Valideyn: “Sinif otağına ilana qarşı zəhər töküblər, zəhərlənməyə o səbəb olub”

Valideyn: “Sinif otağına ilana qarşı zəhər töküblər, zəhərlənməyə o səbəb olub” Foto: Xeberle.com
23 May 2023
Mətni dəyiş

Nazirlik dezinfeksiya işlərini “EKOMEDİ” QSC-nin apardığını desə də, şirkət bunu təkzib edib

Mayın 23-də Şəkinin Qudula kənd orta məktəbində kütləvi zəhərlənmə olub.

TƏBİB-dən bildirilib ki, ümumilikdə 24 şagird və 3 müəllim zəhərlənib. Onlardan 23 nəfər evə buraxılsa da, 4 nəfərə hələ də Şəki Şəhər Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilir.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin açıqladığı məlumata görə, hadisəyə mayın 19-da məktəbin zirzəmisində aparılan dezinfeksiya işləri səbəb olub.

“Mayın 23-də hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir"- açıqlamada bildirilib.

Ancaq zəhərlənən şagirdlərin valideynləri dezinfeksiya işlərinin zirzəmidə yox, sinif otağında aparıldığını bildirir.

7-ci sinifdə oxuyan məktəbli A.Xəlillinin atası Bəxtiyar Xəlilov Abzas Media-ya deyir ki, hazırda qızını xəstəxanadan çıxarıb evə aparır.

“1 həftə əvvəl sinif otağına ilana qarşı zəhər töküblər, zəhərlənmə ondan olub. Dezinfeksiya işlərini Şəki şəhər Gigiyena və Epidemiologiya Mərkəzi aparıb. Hazırda xəstəxanada 3 uşaq qalıb”.

Məktəbli X.Yusifzadənin atası Niyaməddin Yusubov isə deyir ki, qızı sistem altındadır:

“Evə gələndə uşaqların halı pis idi, kənddəki tibb məntəqəsinə getdik, oradan da təcili tibbi yardıma zəng etdilər, xəstəxanaya gətirdilər. Mən eşitdim ki, dezinfeksiyadan olub, amma dəqiq bilmirəm, görməmişəm”.

9-ci sinifdə oxuyan məktəbli S.Məmmədovanın atası Vagib Məmmədov da deyir ki, zəhərlənmə dezinfeksiyaya görə baş verib:

“Ayın 19-da günortadan sonra gəlib sinif otağını ilana qarşı dezinfeksiya ediblər, ondan olub. Dəqiq məlumatım yoxdur, amma bildiyim qədərilə Gigiyena və Epidemiologiya Mərkəzindən məktəbə məlumat verib, sonra dezinfeksiya ediblər”.

Şəki Şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, məktəbdə dezinfeksiya işlərini onlar aparmayıb:

 “Dezinfeksiya işlərini Elm və Təhsil Nazirliyinin müqavilə ilə işlədiyi MMC aparıb, biz yox. Bizim onların işinə nəzarət etmək səlahiyyətimiz yoxdur” – Mərkəzdən bildirilib.

Məktəbdə dezinfeksiya işlərini hansı şirkətin aparması ilə bağlı Elm və Təhsil Nazirliyinə göndərdiyimiz sorğuya cavab olaraq bildirilib ki, dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərinin aparılması üçün tender keçirilib və qalib “EKOMEDİ” QSC olub.

Nazirlik bildirib ki, sözügedən məktəbdə sonuncu dəfə 19 mayda deratizasiya xidməti həyata keçirilib.

“EKOMEDi” QSC nazirliyin dediklərini təkzib edib, dezinfeksiya işlərini onların aparmadığını bildirib. Amma Dövlət Satınalmalarının rəsmi saytından görünür ki, nazirliklə bu şirkət arasında dezinfeksiya işləri üçün ümumi dəyəri milyonlarla manat ölçülən tender müqavilələri imzalanıb.

Bundan əvvəl aprelin 6-da Bakının 20 nömrəli məktəbində də kütləvi zəhərlənmə halı olub. Bildirilib ki, ümumilikdə 6 şagird qidadan zəhərlənib. Daha sonra, aprelin 20-də 149 saylı orta məktəbin 15 şagirdində də zəhərlənmə halı olub. Təhsil müəssisəsi uşaqların kənardan alınan alçadan zəhərləndiyini desə də, valideynlər məktəbdə aparılan dezinfeksiya işlərindən sonra uşaqların zəhərləndiyini bildirib.

Related News

Subscribe to stay updated