Rusiya casusları Tbilisidə amerikalıya qarşı “akustik silahdan istifadə ediblər”

Rusiya casusları Tbilisidə amerikalıya qarşı “akustik silahdan istifadə ediblər” ABŞ-ın Tbilisidəki səfirliyi. Foto: ABŞ Dövlət Departamenti
5 April 2024
Mətni dəyiş

Beynəlxalq jurnalist araşdırmasına görə, Gürcüstan paytaxtında Rusiya kəşfiyyatçıları amerikalı məmurun həyat yoldaşını hədəf alıblar 

Rusiyanın “The Insider” xəbər saytı, Amerikanın “CBS” telekanalının “60 dəqiqə” proqramının və Almaniyanın “Der Spiegel” qəzetinin bazar ertəsi dərc etdiyi birgə araşdırmada bildirilir ki, amerikalı və kanadalı diplomatların, xaricdəki zabitlər və hərbi qulluqçuların “Havana sindromu” ilə qarşılaşdıqlarına dair yeni sübutlar aşkarlanıb.

“Havana sindromu” ilə bağlı hesabatlar ilk dəfə 2017-ci ildə ortaya çıxıb. Həmin il Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) bir neçə agentinin və Kubadakı ABŞ diplomatlarının baş ağrısı, başgicəllənməsi, tinnitus, yuxusuzluq və ürəkbulanma kimi “qəribə simptomlardan” əziyyət çəkdiyi məlum olub. Sindromun mövcudluğu və səbəbləri isə mübahisəli olaraq qalır.

Araşdırma zamanı hər üç media qurumunun əməkdaşları 2021-ci ildə Tbilisidə Rusiya agentləri tərəfindən səs və ya enerji silahından istifadə edərək hədəfə alındığı iddia olunan ABŞ rəsmisinin həyat yoldaşı ilə danışıblar.

Araşdırmada “Coy” adlandırılan qadın və onun ABŞ Ədliyyə Departamentinin attaşesi olan həyat yoldaşı 2020-ci ilin əvvəlində təyinatla Tbilisiyə göndərilib.

Coy jurnalistərə evinin camaşırxanasında olarkən “pəncərədən sol qulağına kəskin zəng səsi gəldiyini” deyib.

“Mən dərhal başımda ağırlıq və şiddətli baş ağrısı hiss etdim”, - deyən qadın bunun ardınca qusduğunu əlavə edib.

Nəyinsə “qaydasında olmadığını” hiss edən Coy binanın çölündə kiminsə olub-olmadığını yoxlamaq üçün evin təhlükəsizlik kamerasına baxıb. Bu zaman o, evlərinin yaxınlığında qara rəngli “Mercedes”in, onun yanında, camaşırxana ilə üzbəüz isə bir kişinin dayandığını görüb.

“Sanki baxışlarımız toqquşdu. O, mənim nə etdiyimi bilirdi”, – Coy hadisəni belə xatırlayıb.

O, yola düşməzdən əvvəl həmin şəxsin avtomobilinin və nömrəsinin şəklini çəkə bildiyini söyləyib.

Araşdırma zamanı Coy evinin qarşısında olan şəxsi fotosundan tanıyıb. Bu, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin 29155-ci bölüyünün komandiri Andrey Averyanovun oğlu Albert Averyanov olub. 29155-ci bölüyün bundan əvvəl törədilən siyasi motivli qətllər və təxribat əməliyyatları ilə bağlılığı üzə çıxıb.

Araşdırmaçılar iddia edilən hücumla bağlı şərh almaq üçün Albert Averyanovla əlaqə saxlamağa çalışsalar da, o, telefonu dərhal qapadıb.

Hücum diqqətdən kənarda qaldı

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti iddia edilən hücumla bağlı sorğuya cavab verməyib.

ABŞ-ın Tbilisidəki səfirliyi də bazar ertəsi mətbuat brifinqində ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin araşdırma ilə bağlı şərhlərinə istinad edərək cavab verməkdən imtina edib.

Gürcüstanda amerikalıların hədəfə alınması ilə bağlı sualı Miller “müəyyən araşdırmaları şərh etmirəm” deyərək cavablamaqdan imtina edib, lakin “Rusiyanın bütün regionda sabitliyi pozan hərəkətlərindən” narahat olduğunu bildirib.

Miller həmçinin “Havana sindromu”nun varlığını rədd edib və “kəşfiyyat üzvlərinin 2023-cü ilin martından bəri bu anormal sağlamlıq insidentlərində xarici düşmənin məsuliyyət daşıdığına dair geniş qənaətin olmadığı barədə ümumi nəticəyə gəldiklərini” söyləyib.

“Biz yeni məlumatlar daxil olan kimi bunları nəzərdən keçirəcəyik, Dövlət Departamenti daxilində və kəşfiyyat üzvləri arasındakı həmkarlarımızla birlikdə qiymətləndirmələr aparacağıq”, – deyə Millər bildirib.

Vaşinqtonun “Havana sindromu” ilə bağlı hazırkı qiymətləndirməsinə baxmayaraq, üç media orqanı telefon və səyahət qeydlərindən istifadə edərək bu sindromla bağlı məlumat verildiyi zaman Baş Kəşfiyyat İdarəsinin 29155 bölüklə əlaqəsi olan əməliyyatçılarının dünyanın müxtəlif yerlərinə hərəkətinin geolokasiyasını müəyyən edə bildiklərini iddia edib.

Onlar əlavə olaraq bildiriblər ki, bölmənin yüksək rütbəli üzvləri “öldürücü olmayan akustik silahların” hazırlanması ilə bağlı işlərinə görə mükafatlandırılıblar və siyasi mövqelərdə önə çəkiliblər. 

Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Related News

Subscribe to stay updated