"Vətənpərvərlər" niyə artıb?

"Vətənpərvərlər" niyə artıb? Foto: Yaşar Xudiyev
4 September 2023
Mətni dəyiş

Kütləvi repressiyalar, kütləvi nəzarət, kütləvi qorxu sovet vətəndaşlarını o qədər yormuş, o qədər əldən salmışdı ki, xeyli adam almanların hücumuna, müharibənin başlamağına sevinmişdi. Repressiyalardan, kütləvi nəzarətdən bezmiş, yorulmuş adamlar almanların hücumunu, müharibənin başlamasını bir az dincəlmək, bir az rahat nəfəs almaq fürsəti kimi qiymətləndirirdi. Təsəvvür edin repressiyalar, kütləvi nəzarət, qorxu mühiti adamları o qədər yorub və bezdirib ki, onlar müharibənin başlamağına seviniblər.  Həddindən artıq absurd, qəribə  görünsə də, həqiqətən, belə bir hal olub. Bu barədə hətta Konstantin Simonov "Dirilər və ölülər" əsərində yazıb. Əlbəttə, xeyli üstüörtülü şəkildə. 

İndi Azərbaycanda da, təxminən, buna bənzər bir vəziyyət yaranıb. O məşhur sözü bir az vəziyyətə uyğunlaşdırsaq, belə bir "resept" alınar: 

“Əgər səni təhqir edirlərsə, əgər səni alçaldırlarsa, əgər sənin bir insan, bir vətəndaş kimi bütün hüquqların əlindən alınıbsa, sərhədlərini bağlayıb səni qoyun sürüsü kimi tövləyə doldurublarsa və sən səsini çıxarıb “mıqq” da edə bilmirsənsə, qorxursansa, acizsənsə, nəyəsə görə susursansa, çalış alovlu vətənpərvər ol”. 

Acizlik, qorxu və laqeydlik nəticəsində son vaxtlar ölkədə "vətənpərvərlərin" sayı yaman  artıb. Bu "vətənpərvərlər" vaxtaşırı bir "günah keçisi", "qurban", "vətən xaini", "düşmən dəyirmanına su tökən" tapıb onun üstünə nifrət, qəzəb püskürürlər. Özlərinə insan, vətəndaş olduqlarını sübut etmək istəyirlər. Guya bunların da bir insan, bir vətəndaş kimi hissləri, qırmızı xətləri var. Guya vətən dardadır, bütün umu-küsüləri kənara qoyub bir yumruq kimi birləşmək lazımdı.

Amma müharibə veteranı intihar edəndə bu adamlardan səs çıxmır. Çünki "günah keçisi"nin, "vətən xaini"nin  üstünə nifrət, qəzəb  püskürmək onlara sərf edir, onlara xal gətirir. "Vətən xaini"nin, "günah keçisi"nin üstünə xoruzlanmaq təhlükəsizdir. Bununla onlar həm də bir insan, bir vətəndaş kimi öz acizliklərinə, qorxaqlıqlarına legitimlik qazandırırlar. Müharibə veteranının intiharına reaksiya vermək isə onlara sərf etmir. Beləliklə onların vətənpərvərliyinin nə qədər saxta olduğu asanlıqla üzə çıxır. Belə saxta vətənpərvərlərin bu qədər çoxalması yaxşı heç nə vəd etmir.

Təhqir olunmuş cəmiyyətlər çox qorxuludur. Hər dəqiqə bir xəstə təxəyyülü adam ortaya çıxıb təhqir olunmuş cəmiyyətin boğazına xalta bağlayıb istədiyi istiqamətə apara bilər. Ötən əsrin 30-40-cı illərində Almaniyada baş verənlər buna sübutdur.

Orduda olanlar, yəqin ki, belə halları çox müşahidə ediblər. Ən çox döyülən və təhqir olunan əsgərlər fürsət yarananda ən qəddar, ən amansız adama çevrilirlər. Fağırın qeyrətə gəlməyi çox pis olur.  Xülasə,  təhqir olunmuş və aciz görünən cəmiyyətlər hazır barıt çəlləyidir. Təhqir olunmuş cəmiyyətlərdə hətta ayıq-sayıq, ağıllı adamlar belə asanlıqla kütləyə qoşulur, könüllü olaraq kütləyə əsir düşürlər. Kütlə isə hər zaman düşündüyümüzdən də səviyyəsiz, düşündüyümüzdən də qorxuludur.

Seymur Baycan

AbzasMedia

Related News

Subscribe to stay updated