Siyasilər nə bələdiyyələrin, nə də bələdiyyə seçkilərinin ölkənin həyatında nəyisə dəyişəcəyinə inanır

Siyasilər nə bələdiyyələrin, nə də bələdiyyə seçkilərinin ölkənin həyatında nəyisə dəyişəcəyinə inanır Arxiv foto: sosial media
6 December 2024
Mətni dəyiş

Bələdiyyə seçkiləri ərəfəsində siyasi fəallıq niyə yoxdur? “Abzas Media” bu haqda müxalifətçilər və müstəqil ekspertlərlə danışıb

Azərbaycanda 2025-ci il yanvarın 29-da bələdiyyə seçkiləri keçiriləcək. Ancaq seçkilər elan edildikdən sonra bu istiqamətdə siyasi fəallıq müşahidə olunmur. 

Siyasətçilər deyirlər ki, bələdiyyələr və bələdiyyə seçkiləri ölkə həyatında heç nə dəyişmədiyinə görə, onların da ciddi gözləntiləri yoxdur. Bəs seçkilərdə kim necə təmsil olunacaq? "Abzas Media" ölkənin əsas müxalif siyasi qüvvələri və seçki eksperti ilə bu barədə danışıb. 

Keçmiş millət vəkili, professor Cəmil Həsənlinin fikrincə, Azərbaycanda bələdiyyələr elə qurulub ki, bu institutun ölkənin həyatına heç bir təsiri yoxdur. Siyasətçinin fikrincə, bələdiyyələr rayon icra hakimiyyətlərinin əlavəsidir, icra hakimiyyətlərinə tabedirlər. 

"Hakimiyyət o zaman hakimiyyət olur ki, onun səlahiyyətləri olsun. Bələdiyyələrin işçi orqana çevrilməsi üçün icra hakimiyyətlərinin səlahiyyətlərinin bir qismini bələdiyyələrə vermək lazımdır. Bələdiyyələri birləşdirməklə böyütmək məsələnin həlli deyil. Bələdiyyələrin səlahiyyətlərini böyütmək lazımdır. Səlahiyyət olmayandan sonra istəyir böyük olsun, istəyir balaca - onun görəcəyi bir iş yoxdur. Belə desək, faktiki olaraq bələdiyyələr ölkədə ölü doğulmuş bir qurumdur. Heç nəyə yaramır və heç nəyi həll etmir. Mən bir dəfə maraqlandım, bələdiyyələrin gördüyü əsas iş Bakı ərazilərində məzarları nömrələməkdir. 

Azərbaycanda keçirilən heç bir seçki xalqın iradəsinə dayanmır. Ölkədə seçki institutu dağıdılıb. Seçki olmadığı üçün faktiki olaraq Azərbaycanda xalqın iradəsinə dayanan legitim hakimiyyət yoxdur, o cümlədən, bələdiyyələr", - deyə Cəmil Həsənli bildirib. 

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyir ki, onların da seçkilərdən heç bir gözləntiləri yoxdur. Ona görə seçkilərlə bağlı qərar əsasən rayon təşkilatlarının öhdəsinə buraxılıb. 

"Sadecə bizim rayon təşkilatlarının üzvlərindən seçkilərdə iştirak etmək istəyənlər var deyə, biz qərar qəbul edib seçkilərdə namizədliklərin verilməsini rayon təşkilatlarının səlahiyyətinə vermişik. 14 rayon təşkilatı məlumat vermişdi ki, seçkilərdə iştirak etmək istəyir. Daha dəqiq məlumatı partiyadaxili iclasdan sonra verə bilərik. Ehtiyac yaransa, müsavatçı namizədlərin kampaniyasına partiya da dəstək verəcək".

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi deyir ki, Azərbaycanda bələdiyyələrin ən ciddi problemi hakimiyyət orqanı kimi səlahiyyətlərinin olmamasındadır. 

Onun sözlərinə görə, hazırkı qanunvericilikdə faktiki olaraq bələdiyyələr icra hakimiyyətlərinin bir qolu kimi fəaliyyət göstərir. 

"Yəni, bələdiyyələr icmaların səlahiyyətli nümayəndələrinə çevrilə bilməyiblər.  Qanunvericilikdə yazılıb ki, bələdiyyələr icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olmayan işləri görürlər. İcra hakimiyyətlərinin də səlahiyyətləri sonsuzdur və bələdiyyələrə çox xırda işlər düşür. 

Azərbaycan Xalq Cəbhəsi Partiyası hesab edir ki, Azərbaycanda hələ də normal seçkilər keçirilmir. Tamamilə antidemokratikdir, şəffaf deyil, seçkiqabağı mühit həddən artıq pisdir, seçkilər elan olunduqdan sonra repressiyaların yeni dalğası başlayıb. Cəmiyyət özü üçün əhəmiyyətli olan şəxslərin həbsləri və məhkəmələri fonunda bu seçkiləri ciddiyə almır", - siyasətçi bildirib. 

Seçki eksperti Məmməd Məmmədzadə deyir ki, 1999-cu ildə bələdiyyələrin sayı 3 minə yaxın olub. 2014-cü, 2019-cu və 2024-cü ildə bələdiyyələrin 3 dəfə birləşdirilməsi ilə bu say 700-ə salınıb. 

"Mən hesab edirəm ki, effektlilik üçün say daha da azaldılmalıdır. Amma burada əsas söhbət bu deyil, bələdiyyələrin səlahiyyələridir. Bələdiyyələrə səlahiyyət vermədən aparılan islahatlar kosmetik islahatlar hesab olunmalıdır. Yəni, bələdiyyə institutu dövlət idarəetməsinin bir hissəsi hesab olunmur. 

Araşdırmalarımız göstərir ki, bələdiyyə seçkilərinə demək olar ki, maraq yoxdur. Ona görə, bələdiyyə seçkiləri də çox formal olacaq. Yəni, bələdiyyə seçkilərinin maraq doğurması və effektiv olması üçün bələdiyyələrin statusu müəyyən edilməlidir, maliyyələşmə məsələsi irəlilədilməlidir və insanlar bələdiyyə üzvü yox, birbaşa bələdiyyə sədrini seçə bilməlidir", - seçki eksperti bildirib.

Related News

Subscribe to stay updated