Beynəlxalq tənqidlərdən sonra COP29-un Təşkilat Komitəsinə 12 qadın əlavə edilib

Beynəlxalq tənqidlərdən sonra COP29-un Təşkilat Komitəsinə 12 qadın əlavə edilib Foto: Apa az
19 January 2024
Mətni dəyiş

Komitə demək olar ki, ancaq hökumət nümayəndələrindən ibarətdir

Yanvarın 19-da ölkə başçısı İlham Əliyev İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Təşkilat Komitəsinin üzvləri sırasında dəyişiklik edib.

Abzas Media-nın məlumatına görə, hökumət üzvlərindən formalaşmış, əvvəlki 28 kişidən ibarət təşkilat komitəsinə 12 qadın əlavə olunub. Yenilənmiş siyahıya elm və təhsil naziri Emin Əmrullayev daxil edilib.

Yeni tərkib isə beynəlxalq tənqidlərin fonunda müəyyən edilib. Belə ki, yanvarın 13-də təsdiq olunan ilk tərkibdə qadın üzv olmayıb. “She Changes Climate” (“O (qadın), İqlimi Dəyişdirir”) kampaniya qrupu bu qərarı “reqressiv” adlandırıb. Bildirilib ki, bunun əksinə olaraq, keçən il Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28 iqlim sammitinin təşkilat komitəsinin üzvlərinin 63 faizini qadınlar təşkil edib.

26 il Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) fəaliyyət göstərmiş Muxtar Babayevin COP29-un builki prezidenti seçilməsi, eyni zamanda, təşkilat komitəsində ölkənin qazpaylayıcı şəbəkəsinin rəhbərinin olması da beynəlxalq mediada tənqidlərə səbəb olub.

BBC-nin məlumatına görə, climatechangenews.com saytı Azərbaycanın COP29 komitəsinin tərkibini təsvir edərək yazır ki, Azərbaycanın hökumət və dövlət təşkilatlarında əsas vəzifələri kişilər tutur.

Sayt həmçinin qeyd edir ki, siyahıdakı bəzi "rəsmilərin ailələri mübahisəli ofşor maliyyə sxemlərində iştirakda ittiham olunur".

Böyük Britaniyada fəaliyyət göstərən Qadınların Bərabərliyi Partiyası da komitədə yalnız kişilərin olması qərarına qarşı çıxıb.

"Dünya alov içərisindədir, iqlimimiz böhrandadır, qadınlar qeyri-proporsional seçilib. COP29 komitəsinin planeti xilas etmək üçün inqilabi ideyası nədir? Əlbəttə ki, qadınları qərarların verilməsindən uzaqda tutmaq!", - partiya X hesabında yazıb.

Euronews Azərbaycanın COP29-un Təşkilat Komitəsində yalnız kişilərin təmsil olunmasını “qadınların qərar qəbuletmə prosesindən kənar qalması” adlandıraraq kampaniya aparanların bunu pislədiyini yazıb.

Yanvarın 16-da ölkə başçısı İlham Əliyev yerli mətbuata müsahibəsində tənqidlərin əhəmiyyətsiz olmasına vurğu edərək demişdi ki, Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlər zamanı belə əsassız qarayaxmalar olur.

Prezidentin bugünkü sərəncamı ilə eyni zamanda Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üzvlərində də dəyişiklik edilib. Bu dəyişikliklərlə də komitə üzvləri COP29-un komitə üzvlərindən ibarət olub.

Ötən il dekabrın 7-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsinə qərar verilib.

Related News

Subscribe to stay updated