“Meydan TV”nin həbsdə olan jurnalistlərinin apellyasiya şikayəti rədd edilib

“Meydan TV”nin həbsdə olan jurnalistlərinin apellyasiya şikayəti rədd edilib Foto: meydantv
13 December 2024
Mətni dəyiş

Vəkilin sözlərinə görə, müstəntiq məhkəmədə etiraf edib ki, Xəyalə Ağayevanın açıq və ya gizli yolla pul gətirməsilə bağlı məlumatları yoxdur

Dekabrın 13-də “Meydan TV”nin həbsdə olan jurnalistlərinin apellyasiya şikayətlərinə baxılıb. 

“Abzas Media”ya bu barədə jurnalistlərin vəkilləri məlumat verib. Bildirilib ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən proseslərdə hakimlər Xətai rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsilə bağlı qərarlarını qüvvədə saxlayıblar. 

Bu gün jurnalistlər Aynur Elgünəş, Natiq Cavadlı, Ramin Deko, Aytac Tapdıq, Xəyalə Ağayevanın şikayətlərinə baxılıb. Onlar özləri də prosesdə iştirak ediblər. Aytac Tapdıq və Ramin Dekonun şikayətlərini hakim Elbəy Allahverdiyev geri çevirib. 

Dekabrın 12-də isə bu iş üzrə həbs olunan jurnalist Aysel Umudovanın şikayətinə baxılıb. Hakim Zamin İbrahimov onun apellyasiya şikayətini təmin etməyib. 

Təqsirləndirilən jurnalistlərin vəkilləri məhkəmədən sonra açıqlama veriblər. Xəyalə Ağayevanın vəkil Nazim Musayev bildirib ki, Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi məhkəmədə Xəyalə Ağayevanın həbsini əsaslandıra bilməyib. 

“Soruşdum ki, Xəyalə Ağayeva gömrükdən açıq və ya gizli yolla ölkəyə pul gətirib? Müstəntiq dedi yox. Dedim bəs niyə tutmusunuz? Dedi sübut edəcəyik ki, o da iştirak edib”. 

Ramin Dekonun vəkili Nemət Kərimli bildirib ki, məhkəmədə onun müvəkkili ilə ünsiyyət yaratmasına imkan verməyiblər və bu qanunsuzdur. 

Vəkil Elçin Sadıqov qeyd edib ki, Aynur Elgünəş özünü təqsirli bilməyib və bildirib ki, yeganə Azərbaycandır ki, araşdırmaçı jurnalistika cinayət hesab olunur. 

“Meydan TV” jurnalistləri dekabrın ilk həftəsində polis əməliyyatı ilə saxlanılıblar. DİN məlumat yayıb ki, onlar “qaçaqmalçılıq”la bağlı aparılan araşdırmalar çərçivəsində saxlanılıblar. 

Sonradan saxlanılan jurnalistlərin hər birinə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Dekabrın 8-də Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyilə keçirilən proseslərdə jurnalistlər Ayac Əhmədova (Tapdıq), Aysel Umudova, Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko), Xəyalə Ağayeva və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Jurnalistlər ittihamları rədd edirlər və həbslərini peşəkar jurnalist fəaliyyətlərilə əlaqələndirirlər. 

Ülvi Tahirov da verilən ittihamları qəbul etməyib. Tahirov qeyd edib ki, o sadəcə jurnalist Aynur Elgünəşlə ailəvi dostdur, “Meydan TV” ilə heç bir əlaqəsi yoxdur.

“Meydan TV” də bəyanat yayaraq jurnalistlərə qarşı iddiaları rədd edib: 

“Məqsəd ölkədə müstəqil və alternativ media qurumu formalaşdırmaq və insanları məlumatlandırmaqdır. Yarandığımız gündən bəri bizə edilən təzyiq və ittihamlar əsassızdır. Bir daha qeyd edirik ki, biz jurnalistika fəaliyyətimizə davam edəcəyik”, – deyə media qurumunun bəyanatında qeyd olunub. 

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da ittihamların uydurma olduğunu bildirir və jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırırlar. 

Hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkədə 331 siyasi məhbus var, onlardan 25 nəfəri müstəqil jurnalistdir. 

Hökumət isə bu iddiaları təkzib edir.

Related News

Subscribe to stay updated