Qüsursuz cinayət, yoxsa qüsurlu təhqiqat?

Qüsursuz cinayət, yoxsa qüsurlu təhqiqat?
6 August 2022
Mətni dəyiş

Qatilinin yaxalanmasını  istəməyən yazıçının ad gününə...

Bu gün məhşur Azərbaycan yazıçısı, publisist Rafiq Tağının anadan olduğu gündür. 

Sağ qalsaydı, düz 72 yaşını qeyd edəcəkdi. Tağı yaradıcılığının yeni mərhələsində - elə də az olmayan 61 yaşla heç cür uyuşmayan daha məhsuldar və barışmaz dövründə, dünyaya əbədi gözlərini yumdu...

AİHM qərarı

...7 iyul 2022-ci ildə Fransanın Strasburq şəhərində mənzillənən Avropa İnsan Hüquqları Məhkəməsi mərhum yazıçının işi üzrə sayca ikinci qərarını qəbul etdi.

Bundan əvvəl - 5 dekabr 2019-cu ildə qəbul edilən birinci qərarda Rafiq Tağı və "Sənət” qəzetinin baş redaktoru Samir Hüseynovun Aropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ilə təminat verilən ifadə azadlığı hüququna müdaxilə olduğu müəyyən edilmişdi.

Həmin qərar yazıçının və "Sənət” qəzetinin baş redaktorunun, birincinin adıçəkilən nəşrin 1 noyabr 2006-cı il tarixli sayında dərc edilmiş məhşur "Avropa və biz” məqaləsinə görə məhkum olunmasından verilmiş şikayət əsasında qəbul edilib.

İkinci qərarda isə Avropa Məhkəməsi Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) prosessual aspektinin pozuntusuna yol verildiyi qənaətinə gəldi. 

Başqa sözlə desək, mərhumun həyat yoldaşı Mailə Tağıyevanın zərərçəkmiş şəxsin hüquqi varisi statusuna baxmayaraq, cinayət işinin istintaqını aparan orqanın onun iş materialları ilə tanış olmasına icazə verməməsi, onun araşdırmada iştirak dərəcəsi baxımından pozuntuya səbəb olub.

Mailə Tağıyeva və Elçin Sadıqov başda olmaqla vəkilləri Rafiq Tağının qətlinin istintaqı çərçivəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlərin adekvatlığını və vicdanlılığını qiymətləndirmək məqsədilə cinayət işlinin materialları ilə tanış olmağa dair vəsatətlər veriblər. Bu, iş üzrə qəbul edilən sonuncu - 8 noyabr 2013-cü il tarixli cinayət işi üzrə icraaatın təqsirləndirilən şəxsi müəyyən etməməsi səbəbindən dayandırılması barədə qərardan sonra da davam edib. Ancaq bütün vəsatətlər təmin edilməyib.

Cinayət işinin istintaqını aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsi (hazırkı İstintaq İdarəsi) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 284-cü maddəsinə istinad edərək, cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə yalnız cinayət işi üzrə istintaqın başa çatmasından sonra tanış olmaq hüququnun nəzərdə tutulduğunu bildirib. 

Yazıçının öldürülməsi faktı üzrə istintaq başa çatmadığından isə onun hüquqi varisinin və vəkilin cinayət işinin materailları ilə tanış olmaq hüquqları yoxdur.

Avropa Məhkəməsi bu vəziyyəti əsaslandırmaq üçün istintaq orqanlarının yerli qanunvericiliyə istinadını qəbul etməyib və zərərçəkmiş şəxsin hüquqi varisinin iş materialları ilə tanış ola bilməməsini yolverilməz hesab edib.

Bu vəziyyət ərizəçini qanuni maraqlarını müdafiə etmək imkanından məhrum edir, eləcə də ictimaiyyətin istintaqa kifayət qədər diqqət yetirməsinə mane olur. 

Məhkəmə bununla əlaqədar olaraq, qurbanların ailələrinin və ya onların qanuni nümayəndələrinin istintaqa cəlb edilməsinin və onlara məlumat verilməsinin, habelə onlara digər sübutlar təqdim etmələrinə icazə verilməsinin vacibliyini vurğulayır.

Qərarın qəbul edilməsindən sonra Azərbaycan hakimiyyətinin atacağı addımlar maraq doğurur, belə ki, onun qərarın icrası çərçivəsində hansı fərdi və ümumi tədbirlər həyata keçirəcəyini proqnozlaşdırmaq elə də asan deyil. Xüsusilə yazıçının cinayət işinin yenilənib, yenilənməməsi, onun hüquqi varisi olan həyat yoldaşının və vəkilinin cinayət işinin materalları ilə tanışlığa buraxılıb-buraxılmamasını indidən ehtimal etmək çətinlik törədir.

Yeri gəlmişkən, Avropa Məhkəməsinin sonuncu qərarına əsasən, Azərbaycan dövləti ərizəçi Mailə Tağıyevaya mənəvi zərərə görə, 12 min avro, vəkil xərclərinə görə isə 2.000 avro kompensasiya ödəməlidir.

Yazıçının bıçaqlanması və ölümü

19 noyabr 2011-ci ildə axşam saatlarında çalışdığı 8 saylı Təcili Tibbi Yardım Stansiyasındakı iş yerindən mənzilinə dönən yazıçı yaşadığı evin yaxınlığında hücuma məruz qaldı. Bakının Əhməd Ağaoğlu küçəsinin Xətai prospekti ilə kəsişməsindəki qaranlıq dalanda qəfildən Tağıya basqın edən şəxs bıçaqla ona ardıcıl zərbələr endirdi. 

Ağır yaralı olmasına baxmayaraq, yazıçı mənzilinə çata bildi. Gecə saatlarlarında çağırılan təcili tibbi yardım maşını ilə 1 saylı Kilinki Tibbi Mərkəzə (KTM) gətirildi. Daha sonra cərrrahiyə əməliyyatı və palataya köçürülmə. Sanki hər şey nisbətən yaxşılığa doğru, Rafiq Tağının səhhətinin qaydasına düşməsi və stabilləşməsi istiqamətində gedir. Ancaq 23 noyabr günorta saatlarında vəziyyəti qəfildən pisləşdi və Rafiq Tağı vəfat etdi.

8 noyabr 2013-cü il tarixli qərar

Rafiq Tağının bıçaqlanması ilə bağlı 20 noyabr 2011-ci ildə Xətai Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığ ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlandı. 

Bir gün sonra cinayət işi Cinayət Məcəlləsinin 29 və 120.1-ci maddələri ilə adam öldürməyə cəhd maddəsi ilə tövsif edildi və istintaqı davam etdirmək üçün aidyyəti üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərildi.

Yazıçının ölümündən sonra 23 noyabr 2011-ci ildə cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə qəsdən adam öldürmə maddəsinə tövsif edildi. Təxminən iki illik araşdırmalaradan sonra - 8 noyabr 2013-cü ildə işi araşdıran müstəntiq cinayəti törədənləri müəyyən etməyin mümkün olmaması əsası ilə cinayət işinin dayandırılması barədə qərar qəbul etdi. 

Həmin qərarda qeyd edildi ki, istintaq Tağının qətlə yetirilməsinin mümkün motivləri ilə bağlı müxtəlif fərziyyələri araşdırıb, çoxlu sayda şəxs şahid qismində dindirilib, onu bıçaqlayan şəxsin fotorobotu tərtib edilib, hadisənin baş verdiyi ərazidə yerləşən təhlükəsizlik kameralarından video çəkilişlər götürülüb və təhlil edilib, yerində baxış keçirilib, ərazidəki mobil telefonlardan daxil olan telefon zəngləri və SMS mətnləri aidiyyəti operatorlardan alınıb, müxtəlif məhkəmə-tibbi ekspertizaları keçirilib və s.

Ancaq bütün bunlara baxmayaraq, yazıçını bıçaqlayan şəxsi müəyyən etmək mümkün olmayıb.

Videoyazıların araşdırılması zamanı zərərçəkmişin təqib edilməsi, hücuma məruz qalması və ya ona hər hansı bir şəxs tərəfindən yaxınlaşması ilə bağlı heç bir video sübut aşkar edilməyib.

Maraqlıdır ki, sözügedən qərarda qətlin mümkün motivləri sırasında dinlə bağlı yazıları çıxmaqla, qalanı şəxsi və ya məişət zəmini üzərində qurulub: Həkim kimi peşə fəaliyyəti, yazıçıya və ya ailəsinə qarşı hər hansı şəxsi düşmənçilik, keçmiş məhkum kimi digər məhbuslarla mümkün əlaqələri barədə müxtəlif versiyalar, soygunçuluq... (Burada R.Tağının hakimiyyəti də tənqid etdiyiylə bağlı versiya əksini tapmayıb, bu da anlaşılandır)

8 noyabr 2013-cü il tarixli qərar bu vaxta qədər ləğv edilməyib və hələ də qüvvədədir. 

Avropa Məhkəməsinin 7 iyul 2022-ci il qərarından sonra prokurorluğun 8 noyabr 2013-cü il tarixli qərarının təkrar təftişə məruz qalıb-qalmayacağı, ləğv edilib, cinayət təhqiqatlarının davam etdirilib-etdirilməyəcəyi maraq doğurur.

Qətlin araşdırmasının istiqamətləri

Mərhumun öldürülməsindən dərahal sonra onun yaxın qohumları kimi Azərbaycan cəmiyyətinin də əksər hissəsinin diqqəti yalnız bir ünvana – İran İslam Respublikasına yönəldi. Bunun üçün yetərli əsaslar da vardı. Rafiq Tağı parlaq yaradıcılığı dövründə qonşu ölkəni və onun müasir dövrün tələbləri ilə heç cür uzlaşmayan arxaik teokratik siyasətini və dövlət inanclarını, o cümlədədn islam dininin cəmiyyətdəki yerini və rolunu, siyasi ideologiyaya çevrilməsini, bu mənada İranın Azərbaycana və dünyaya mənfi təsirini sərt şəkildə sorğulayır və tənqid edirdi.

Bıçaqlanmasından cəmi doqquz gün əvvəl – 10 noyabr 2011-ci ildə yerli saytlardan birində dərc etdirdiyi "İran və qloballaşma qaçılmazlığı” adlı məqaləsi də bu versiyasının diriliyi üçün ciddi əsas hesab edilə bilərdi. Həmin məqalədə İran dövlətinin totalitar və dini xarakteri kəskin tənqid olunurdu.

Tehranı nişan vermək üçün digər səbəblər də vardı. Bunlara 2006-cı ildə qalmaqallı "Avropa və biz” məqaləsi dərc edildikdən sonra İranın görkəmli din xadimi Aytullah Məhəmməd Fazil Lənkəraninin onun ölümünə fətva verməsini, yazıçı, publisist və esseistin İranda və Azərbaycanda radikal dini qrupların kütləvi tənqidinə və təhdidinə məruz qalmasını və s. göstərmək olar.

2012-ci ilin oktyabr və noyabr aylarında Azərbaycan İslam Partiyasının 2 üzvünün də bu qətlin istintaqı çərçivəsində şahid qismində dindirilməsi və onlara Tağının bıçaqlanmasına dair suallar ünvanlanması bu versiyanın daha prioritet olduğunu düşünməyə əsas verirdi.

Ancaq illər keçdikdən sonra, xüsusən Azərbaycan hüquq mühafizə orqanlarının şübhəli hərəkətsizliyi və mərhumun hüquqi varisi və vəkili ilə fəal əməkdaşlıqdan imtina etməsi, qətlin istintaqının gedişi və nəticələri ilə bağlı cəmiyyətə heç bir məlumat verməməsi və s. fonunda, hadisənin ilk günlərində böyük əksəriyyət tərəfindən dəstəklənməyən, yalnız nadir insanların dilə gətirdiyi digər versiyalarının da yaşamaq haqqı olduğu haqda mülahizələr daha aydın səslənməyə başlandı. 

Artıq yazıçının həyat yoldaşı Mailə Tağıyeva yerli hüquq mühafizə orqanlarını cinayəti açmamaqda ittiham edir və bunun səbəbsiz olmadığına dair davamlı ismarıclar verirdi. 

Hadisənin ilk günlərində çox cüzi azlığın ağlına gələn qətlin Azərbaycan mənşəli versiyası ildən-ilə daha gur eşidlməyə başlandı. Əksəriyyətin təxəyyülündə yazıçının bir çox esse və məqələləri kimi, digər bir məhşur hekayəsi "Tapdaqıstan və Laplandiya” və onun yüksək çinli Azərbaycan rəsmiləri ilə assosiasiya edən personajları canlandı.

R.Tağı bıçaqlanandan dərhal sonra yaradılmış Müstəqil Təhqiqat Qrupu hadisə yerindəki kamera görüntülərinə baxış keçirərkən bıçaqlanmazdan əvvəl avtobusdan yazıçının ardınca bir nəfərin də düşdüyünü, onun əlində kağıza bükülü şübhəli alətin olduğunu müəyyən edə bildilər. 

Hüquq mühafizə orqanlarından daha cəld hərəkət edən Müstəqil Təhqiqat Qrupu üzvləri həmin görüntülərə baxış keçirib, mümkün şübhəli şəxsin profilinə dair versiya qursalar da, sonradan istintaq orqanı nəinki Müstəqil Araşdırma Qrupu ilə əməkdaşlığa maraq göstərdi, əksinə sözügedən videogörüntü haqda bütün sonrakı illərdə ciddi-cəhdlə susdu.

Prokurorluq qətlin bütün mümkün versiyalarını saf-nəzər etdiyini və istintaq hərəkətlərinin qısa zaman çərçivəsində həyata keçirilib, sübutların əldə edildiyini bildirsə də, bunun reallığa uyğunluğu dərin şübhə doğurur.

Hökumət Avropa Məhkəməsi ilə yazışma zamanı qatilin fotorobotunun hazılandığını, hadisə yerinin videogörütülərinin əldə edilib, incələndiyini, bıçaqlanmanın baş verdiyi ərazi boyunca mobil telefon lokalizasiyalarının, onların hərəkət troyektoriyalarının və aralarındakı SMS danışıqların götürülüş araşdırıldığını bildirir. Ancaq maraqlıdır ki, mərhumun hüquqi varsinin və vəkilinin bununla bağlı 14 dekabr 2011-ci ildən başlayan, 5 yanvar 2011-ci ildə təkrarlanan, həmin və sonrakı illərdə istintaq orqanına təqdim etdikləri bütün vəsatətlər heç bir ağlabatan əsas gətirilmədən rədd edilib.

Digər tərəfdən, Rafiq Tağı bıçaqlandıqdan sonra, 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alarkən 2 dəfə - 21 və 22 noyabr 2011-ci il tarixlərində Xətai Rayon Polis İdarəsinin və Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin müstəntiqləri tərəfindən zərərçəkmiş şəxs qismində dindirilib, ona hücum edən və bıçaqlayan şəxsin fiziki xüsusiyyətlərinə dair bir sıra məlumatlar verib. Ancaq cinayət işinin materialları nəinki cəmiyyətə, heç cinayət prosesis iştirakçılarının özünə də qapalı olduğundan qatilin hazırlandığı iddia edilən fotorobotunda həmin məlumatların nə dərəcədə əks etdirildiyi məlum deyil.

Avropa Məhkəməsi Tağının qətli işi üzrə onun nümayəndələrinin cinayət işinin materialları ilə tanışlığ buraxılmaması ilə pozuntu faktına yol verildiyini müəyyən ediblər. Hərçənd, zərərçəkmiş şəxsin hüquqi varisinin məruz qaldığı hüququ pozuntusunun miqyası daha geniş və əhatəlidir. Belə ki, istintaqın ilk illərində, daha dəqiq desək, 27 fevral 2012-ci ildə Mailə Tağıyevanı və vəkili Elçin Sadığovu qəbul edən həmin vaxt baş prokuror olan Zakir Qaralov müdafiəçini təhdid edərək onu müdafiədən kənarlaşdırmağa, nəticə etibarilə zərərçəkmiş ailəni müdafiəsiz qoyulmasına cəhd edib.

Digər bir vacib məqam, istintaqın yazıçının ölümündə həkimlərin məsuliyyət dərəcəsini müəyyən edib-etməməsidir. Mərhumun yaxınları noyabrın 23-də ölümündən az əvvəl əvvəlki 4 gündə (19-23 noybar 2011-ci il) Tağıya xidmət edən tibbi personaldan olmayan naməlum tibbi bacısı tərəfindən ona mənşəyi məlum olmayan iynə vurulldugunu bildirirlər. Məhz bu iynədən sonra, yazıçının səhhəti qəfildən pisləşmiş və o az keçməmiş vəfat etmişdir. Həmin tibb bacısının kim olduğu, şəxsiyyəti ilə bağlı vacib məlumatlar, onun vurduğu iynənin mənşəyi, öülmlə həmin iynə arasında səbəbli əlaqənin olub-olmaması müəmma kimi hələ də qalmaqdadır.

İstintaq 2012-ci ilin mart və aprel aylarında, Tağıya 1 saylı KTM-də xidmət edən tibbi personalı dindirdiyini bildirsə də, dindirilənlər arasında naməlum tibb bacısının olub-olmaması məlum deyil. Eyni fikri ona əməliyyatdan əvvəl aparılmış müayinələrin tam həcmdə olub-olmaması, cərrahi əməliyyatın taktiki və texniki cəhətdən düzgün icra edilib-edilməməsi, bütövülkdə tibbi yardımın səhiyyə sistemində mövcud peşə təlimat və qaydalarına uyğun aparılb-aparılmaması barədə də söyləmək olar.

7 iyul 2022-ci il tarixli qərarında Avroa Məhkəməsi yerli hüquq mühafizə orqanları tərəfindən bir sıra istintaq hərəkətlərinin uyğun və vaxtında həyata keçirildiyini müşahidə etdyini və istintaqın ümumi yetərliliyini şübhə altına alacaq hər hansı əksiklik görmədiyini bildirsə də, bunu bütün təhqiqat araşdırmalarına aid etmək mümkün deyil.

Məsələn, yazıçının hücuma məruz qaldığı hadisə yerinə baxış yalnız 22 noyabr 2011-ci ildə həyata keçirilib və və müvafiq protokol tərtib edilib. Yəni bıçaqlanmanın baş verdiyi tarixdən düz 3 gün sonra. 

Məhz bu qiymətli vaxtın itirilməsi və şübhəli ləngimənin nəticəsidir ki, cinayətin baş verdiyi yerdə heç bir maddi sübut, qan izləri və ya istintaq üçün əhəmiyyətli digər əşyalar aşkar edilməyib, bu da sözügedən protokolda əksini tapıb.

Eyni fikri mərhum bıçaqlanarkən əlində olan portfelin və əyinindəki paltarların məhkəmə-tibb ekspertizasının təyin edilməsi haqda qərarla bağlı da demək olar. Həmin ekspertizalar, yazıçının bıçaqlanmasının üstündən müvafiq olaraq 5 və 6 gün sonra, yəni - 24 və 25 noyabr 2011-ci il tarixlərində təyin edilib.

Hadisə yerinin kamera görünütülərinin araşdırılması isə 2011-ci ilin dekabr ayının sonlarına təsadüf edir. 23 və 27 dekabr 2011-ci il tarixli iki ekspert rəyindən görünür ki, bıçaqlanmanın baş verdiyi ərazini əhatə edən müşahidə kameralarının görüntüləri ekspertlər tərəfindən araşdırılıb. Ancaq araşdırma zamanı Müstəqil Təhqiqat Qrupunun hadisənin baş verdiyi gündən dərhal sonra – 20 noyabr 2011-ci ildə baxış keçirdiyi videogörüntülərdə yazıçının ardınca avtobusdan düşən şübhəli şəxsin videogrüntülərinin araşdırılıb-araşdırılmadığı, həmin şəxsin şəxsiyyətinin müəyyən edilib, dindirilməsinin təmin edilib-edilməməsi və s. məlum deyil.

...2008-ci ildə çap olunan "Qatilə didaktika dərsləri” adlı hekayəsində Rafiq Tağı iynəli ironiyayla yazırdı: "Üstü açılmayan hər cinayət özlüyündə milli sərvətdir...İstərəm, onu nəinki qətlimdən əvvəl, heç sonra da yaxalamasınlar. Ya heç olmasa, gec tutsunlar ki, qazanacağı bu ilk böyük uğurdan az-buçuq xoşbəxt yaşasın...”

Yalçın İmanov, hüquqşunas

Related News

Subscribe to stay updated