Avropa parlamentariləri Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edirlər

Avropa parlamentariləri Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edirlər Avropa Parlamenti
19 September 2023
Mətni dəyiş

Birgə bəyanatda deyilir: “Azərbaycan prezidentini Ermənistanın baş nazirinin danışıqların ən yüksək səviyyədə bərpası ilə bağlı son çağırışını qəbul etməyə çağırırıq”

Avropa Parlamentinin deputatları Qarabağda hərbi əməliyyat keçirən Azərbaycana qarşı sanksiya tətbiqini tələb edirlər. Parlamentarilər Devid MakAllister, Marina Kalyurand, Andrey Kovatçev, Jelyana Zovko Azərbaycanın “Qarabağa qarşı bu gün əvvəlcədən planlaşdırılmış və əsassız hücumunu” qəti şəkildə pisləyən bəyanat yayıblar. 

“Günün əvvəlində bildirilən mina partlayışlarında insan itkisinə görə təəssüflənir və həlak olanların ailələrinə başsağlığı veririk. Lakin bu, heç bir halda Azərbaycanın genişmiqyaslı hərbi eskalasiyasına haqq qazandırmır. Partlayışlardan bir neçə saat sonra və həftələr ərzində müşahidə olunan Azərbaycan ordusunun güclənməsi və təcavüzkar ritorikasından sonra bütün təmas xətti boyunca açıq şəkildə əvvəlcədən planlaşdırılmış hücum həyata keçirməsi tamamilə qəbuledilməzdir”, - Avropa Parlamenti üzvlərinin birgə bəyanatında deyilir. 

Bəyanatda bütün hərbi əməliyyatların dərhal dayandırılmasına çağırış edilir. Bildirilir ki, Bakı ilə Xankəndi arasında birbaşa danışıqlar Qarabağ erməniləri ilə Azərbaycan və Aİ arasında münasibətlərdə irəliləyişə nail olmağın yeganə yoludur və bu prosesi həmişə dəstəkləməyə hazırdırlar. 

“Biz Bakının hücumunun Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarına ciddi zərbə vurmasından təəssüflənirik və Azərbaycan prezidentini Ermənistanın baş nazirinin danışıqların ən yüksək səviyyədə bərpası ilə bağlı son çağırışlarını qəbul etməyə çağırırıq”, - deputatlar bildiriblər.

“Xatırladırıq ki, hücum Qarabağda böyük humanitar böhran kontekstində, Azərbaycanın Laçın dəhlizini son doqquz ay ərzində blokadada saxlamasından sonra, Bakının 9 noyabr 2020-ci il tarixli atəşkəs bəyanatı ilə bağlı öhdəliklərini və Beynəlxalq Ədalət Məhkəməsinin qanuni qüvvəyə malik qərarları pozması fonunda baş verir. Qarabağa humanitar çıxış tam və daimi olaraq bərpa edilməlidir”, - bəyanatda qeyd edilib.

“Davam edən hücumun dərhal dayandırılmaması şəraitində, biz Şuranı Aİ-nin Azərbaycanla münasibətlərinə bu kontekstdə əsaslı şəkildə yenidən baxmağa və məsul Azərbaycan rəsmilərinə qarşı sanksiyaların tətbiqini nəzərdən keçirməyə çağırırıq”, - Avropa Parlamentinin üzvləri bildiriblər. 

Sentyabrın 19-da gecə Daxili İşlər Naziliyinin 4, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin isə 2 əməkdaşı Qarabağda minaya düşərək həlak olub. Bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin başlatdığı cinayət işində isə hər iki hadisə “terror aktı” kimi təsnif edilib.

Rəsmi məlumata görə, Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrində əvvəlcə AAYDA-nın iki əməkdaşının - Fərhad Quliyev və Samir Sadıxovun olduğu avtomobil minaya düşüb və onlar həlak olublar.

Daha sonra polis əməkdaşları həmin əraziyə gəldikləri zaman onların da avtomobili minaya düşüb. 

Bundan sonra Müdafiə Nazirliyi rəsmi məlumat yayaraq bildirib ki, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli “antiterror” tədbirlərinə başlanılıb.

Qarabağda tanınmamış “respublikanın rəsmiləri” Azərbaycanın iddialarını rədd edib və atəşkəs rejimini onların deyil, Azərbaycanın pozduğunu bildirib. 

Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb ki, onların Qarabağda silahlı qüvvələri yoxdur.

Related News

Subscribe to stay updated