Rəşad Səfər
Yazıçı, publisist
1985-ci ildə Kürdəmirdə doğulub. Orta məktəbi Kürdəmirdə bitirib, ali təhsili Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində alıb.
Rəşad Səfər özü haqqında belə deyir: "İyirmi iki-iyirmi üç yaşlarına qədər hədəflərim tamam başqa olub. Amma sonralar, obyektiv və subyektiv səbəblərdən, fikirlər, hədəflər, həvəslər dəyişdi. İş elə gətirdi ki, uzun illər Avropada və Latın Amerikasında yaşamalı oldum. Avropada yaşadığım dövrlərdə də ədəbiyyat girdi ortaya.
Mənim kimi doxsanıncı illərin əyalətində böyümüş insanların, adətən, əvvəlcədən uzunmüddətli niyyət və hədəfləri olmur. Yalnız “prokuror ol, həkim ol, iqtisadçı ol” kimi məhdud tövsiyələr eşidən, məhdud imkanlara malik bir insanın seçim azadlığı da məhdudlaşır, hədəfi qısamənzilli olur. Ancaq zamanla, yol getdikcə, gerçəkliklərlə özün rastlaşdıqca yeni hədəflər, yeni “niyə”lər yaranır. Məsələn, hüquq fakültəsində oxumaq istəyimin səbəbi prokuror, müstəntiq olmaq idi. Bu qədər bayağı və standart bir arzu. Universitetdən sonra gördüm ki, bu iş mənlik deyil. Üz tutdum diplomatik xidmətə. Sonra da ədəbiyyatın içinə daldıqca tədricən həyata, gələcək planlarıma münasibət dəyişdi.
Yeri gəlmişkən, bu prosesdə ovaxtkı ədəbi-mədəni hərəkatın, konkret olaraq Azad Yazarlar Ocağının (AYO) böyük “mərdiməzarlığı” oldu. Nəticədə də on bir illik diplomatik fəaliyyətdən ayrıldım. İndi hərdən fikirləşirəm, iyirmi üç-iyirmi dörd yaşlarımda rastlaşdığım yazılarla, kitablarla daha öncə, məsələn, on dörd-on beş yaşlarımda rastlaşsaydım, həyatın axarı necə olardı?"