə oldu. Oğlum 11-ci sinifdə oxuyur, Qızım da 9-cu sinfin buraxılış imtahanını verməli idi. Hər ikisinin müəllimləri dedilər ki, çox potensiallı uşaqlardır, ancaq üzərlərində nələrinsə ciddi təsirləri var. Oğlum aclıq söhbətini eşidəndən çox pis fikir çəkir ki, atam komaya düşəcək, səhhəti daha da ağırlaşacaq. Mayın 26-da imtahanı olacaq, ona köklənməlidir, amma fikri atasının yanındadır”, - deyə Ş.Əliyeva əlavə edib.  '

Ötən ilin iyulunda həbs olunan Elxan Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

Bu il aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi Əliyevi qeyd olunan ittihamlar üzrə təqsirli bilərək 5 il azadlıqdan məhrum edib.

Yerli və beynəlxalq təşkilatlar Elxan Əliyevi siyasi məhbus hesab edir. Hökumət rəsmilərisə bir qayda olaraq ölkədə siyasi məhbusların olmadığını bildirirlər.

Related News

Subscribe to stay updated