Pensiyaçı: "Başa düşmürlər ki, pensiyanı 10 gün gec vermək bizim üçün nələrə səbəb olur"

Pensiyaçı: "Başa düşmürlər ki, pensiyanı 10 gün gec vermək bizim üçün nələrə səbəb olur" Foto: sosial media
29 November 2024
Mətni dəyiş

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin heç bir ictimai müzakirə aparmadan etdiyi dəyişikliklər minlərlə insanın maddi zərər görməsinə səbəb olub

Azərbaycanda əhaliyə sosial ödənişlərin əvvəlki vaxtla müqayisədə gecikməsi pensiyaçılarda ciddi narazılığa səbəb olub. Onlar bildirirlər ki, ödənişlərin indi daha gec tarixdə verilməsi səbəbindən maddi zərər görürlər. 

Zaqatala rayon sakini Səmayə Hüseynova (ad-soyad şərtidir) "Abzas Media"ya deyir ki, o uzun illər müəllim işləyib və 8 ildir ki, pensiya alır. 

Onun sözlərinə görə, bu ilin avqustunda "Access Bank"dan 2 min manat kredit götürüb, buna görə hər ay banka 197 manat ödəniş edir. Son 3 ayda pensiyanın gecikməsinə görə çətin vəziyyətlə qarşılaşıb. 

"Onkoloji xəstəliklə bağlı əməliyyat olunmalıydım, avqustun axırlarında bankdan kredit götürdüm. 472 manat pensiyamı hər ayın 15-nə qədər verirdilər deyə, kredit müqaviləsində də ödənişi bu tarixə saldım. Amma indi ayın 22-23-dən sonra verirlər və bizə çətinlik yaradır. Hər ödəniş edilməyən gün bank faiz hesablayır və biz əvvəlkindən daha çox ödəməli oluruq. Sosial Müdafiə Nazirliyinin Zaqatala şöbəsinə getdim, dedilər bizlik deyil, Bakıya müraciət edin. 

Krediti başqa adamın adına götürmüşdüm. İndi gecikmələrə görə həmin adam da narahatlıq yaşayır", - deyə pensiyaçı müəllimə bildirib. 

Bakı şəhər sakini Rəhman Qarayev də deyir ki, 2022-ci ildə 15 min manata qədər kredit götürüb. İndi sosial gəlirlərinin gecikməsinə görə bank ödənişləri də gecikir. 

"Bu mənə təkcə birbaşa maddi zərər vurmur, müştəri kimi etibarımı da zədələyir. Mən pensiyaya çıxdıqdan sonra bizneslə məşğul oluram və kredit üçün tez-tez banka müraciət edirəm. Amma bu gecikmələr kredit tarixçəmə mənfi hal kimi düşür və artıq kredit almağım çətinləşir. Bu da biznesimə təsir edir. Məni faizlərdən çox narahat edən budur. Başa düşmürlər ki, pensiyanı 10 gün gec vermək bizim üçün nələrə səbəb olur", - deyə o fikrini tamamlayıb. 

Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəsmi rəqəmlərə görə hazırda ölkədə 1 milyon 95 min 968 nəfər pensiyaçı var. Bunlardan 184 min 222 nəfəri işləyən, 911 min 736 nəfəri işləməyən pensiyaçıdır. Pensiya ödənişlərində əvvəlki dövrlə 

müqayisədə gecikmələrin olmasını milnlərlə insan müxtəlif formalarda həyatında hiss edir. Bəs dəyən maddi zərərlə bağlı kompensasiyalar və ya güzəştlər olacaqmı?

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat katibi Rəşad Mehdili "Abzas Media"nın suallarını cavablandırmayıb. O, bildirib ki, artıq məsələ ilə bağlı açıqlama veriblər:

"Bununla bağlı münasibət bildirmişik. Bütün suallara ətraflı şəkildə cavab verilib. Münasibətimizdə hər hansısa dəyişiklik yoxdur", - deyə mətbuat katibi əlavə edib. 

Bundan əvvəl noyabrın 12-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial ödənişlərin gecikməsilə bağlı məsələni jurnalistlərə təkzib edib. Nazir bildirib ki, əslində pensiyalar ayın sonunda ödənilməlidir, sadəcə dövlət humanizm göstərib ayın ortalarında ödəyir. 

“Ödənişlər ayın sonunda ödənilməli olduğu halda ayın 10-15-i arasında bir qisim ərazilərimiz, 15-20-si arasında bir qisim ərazilərimizdə həyata keçirilir. Vaxtında ödəsək, bu o deməkdir ki, ayın sonunda ödəməliyik, bu da əhalimizin ziyanına olacaq”, - nazir deyib.

Ancaq uzun illərdir ki, pensiyalar ayın ortasında ödənildiyi üçün əhali planlarını ona uyğunlaşdırıb. Məsələn, kredit ödənişlərində, kommunal və digər ödənişlərdə müqavilələr bağlananda insanlar sosial ödənişlərin ayın 15-nə qədər olduğunu nəzərə alıblar. 

Nazirliyin heç bir ictimai dinləmə və müzakirə aparmadan etdiyi dəyişikliklər minlərlə insanın maddi zərər görməsinə səbəb olub. Nə nazirliyin, nə də nazir Sahil Babayevin açıqlamalarında bu zərərin hansı formada kompensasiya edilməsilə bağlı fikirlər olmayıb.

Related News

Subscribe to stay updated