İstintaq Ülvi Həsənli barəsində yalan məlumat verərək "Toplum TV"nin əməkdaşından ifadə almağa çalışıb

İstintaq Ülvi Həsənli barəsində yalan məlumat verərək "Toplum TV"nin əməkdaşından ifadə almağa çalışıb
1 April 2024
Mətni dəyiş

Ülvi Həsənli: “Bu yalanları hökumətin Abzas Media”ya qarşı şər kampaniyasının növbəti hissəsi hesab edirəm”

Martın 30-da “Abzas Media”nın direktoru Ülvi Həsənli saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından bəyanat yayıb.

O bildirib ki, istintaq “Toplum TV işi” üzrə həbs edilən şəxslərdən birini aldadaraq ifadə almağa çalışıb:

“Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə saxlanılanlardan biri ilə ünsiyyətdə oldum. Söhbət əsnasında öyrəndim ki, ifadə zamanı mənim adımdan həmin adama onun əleyhinə şahidlik etdiyim deyilib. Bildirilib ki, guya xarici ölkələrdən birində olarkən ona böyük məbləğdə pul vermişəm və onun da bu pulu Azərbaycana gətirdiyini etiraf etmişəm. Həmin adam bu söhbətdən təəccüblənib və heç vaxt belə bir hadisənin yaşanmadığını deyib.

Açıq şəkildə bəyan edirəm ki, mənim nəinki “Toplum TV”nin əməkdaşları, ümumiyyətlə heç kimlə belə bir dialoqum olmayıb. Görünür, mənim adımdan “Toplum TV işi” üzrə saxlanılanlardan ifadə almaq üçün istifadə etmək istəyirlər.  Bildirirəm ki, mən bu istintaq dövründə ümumiyyətlə ifadə verməkdən imtina etmişəm və “Toplum TV” əməkdaşlarına qarşı da heç bir ifadə verməmişəm”, - Ü.Həsənli bildirib.

“Toplum TV işi” üzrə istintaqı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) aparır. Daxili İşlər Nazirliyi martın 30-da dərc olunan bəyanata münasibət bildirməyib.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 15-ci maddəsinə (şəxsiyyətin toxunulmazlığı hüququnun təmin edilməsi) əsasən, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır.

Vəkil Elçin Sadıqov deyir ki, əgər belə hal baş veribsə, bu, insanlar arasında nifaq salmağa və qanunsuz yolla ifadə almağa yönələn bir addımdır:

“Qanunvericilikdə qeyd olunur ki, aldatma və hədə-qorxu, eyni zamanda digər qanunsuz yollarla əldə edilmiş sübutun heç bir qüvvəsi yoxdur. Ancaq təəssüf ki, Azərbaycan məhkəmələri buna əhəmiyyət vermir”, - E.Sadıqov bildirib.

Ötən ilin noyabrından etibarən Azərbaycanda jurnalistlər kütləvi şəkildə həbs olunur, medialar isə qapadılır. Ən çox repressiya ölkənin siyasi elitası ilə bağlı korrupsiya araşdırmaları dərc edən “Abzas Media” və senzurasız sosial-siyasi proqramlar təqdim edən “Toplum TV” ətrafında aparılıb. İki iş üzrə ümumilikdə 14 nəfərə cinayət işi açılıb, 12 nəfər həbs edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Jurnalistlər ittihamların qondarma olduğunu və peşə fəaliyyətlərinə görə repressiyaya məruz qaldıqlarını bildiriblər.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri onları siyasi məhbus hesab edir, həbs olunanların dərhal azad olunmasına çağırırlar.

Azərbaycan hökuməti isə bir qayda olaraq ölkədə siyasi məhbusun olmadığını bildirir.

Related News

Subscribe to stay updated