Yekun nəticələrə görə, İlham Əliyev 92,12 faiz səslə qalibdir

Yekun nəticələrə görə, İlham Əliyev 92,12 faiz səslə qalibdir
9 February 2024
Mətni dəyiş

Ekspert: “Nəticələr baxılması üçün Konstitusiya Məhkəməsinə göndəriləcək”

Mərkəzi Seçki Komissiyası (MSK) bütün bülletenlərin sayılmasından sonra prezident Əliyevin seçkidə qalib gəldiyini açıqlayıb.

Qeyd olunub ki, 6537 seçki məntəqəsinin hamısında bütün bülletenler 100 faiz nəzərdən keçirilib.

Son nəticələrə görə, hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev 92,12 faiz səslə digər namizədləri qabaqlayıb. Əliyevə ümumilikdə 4 milyon 577 min 693 səs verilib.

Digər namizədlərin ardıcılığı isə belədir:

Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Zahid Oruc 2,17 faiz (107 877 səs);

Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa 1,98 faiz (98 623 səs);

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev 1,72 faiz (85 607 səs);

Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev 0,80 faiz (39 727 səs);

Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev 0,66 faiz (32 956 səs);

Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Fuad Əliyev 0,53 faiz (26 561 səs).

Seçki məsələləri üzrə mütəxəssis Məmməd Məmmədzadə Abzas Media-ya deyib ki, seçkinin səsvermə mərhələsi bitib, artıq MSK nəticələrin yoxlanılması üçün sənədləri Konstitusiya Məhkəməsinə göndərəcək:

“Konstitusiya Məhkəməsi nəticələri bu gün də tanıya bilər, sabah da. Nəticələrin tanınmasından sonra növbəti həftə prezident parlamentdə and içəcək” – deyə o bildirib.

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. İlkin nəticələr elan olunduqdan sonra müxalifətdə olan Müsavat partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) demokratik vəziyyəti və seçkidəki pozuntuları nəzərə alaraq nəticələri tanımayacağını bildirib.

Seçkini monitorinq edən ATƏT-in DTİHB monitorinq missiyası mübarizənin alternativsiz və rəqabət olmadan keçirildiyini, çoxsaylı pozuntular qeydə alınığını vurğulayıb. Eyni zamanda kütləvi siyasi həbslərin də prosesə mənfi təsir göstərdiyini qeyd edib.

Bundan sonra ABŞ-ın Azərbaycandakı Səfirliyi də ATƏT-in rəyini narahatlıqla bölüşdüyünü açıqlayıb.

Son olaraq bu fevralın 9-da Avropa İttifaqının Diplomatik Xidməti fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb:

“Avropa İttifaqı ATƏT/DTİHB-nin Seçki Müşahidə Missiyasının ilkin qeydlərini və nəticələrini nəzərə alır. ATƏT/DTİHB-nin Seçki Müşahidə Missiyasının məlumatına görə, seçkilər məhdud siyasi mühitdə, əsas hüquq və azadlıqları, o cümlədən sərbəst toplaşmaq, ifadə və media azadlığını məhdudlaşdıran qanunlarla keçirilib”, – deyə bəyanatda qeyd olunub.

 

 

Related News

Subscribe to stay updated