İmran Əliyevi döyüb, toka verib zorla sənəd imzalatdırıblar

İmran Əliyevi döyüb, toka verib zorla sənəd imzalatdırıblar Foto: Meydan TV
19 April 2024
Mətni dəyiş

"Toka veriblər. Döyəndə vurub gözünün altını göyərdiblər, bədənin müxtəlif yerlərində də xəsarət izləri var idi"

Parlamenti monitorinq edən "Məclis.info" platformasının rəhbəri İmran Əliyev barəsində 2 ay 1 gün həbs qətimkan tədbiri seçilib.

Bu barədə onun yaxınları məlumat verib. 

Bildirilib ki, İmran Əliyev "Abzas Media işi" üzrə həbs edilib, qaçaqmalçılıqda ittiham olunur.

"İmran Əliyev saxlanıldıqdan sonra polis orqanına gətirilib. Orada onu döyüb, toka verib zorla hansısa sənədə qol çəkdiriblər. Tələb ediblər ki, vəkilindən imtina etsin. Döyəndə vurub gözünün altını göyərdiblər, bədəninin müxtəlif yerlərində də xəsarət izləri var idi" - qeyd olunub.

Məhkəməyə gətiriləndə onun qolu arxadan qandallanıb.

Xətai Rayon Məhkəməsində keçirilən prosesdə  səsyazma texnikası işlək olmayıb. 

Müdafiə tərəfi səsyazma tələb etsə də, məhkəmə tələbləri nəzərə almayıb.

İ.Əliyev aprelin 18-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. 

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları onu polisə təhvil veriblər. 

Bundan bir qədər əvvəl isə hökumətə yaxın "Qafqazinfo" saytında İ.Əliyevlə bağlı məqalə dərc olunub. O, məqalədə qrant qaçaqmalçılığında ittiham olunub. 

Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib. Məhkəmə istintaq zamanı prokurorluğun ittihamlarını qəbul etsə jurnalistləri 8 ilədək həbs cəzası gözləyir.

Jurnalistlər ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Fevralın 24-dən başlayaraq "Abzas Media işi" üzrə həbs edilən bütün jurnalistlərin həbs müddətləri daha 3 ay artırılıb.

Beynəlxalq təşkilatlar bu qərarları istintaqın əsassız aparılması ilə əlaqələndirib, jurnalistlər üzərində təzyiq olduğunu bildiriblər.

Related News

Subscribe to stay updated