Nənəmin otağı - İlqar Aydın (hekayə)

Nənəmin otağı - İlqar Aydın (hekayə)
10 November 2021
Mətni dəyiş
Heç vaxt psixoloq yanına getməmişəm, gedənlərə də qəribə baxmışam. Mənə həmişə elə gəlib ki, psixoloqa yalnız xaricilər müraciət edir. Bir də izlədiyimiz xarici filmlərin qəhrəmanları. Bilmirəm nədəndi, amma, “İsrafil, yaxşı görünmürsən, bəlkə psixoloqa gedəsən?” kimi bir cümlə mənə həmişə qeyri-ciddi, hətta gülməli gəlib. Bu ilə qədər... Pandemiyanın ölkəmizə gətirdiyi sərt karantin rejimi mənim həyatımı “koronadan əvvəl” və “koronadan sonra”ya böldü. Aylarla evdə oturmaq, icazə ilə çıxıb, çörək almaq, işsizlik və pulsuzluq həyatımı darmadağın elədi. Hələ sosial şəbəkələrdəki  “keçən ilin bu vaxtı” funksiyası vəziyyətimi daha da gərginləşdirmişdi. Daima “Böyük qardaş səni izləyir” hissi məni insan olaraq öz qarşımda kiçildir, məqsədlərim və arzularım  bir-bir itməyə başlayırdı. Sonunda özümü soyuducuda unudulmuş, sonda istifadəyə yararsız hala gəlmiş mürəbbə kimi hiss etməyə başlamışdım. Uzun aylar sürən karantin, nəhayət, yumşalır və biz gündəlik iş-gücümüzə qayıdırdıq. Ətrafımda, dost-tanış arasında bir canlanma hiss edirdim, amma öz vəziyyətim düzəlmirdi. Sosial işçi olan bir dostum vəziyyətimin fərqinə vardı və bir gün eynən bayaqkı “zarafat”dakı kimi, mənə “İlqar, yaxşı görünmürsən, bəlkə psixoloqa gedəsən?” dedi. Dostumun bu şəfqətli təklifini əvvəl zarafata salsam da, sonra bir az düşündüm və razı oldum. Elə həmin dostumdan da tanış bir psixoloq tapmasını xahiş etdim. Heç bir həftə keçmədi ki, dostum əlində psixoloqun adı, ünvanı, telefon nömrəsi və emaili yazılmış bir kağız parçası ilə gəldi. Yubanmadan kağızdakı nömrəyə zəng edib, vaxt aldım. Bilmirəm niyə, amma zəngimdən sonra peşman oldum. Təyin etdiyimiz vaxta sayılı günlər qalanda, bütün dərdlərimin yoxa çıxdığının fərqinə vardım. Az qaldım, zəng edib görüşü ləğv edəm. Amma sonra fikirləşdim: “Həyatımda ilk dəfə psixoloqa getmək imkanı var.  Niyə bu imkandan istifadə etməyim?”. Üstəlik, düşündüm ki, bizi əlaqələndirən dostuma qarşı da ədəbsizlik etməyim, mənə görə naqolay vəziyyətdə qalmasın. Həmin gün çox həyəcanlı idim. Elə hey düşünürdüm: “Nədən danışacam, nə danışacam?”. Sonra əlimi yellədim, ümumiyyətlə, bu suallar məni yox, psixoloqu narahat etməli idi. Saat yaxınlaşanda, durub evdən çıxdım. Psixoloq kabinetinin yerləşdiyi plaza binaya çatanda, əlimi telefona atıb, saata baxdım. Görüşə hələ yarım saat vardı. Dayanacaqdakı köşkdən bir ədəd “Kent 8” aldım. Siqareti çəkərək, ətrafımdakı insanlara nəzər saldım. Nə əcəb, bu gün heç kəs mənə baxmır. Təəcübləndim. Axı niyə mənə baxan yoxdur? Psixoloqa gedirəm eee mən! Siqareti axıra qədər çəkmədən, divara sürtərək közünü söndürdüm, əzik kötüyü cibimə atıb, plazaya tərəf getdim. Əsas qapını ilk baxışdan bəyənmədim. Bu tipli qapıları uşaq vaxtı filmlərdə görəndə də anlamırdım. Sonra onlardan Bakıya da gəldi. Qapılar avtomatik açılır və “dəyirman” kimi fırlanır. Sürətli addımlarla irəli hərəkət etməlisən, yoxsa dəyirmanın bir qanadı arxadan sənə dəyə bilərdi. Əsəbi şəkildə içəriyə daxil oldum, məlumat masasına yaxınlaşıb, psixoloq Anar müəllimin yanına gəldiyimi söylədim. Daha sonra öz ad, soyadımı deyərək, şəxsiyyət vəsiqəmi təqdim etdim. Əvəzinə “reception” mənə “QR” kodla olan bir qəbz verib, liftlə 25-ci mərtəbəyə çıxmağımı söylədi. Liftə doğru gedib, ətrafa göz gəzdirdim. “Dəmirçi plaza” digər plazalardan heç nə ilə fərqlənmirdi. Parıldayan şüşə divarlar, yeri silən mavi “kombinezon”lu xalalar. Qapı yanında gəzişən bəyaz köynəkli, idmançı oğlanlar, təxminən iki metrlik Benjamin Fikusları. Bitkilərə həmişəki kimi doğru qulluq edilmirdi, ona görə bu gözəl ağaclar cəmi iyirmi faiz yarpaqlardan, səksən faiz quru budaqlardan ibarət idi. Liftin qapısı açıldı, içəri girib, 25 düyməsini basdım. Liftin divarları “xarici dil” kursların reklamları ilə dolu idi. Pankartları bir-bir incələyərkən 25 mərtəbəyə necə gəlib, çatdığımı hiss etmədim... Dəhlizə çıxıb, sola yeridim. Növbəti döngəyə çatanda, mənə lazım olan qapını tapdım. Qapının solundakı balaca məlumat lövhəsində “Psixoloq Dr.Anar Musayev” adını oxudum. Deməli, düz gəlmişəm. Telefonu cibimdən çıxarıb saata baxdım, hələ beş dəqiqəm vardı. Tavandan asılı, ayaqyolu işarəsini göstərən oxa baxdım. Bura çox yaxın idi. - Əla. İki saat oturacam psixiatrın yanında, bəlkə heç buraxmayacaq məni? Qoy gedim, indidən işəyim... Tualetə girib, otağın digər işıq yandıran düymələrini basdım, dörd işıqdan cəmi biri yanırdı, otağın boz kafelləri isə hər tərəfi daha da tündləşdirirdi. Yaxşı ki, tək yanan işıq güzgüyə vururdu, verdiyi effekt məkanda bir az görünmə effekti yaradırdı. - Gijdıllaxlar, o boyda pul qazanırlar, üç dənə lampa alıb, tualetə taxa bilmirlər! Bunu səsli düşündüm. Pisuarla işimi bitirəndən sonra, Aygün Kazımovanın “ Qoy, işığı söndürüm” mahnısını zümzümə edərək, əllərimi yumağa başladım. Birdən üzbəüz kabində kimsə sifonun suyunu çəkdi və bu səs mahnımı yarımçıq kəsdi. Bayaqdan tək olmadığımı fərq etdim. Tez əllərimi qurudub, çıxmağa calışsam da, kabindən çıxan adam güzgünün əks tərəfindən üzümə baxaraq, gülümsədi. Mən də gülümsəyərək, “salam” verdim. Sonra sürətlə oranı tərk etdim. - Xiyaram eee...Heç tualatdə adam-adamla salamlaşar? Özümü danlayaraq, Anar müəllimin otaq qapısına əl atdım. Qapı bağlı idi. Əmin olmaq üçün qapı qulpunu sıxaraq, bir daha aşağıya, yuxarıya çəkdim. Birdən, sağımda bayaq tualetdə mənə  “gülümsəyən” adamı gördüm. Oğlan yenə də gülümsəyirdi, amma bu səfər əlində açar vardı. - İlqar bəysiz? - Bəli, siz də Anar olmalısız! - Bəli, şad oldum... - Mən də... Anar qapını açaraq, məni içəriyə dəvət etdi. Başımı sallayaraq, otağa keçdim. İçəri girən kimi qıcıqlandım, heç bir divar yaşıl rəngdə deyildi. Axı psixologiyada yaşıl rəng, beyin sakitləşdirən rəngdi, bunlar bunu bilmirlər ki? İkinci qıcıq yaradan səbəb isə psixoloqun özü idi. Bayaq tualetdə babat qaranlıq idi deyə, üzünü əməlli-başlı görə bilməmişdim. İndi baxırdım və hiss edirdim ki, bu adam heç də təsəvvür etdiyim kimi deyil. Mən gözlədiyim adamın boğazında dəxilsiz rəngdə şərf olmalı idi. Sağ əlin barmaq uclarını sol əlin barmaq uclarına  birləşdirərək danışmalı, gözündə incə, sağanaqsız eynəyi, gicgahında isə ağarmış saçları olmalıydı. Bunda isə hər şey tərsinə idi, cins şalvar, idman ayaqqabıları geyinmişdi. Yumru üzü, balaca burnu, səliqəli kəsilmiş saçları və xırda gözləri var idi. Daha sonrakı seanslarda  otağından çıxanda üzünü yaddan çıxarırdım, bilmirəm niyə... Xoş olan bircə gözəl səsi idi. Musiqi idi elə bil. Türkiyə türkcəsindən çox istifadə edirdi deyə, arada səsi də məni əsəbiləşdirirdi. Xəyalımda canlandırdığım bütün “psixoloq romantikası”nı pozurdu. Otaq 25-ci mərtəbədə yerləşirdi. Bir divarı tamamilə şüşədən idi. Sanki böyük bir pəncərəydi. Mənim də yüksəklikdən qorxum olduğu üçün, izləyəcəyim şey yalnız Anarın əlləri idi.. Hə bir də, tərslikdən digər görüşlərdə də biz seansdan öncə tualetdə qarşılaşırdıq. Anar məndən niyə bura gəldiyimi soruşdu. Cavab vermək yerinə ona qohumlarım, ev, dostlar və iş yoldaşlarım haqqında üyüdüb-tökdüm. Şikayətlərimi danışıb bitirdikdən sonra dedim ki, “sualınızın cavabını bilsəydim, bura gəlməzdim”. Anar yenə gülümsədi. Onun sualının cavabını həqiqətən düşündüyümü sübut etmək üçün, Mixail Lobkovskinin “İstəyirəm və edəcəm” kitabından sitatlar söyləməyə başladım. Anarın yuxarı yüksələn qaşları və alnında yaranan qırışlardan onun təəccübləndiyini anlamaq olurdu. Qeyd apardığı ağ vərəqi kənara qoyub, yenisini götürdü. Orada nəsə sxem çəkərək,  öz peşəsinə aid termində sözlər yazdı. Sonra vərəqi göstərərək, “növbəti seansda səninlə bu sxemi bir-bir sökərək incələməyə başlayacayıq” dedi. İkinci gün mən yenə də çoxlu danışırdım, o isə susub, qeydlər aparırdı. Növbəti iki gün də belə davam edirdi.  Artıq bezməyə başladım. Düşündüm ki, onsuz da Anara danışdığımı dost-tanışa da danışıram. Ona heç ehtiyac yox imiş. Amma sonuncu seansda vəziyyət dəyişdi. Mən susdum, o danışdı. - Bilirsən, İlqar, hər insanın  “ safe place”–i olmalıdır, yəni özünü rahat, təhlükəsiz hiss elədiyi yeri. Necə fikirləşirsən, sənin belə yerin var? - Bilmirəm. Bu haqda heç vaxt düşünməmişəm. - Bu normaldır. İndi  biz meditasiya vasitəsi ilə o yeri axtarmağa çalışacağıq. Gözlərini yum və dərindən nəfəs almağa başla. Elə nəfəs al ki, mən eşidim. Bədənini kresloya sıx, çalış, səni heç nə narahat etməsin. İndi uşaqlığa səyahət etməyə çalışacağıq. Uşaq vaxtı qorxub qaçdığın yer varsa, ora get. O hissi yadına sal, o məkanı tap... Gözlərimi bərk sıxıb, bütün diqqətimi uşaqlıqda qaçıb gizləndiyim otağa verdim.  O anda Anardan uzaqlaşdığımı hiss etdim, daha sonra gözümü nənəmin otağında açdım. İlahi, bura əvvəlki kimidir. Düz 27 il bu otaqda yatıb, qalxmışam. Demək olar, burada böyümüşəm. El arasında “xruşyovka” adlanan, iki otaqlı köhnə ev... Səkkiz nəfər qalırdıq bu evdə. Oğlanlar bir otaqda qalırdı, qızlar o birində. Mən balaca olduğum üçün qızlarla bir qalırdım, çünki oğlanlar qaldığı otaq həm də qonaq otağı idi. Dayılarım yatıb durandan sonra tez-bazar döşəklərini yığışdırıb, otağı qızlara, yəni xalalarıma təhvil verirdi. Qızlar otağı süpürüb, səliqəyə salırdı. Qonaq otağı olsa da, heç cəlbedici otaq deyildi. İki köhnə pəncərəsi vardı, hər yağış yağanda içəriyə su buraxır,  hər güclü külək əsəndə köhnə çərçivələri yerindən oynayıb, qorxulu filmlərindəki səs effektini verirdi. Otaqda tank boyda iki servant vardı, o servantların rəflərinə düzülən büllurların, qab-qaşıq dəstlərinin heç birinə toxunmaq olmazdı. Onlar xalalarımın cehizləri idi. Lap yuxarı başda qutulara yığılmış, heç vaxt açmağa fürsət tapmadığım əşyalar vardı. Qızlar buranı tez-tez yığışdırsa da otağı tozdan qurtarmaq mümkün deyildi. Toz hər tərəfdən tökülürdü. Əlbəttə, köhnə pəncərələrin günahı idi. Bura gözəllik qatan tək şey pəncərə altlıqlarına düzülmüş gül dibçəkləriydi. Bu çiçəklərin nəmindən divar daima qaralırdı. Yekə masa və çoxlu fərqli oturacaqları var, yerdə isə otağın ölçüsü boyda olan qırmızı xalça. Çox sıx idi, heç xoşum gəlmirdi burdan, hələ hər boşluğundan istifadə edib öz yumşaq oyuncaqlarını yığan xalalarım otağı lap sıxırdı. Heç xoşlamırdım buranı. Nənəmin otağı isə fərqli idi, ora da darısqal idi, orada da yer yox idi, amma rahatdı. Yekə bir taxt var idi, iki dənə də dəmir setkalı yataq, taxt və yataqlar  fərqli ölçüdə və rəngdə balışlar ilə dolu idi. Divardan nəhəng bir xalça aslılmışdı, yataqların üzü balaca “Sony” televizoruna baxırdı. Bu televizor xalamın cehizi idi, xalam ərə gedəndə televizor da onunla getdi. Nənənin otağını ilk dəfə altı yaşımda kəşf etmişdim. O aralarda ikinci mərtəbədə yaşayan Cəfər adlı bir qonşu uşaq var idi, ona nifrət edirdim. İndi də o yadıma düşəndə qəribə hisslər keçirirəm. Ətrafda hamımız qaragöz, qaraqaş olduğumuz halda, Cəfər bəyaz dərili, mavi gözlü uşaq idi. Yəqin ki, ona həsəd aparırdım. Əlimə hər fürsət düşəndə Cəfəri döyürdüm. Bu dəfə əlimdə bir parça asfalt qırığı var idi, Cəfər də qabağımda durub, bir “Nizamiyə” olan balaca dəmir maşınla oynayırdı. Düşünmədən əlimdəkini Cəfərin başına çırpdım. Səs-küyü bütün məhləyə yayıldı, o anda qorxub evə qaçdım. Nənəm işdə olduğu üçün tez otağına girib, yatağın altında gizlənmişdim. Cəfərin anası Aynur xala sürüb, qapımıza gəlmişdi, xalam onu başından edib, evinə yolladı. Mənsə düz səkkiz saat yatağın altından çıxmadım. Nənəm işdən qayıdandan bütün uşaqları  mənim axtarışım üçün səfərbər elədi. Ümumiyyətlə, xala və dayılarımla münasibətim fərqli olub. Xalalarımın sevgisini həqiqətən hiss edirdim. Qızlar mənə balaca qardaş kimi baxırdı, hər apardığı yerdə də elə təqdim edirdilər. Lalə xala daha çox gəzməyə aparırdı, gah rəfiqəsigilə, gah da sevdiyi oğlanla bulvara. Nənəmə heç nə danışmayım deyə içində hədiyyə olan şokoladlı yumurtalar alırdı. Tamilə xalam həkimim və müəlliməm idi, hər gecə mənə nağıl oxuyur, yazıb, pozmağı öyrədir, xəstələnəndə  dərman içdirmək üçün kiçik hədiyyələr edirdi. Dayılarımla hər şey tərsinəydi. Onlar məni küçədə görəndə evə göndərir, evdə görəndə isə başqa otağa yollayırdılar. Bizim evdə heç vaxt  ağsaqqal və ya kişi sözü keçməyib. Çünki evin ağsaqqalı da, kişisi də nənəm idi. Evi, ailəni nənəm idarə edirdi. Dayılarım məni öpüb, əzizləyəndə bunu nənəmin xoşuna gəlmək üçün etdiklərini hiss edirdim. Yalnız sonradan bildim ki, onlar başqalarının yanında mənə görə utanırdılar. Mən dayılarımın evdən qaçmış bacısının uşağıydım. Mənə olan münasibətlərinə başqa izah tapa bilmirdim. Bəlkə də başqa heç kimin yanında sözləri keçmirdi deyə, mənim üzərimdə “məşq” edirdilər, bilmirəm. İlk dəfə ortancıl dayımla dalaşanda, onu söydüm, dedim ki, ondan zəhləm gedir. Bunu eşidən nənəm çox ağlamışdı, sonra məndən söz almışdı ki, bir daha heç vaxt dayılarıma belə söz deməyəcəm. Söz verdim. İllər keçib, amma dayılarımla hələ də aramızda gərginlik var. Amma indi onlarla üz-üzə gələndə daha “peşəkar” davranıram. Uşaqların evdən çıxdığına əmin olanda, yatağın altından çıxdım. Nənəm bərk qorxmuşdu, odur ki, tapıldığıma çox sevindi. Sevindiyindən mənə heç nə etmədi, nə söydü, nə döydü. Dedi ki, bir də nə olur-olsun, gizlənib, onu qorxutmayım. Dedim ki, mən də qorxmuşdum. O gündən həmin böyük taxtda düz beş il nənəmin yanında yatdım. Nənənin yatağı çox yumşaq və isti idi. Divardakı xalça isə lap yerinə düşürdü, qışda elə yerimdən qalxmadan buterbrod yeyib, divara söykənərək, cizgi filmləri izləyirdim. Televizor otağın düz elə ortasında idi, sol tərəfində qapıydı, sağ tərəfindəki küncdən isə ikonalar asılmışdı. Nənəm provaslav xristian olduğu üçün o ikonalara  küncdə rəf düzəltdirmişdi. Rəfdə təkdə ikonalar yox, həm də “İncil” kitabı və şamlar da vardı. Axşamlar nənəmin duaları ilə yuxuya gedir, səhərlər eyni dualarla yuxudan oyanırdım. Bu ritualdan çox xoşum gəlirdi. Əriyən şamın qoxusu, “laden” ilə əvəzlənib, otağa xüsusi, pozitiv bir ovqat verirdi. 11 yaşım tamam olandan sonra nənəmlə birlikdə yatmağı bitirdim. Xalalarım ərə getmişdi, otaqda nənəmlə mən qalmışdım. Xalaların yatağının birini çıxarıb, birini özümə saxlamışdım. 12 yaşım olanda, nənəm ad günümə taxtadan, yaysız, yumşaq döşəkli yataq aldı. O gün çox sevinmişdim. Təzə yatağın “siftəsi”ni elədim. Birinci dəfə uzanıb, ədyalın altında masturbasiya edəndə, nənəmin nəyə görə dəmir yaylı yatağı, taxta yataqla əvəz elədiyini anladım. Taxta yataqdan səs çıxmırdı. İşimi yarımcıq qoyub, küncdən mənə baxan Müqəddəs İsanı gördüm, üzr istəyib birdə bu otağı mundarlamayacağıma söz verdim. Uzaqdan Anarın səsini eşitdim. Sonuncu dəfə otağa göz gəzdirib, “mən qayıdacam!” dedim. Çox təəccüblü idi. Bunlar yuxu deyildi axı, bu hadisələrin hamısı həqiqətən başıma gəlmişdi. Anar gülümsəyərək məni təbrik etdi:
  • Seansımız sona çatır. Sən yuxu görmürdün,  gözünü yumub, hər şeyi mənə danışmısan. Təbrik edirəm, indi sənin “Safe Space”-in var...
Hekayə Salaam Cinema-ın təşkilatçılığı və yazar Günel Mövludun mentorluğu ilə keçirilən “Yazı sənəti laboratoriyası” layihəsi çərçivəsində yazılıb

Related News

Subscribe to stay updated