Suriya prezidenti Bəşər Əsəd devriləndən sonra Rusiyaya sığınıb

Suriya prezidenti Bəşər Əsəd devriləndən sonra Rusiyaya sığınıb Foto: Omar Albam/AP
9 December 2024
Mətni dəyiş

24 il Suriyaya rəhbərlik etmiş prezident Bəşər Əsəd bazar günü Dəməşqi tərk edərək Moskvaya uçub. Bu barədə Rusiya dövlət agentliyi TASS məlumat yayıb.

Bildirilib ki, Suriyada silahlı qruplaşmalar Rusiyanın aviabazalarının yerləşdiyi Lazkiyə və Tartusu nəzarət altına alıblar.

Suriya xalqı Əsədin devrilməsini qeyd edərək, 54 illik sülalə rejiminin qəfil və gözlənilməz sona çatmasından sonra daha yaxşı bir gələcək xəyal etməyə cəsarət edib. Diktatorun Moskvaya qaçması bu rejimə son qoyub.

“The Guardian” yazır ki, izdiham Suriyanın inqilab bayrağını dalğalandırıb, prezident və onun atası Hafizin heykəllərini və portretlərini yerə endirib. Eyni zamanda Dəməşqdə atəş və avtomobil siqnallarının səsləri eşidilib.

Fotolarda və videolarda rejimin məşhur həbsxana sisteminin qaranlıq zindanlarında itmiş yaxınlarını tapan ailələrin bir araya gəlməsi təsvir edilib. İnsanlar göz yaşları ilə bir-birinə sarılıb və qazandıqları yeni azadlığa inanmağa çalışıblar. Digər tərəfdən, bəziləri prezident sarayını talan edib, ölkədə əhalisinin 90 faizinin yoxsulluq həddindən aşağı yaşadığı halda, Əsəd sülaləsinə məxsus lüks mallar və dizayner avtomobillərinə heyran qalmamaq mümkün deyil.

2011-ci ildə Əsəd rejiminin Ərəb Baharı çərçivəsində keçirilən dinc demokratiya tərəfdarı etirazları amansızcasına yatırmağa başlaması ilə Suriya xarici güclərin maraqları ilə daha da mürəkkəbləşən XXI əsrin ən ölümcül müharibəsinə sürüklənib.

2015-ci ildə İran və Rusiya, həmçinin Livanın "Hizbullah" qruplaşması Əsəd rejimini Qətər və Türkiyənin dəstəklədiyi üsyançı qüvvələrin irəliləyişindən xilas edib. Nəticədə müxalifət qüvvələri ölkənin şimal-qərbinə çəkilməyə məcbur olmuşdu.

Əsədin rəhbərlik etdiyi ordu ilə kürdlərin rəhbərlik etdiyi və ABŞ tərəfindən dəstəklənən Suriyanın Demokratik Qüvvələri (SDF) 2014-2019-cu illər arasında İŞİD-in elan edilən xilafətini məğlub etmək üçün mübarizə aparıblar. Bu, müharibənin başqa bir cəbhəsi idi və qonşu İraqı da əhatə edirdi.

2011-ci ildən bəri Suriyada ən azı 300 min insan öldürülüb və 100 min şəxs itkin düşüb. Ölkənin yarısı – təxminən 12 milyon insan – evlərindən didərgin düşüb, onların  təxminən 5.4 milyon nəfəri xaricdə sığınacaq axtarıb.

Rusiya Suriyada Əsəd rejimini dəstəkləyən azsaylı ölkələrdən biri olub. Vladimir Putin dəfələrlə Bəşər Əsədlə görüşüb və 2015-ci ilin sentyabrında Rusiya Suriyada rəsmi hərbi əməliyyatlara başlayıb.

Həmin dövrdə Suriyada iki Rusiya hərbi bazası – Tartusdakı Hərbi Dəniz Qüvvələri bazası və Hmeymim aviabazası xeyli genişləndirilib. 2017-ci ilin dekabrında Vladimir Putin Hmeymim aviabazasını ziyarət edərək Bəşər Əsədin rəqiblərinin məğlub edildiyini bəyan edib.

Əsəd rejiminin süqutu artıq aydın olduqdan sonra Rusiya dövlət mediasının Əsədin rəqiblərinə qarşı ritorikası dəyişib. Cümə günü Kreml onları "terrorçular" adlandırıb.

Dekabrın 7-də TASS agentliyi Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun sözlərini sitat gətirərək, Rusiyanın Suriyaya hərbi dəstək göstərdiyini və Suriya ordusuna "terrorçuların hücumlarına" qarşı müqavimət göstərməkdə kömək etdiyini bildirib. Lakin şənbə axşamı "üsyançılar" haqqında sonuncu dəfə "terrorçular" ifadəsi işləndikdən sonra, bazar günü səhər saat 6-da TASS artıq onları "silahlı müxalifət birləşmələri" adlandırmağa başlayıb. Günorta saatlarında isə Rusiya Xarici İşlər Nazirliyi "Suriya müxalifət qrupları ilə" təmasda olduğunu bəyan edib.

Suriyada üsyançı qüvvələr dekabrın 8-də Dəməşqin “azad” olduğunu bəyan edərək Prezident Bəşar Əsədin paytaxtdan qaçdığını açıqlayıblar. Onlar səhər saatlarında Dəməşqə daxil olduqdan sonra televiziya ilə ilk bəyanatlarını yayıblar.

“Biz Dəməşqin tiran Bəşər Əsəddən azad olunduğunu elan edirik. Biz Suriya xalqı ilə birgə məhbuslarımızın azad edilməsi və buxovların qırılmasını qeyd edirik, həmçinin Sednaya həbsxanasında ədalətsizlik dövrünün başa çatdığını bəyan edirik”, –   deyə bəyanatda bildirilib.

“Dəməşqin Fəthi üzrə Əməliyyat Qərargahı” bütün müxalif döyüşçüləri və vətəndaşları “azad Suriya dövləti”nin rəsmi qurumlarını qorumağa çağırıb.

Suriya döyüşçüləri dekabrın 8-nə keçən gecə Əsəd hökumətinin nəzarəti altında olan ərazilərdən keçərək 10 günlük hücumdan sonra Dəməşqə daxil olublar.

Livanın Beyrut şəhərini Dəməşqlə birləşdirən əsas yol bazar günü Suriya ordusunun əsgərlərinin soyunub atdığı hərbi uniformalarla dolu olub. Əsgərlər liderlərinin onları tərk etdiyini eşidəndən sonra belə bir addım atıblar.

Related News

Subscribe to stay updated