Ülvi Həsənli

Ülvi Həsənli

“Abzas Media”nın direktoru və təsisçilərindən biri

Müəllif səhifəsinə keç

Ülvi Həsənli 10 avqust 1987-ci ildə Gəncədə anadan olub. 2005-ci ildə Gəncə şəhər 29 saylı orta məktəbini bitirib. Həmin il Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub, lakin 2006-cı ildə siyasi fəaliyyətinə görə universitetdən uzaqlaşdırılıb. Daha sonra 2008–2013-cü illərdə Azərbaycan Turizm və Menecment Universitetində təhsil alıb.

Ülvi Həsənli uzun illər ictimai-siyasi fəaliyyətlə məşğul olub. O, Dalğa Gənclər Hərəkatında fəaliyyət göstərib, daha sonra Azad Gənclik Təşkilatının təsisçisi və sədri olub. Həmçinin Demokratik Qüvvələrin Milli Şurası və NİDA Vətəndaş Hərəkatında təmsil olunub.

2016-cı ildə müstəqil media platforması olan “Abzas Media”nın əsasını qoyanlardan biri olub və həbsinə qədər direktor vəzifəsini icra edib.

“AbzasMedia” hökumət məmurlarının biznes sövdələşmələri, o cümlədən 2020-ci ildən Qarabağda aparılan yenidənqurma işlərində iddia edilən korrupsiya faktları ilə bağlı araşdırmaları ilə tanınır.

Ülvi Həsənli 2017-ci ildə səhhətinə görə hərbi xidmətdən möhləti olmasına baxmayaraq, yenidən tibbi müayinəyə çağırılıb, xəstəxanada saxlanılaraq ailəsinə xəbər verilmədən hərbi hissəyə aparılıb. 1 noyabr 2017-ci ildə Bakı Hərbi Məhkəməsi onun məcburi hərbi xidmətə cəlb olunması ilə bağlı şikayətini icraata qəbul edib. Müdafiə tərəfi hərbi xidmətə aparılmanın qanunsuz sayılmasını, onun məhkəmə prosesində şəxsən iştirakını və müstəqil tibbi ekspertiza təyin olunmasını istəyib. Şikayətdə ağır xəstə şəxsin zorla hərbi xidmətə aparılmasının qeyri-insani rəftar və işgəncə xarakteri daşıdığı da bildirilib. Lakin 3 noyabrda məhkəmə işə mahiyyəti üzrə baxmaqdan imtina edib və Hərbi Prokurorluğa müraciət etməyi tövsiyə edib. 13 noyabrda isə Bakı Apellyasiya Məhkəməsi onun məcburi hərbi xidmətə aparılması ilə bağlı apellyasiya şikayətini rədd edib.

Həsənli, həmçinin 2020-ci ildə Azərbaycanda parlament seçkilərində bitərəf namizəd kimi iştirak edib.

O, fəaliyyəti boyunca dəfələrlə təzyiq və saxlanma ilə üzləşib. 2011-ci il etiraz aksiyasında, 2023-cü ildə Söyüdlü hadisələri ilə bağlı ABŞ səfirliyindəki aksiyada tutulub.

Ülvi Həsənli “Abzas Media” işi ilə bağlı 20 noyabr 2023-cü ildə saxlanılıb. Həmin gün polis medianın ofisində axtarış aparıb. Redaksiyada 40 min avro tapıldığı iddiası ilə Həsənliyə qarşı xarici valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb. Həsənli bu pulun ona məxsus olmadığını deyib, polisin pulu saymağı tələb etməsinə baxmayaraq, ona toxunmaqdan imtina edib. Sonradan pulun üzərindəki barmaq izlərinin müəyyən edilməsi və bu istiqamətdə araşdırma aparılması üçün məhkəməyə müraciət olunsa da, məhkəmə bunu araşdırmaqdan imtina edib.

21 noyabr 2023-cü ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Məhkəmədə o, ittihamın qanunsuz olduğunu bildirib və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyib.

Cinayət işi əvvəlcə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq ittihamı ilə başlanıb. Sonradan - 2024-cü il, avqustun 16-da iş üzrə ittihamlar ağırlaşdırılıb və 206.3.2-ci maddə ilə yanaşı, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1 və 320.2, 213.2.1-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri də əlavə olunub. 

Həsənlinin sözlərinə görə, saxlanılması “Abzas Media”nın xüsusilə Qarabağdakı bərpa işlərinə ayrılan vəsaitlər, eləcə də prezidentin ailə üzvləri və onlara yaxın məmurların şirkətləri ilə bağlı araşdırmaları ilə əlaqəlidir.

Ülvi Həsənli saxlanılarkən polisin fiziki zorakılığına məruz qalıb və gözünün altında qançır olub. Həbsi zamanı baş vermiş zorakılıq və qeyri-insani rəftar faktları ictimailəşdirilsə də və məhkəmədə bununla bağlı vəsatət verilsə də, məsələ üzrə heç bir araşdırma aparılmayıb.

Həbsindən sonra Ülvi Həsənlinin ailəsi ilə əlaqə hüququ tamamilə məhdudlaşdırılıb. Bir neçə ay ərzində onun telefon zənglərinə və ailə görüşlərinə qanunsuz qadağalar qoyulub, iki yaşlı qızı ilə yalnız 6 ay sonra görüşə bilib.

İstintaq dövründə Ülvi Həsənlinin həbs qətimkan tədbiri ən son mərhələyə qədər uzadılıb.

O, həbsdə olduğu müddətdə də jurnalist fəaliyyətini dayandırmayıb. Həsənli, penitensiar sistemdəki qanunsuzluqları, məhbusların saxlanma şəraitini, həbs yerlərindəki hüquq pozuntuları və qeyri-insani rəftar halları barədə yazıb.

Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanası və 3 saylı Şüvəlan İstintaq Təcridxanasındakı qeyri-insani şərait, məhbuslara qarşı işgəncə halları ilə bağlı yazıları geniş əks-səda doğurub, beynəlxalq və yerli ictimaiyyətdə müzakirələrə səbəb olub.

Məhz bu halları ictimailəşdirdiyinə görə dəfələrlə həbsxana rəhbərliyinin təzyiqləriylə üzləşib. Ona qarşı təxribatlar təşkil olunub, kamerasındakı digər məhbus vasitəsilə ölümlə hədələnib və susdurulmasına cəhd göstərilib.

20 iyun 2025-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda Ülvi Həsənli 9 il müddətinə azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi və Ali Məhkəmə bu hökmü qüvvədə saxlayıb.

Ülvi Həsənli Umbakı qəsəbəsində yerləşən Penitensiar Kompleksə köçürülməsinə etiraz olaraq 17 gün aclıq aksiyası keçirib. O bildirib ki, bu müəssisədə körpə qızı və həyat yoldaşı ilə açıq görüşə icazə verilməyib. Həmçinin, müəssisənin uzaqda yerləşməsi ailəsinin və vəkillərinin onun yanına getməsini çətinləşdirib. Həsənli Bakı İstintaq Təcridxanasına qaytarılmasını tələb etsə də, vəkillərinin bununla bağlı məhkəmələrə verdiyi vəsatətlər nəticəsiz qalıb.

Yerli və beynəlxalq insan hüquqları təşkilatları Ülvi Həsənlini siyasi məhbus kimi tanıyıb.

Ülvi Həsənli 2025-ci ildə Václav Havel İnsan Hüquqları Mükafatına namizəd seçilən 3 jurnalistdən biri olub. 

2025-ci il iyunun 20-də ona 9 il azadlıqdan məhrumetmə cəzası verilərkən, son sözündə deyib:

“Həbsxana bizim üçün nə cəza, nə ümidsizlik, nə də zülm ola bilər. Çünki mübarizə davam edir, həqiqət, mənəvi üstünlük də biz tərəfdədir. Bizi cəzalandırmaq istəyənlər əmin olsun ki, biz həbsxanadan daha mütaliəli, daha güclü, daha təcrübəli çıxacağıq. Onlar başa düşməlidirlər ki, həbs jurnalistlər, siyasi məhbuslar üçün cəza yeri olmamalıdır.

Biz azad söz, müstəqil mətbuat uğrunda azadlığımızdan məhrum olmuşuq. Həbs olunduğuma görə heyfslənmirəm. Bu da bir təcrübədir. İlham Əliyev bizim fiziki azadlığımızı əlimizdən ala bilər, amma düşüncə, ifadə, söz azadlığımızı əlimizdən ala bilməz. Biz hansısa məsələdən yazanda özümüzü bir çox cəhətdən xoşbəxt hiss edirik. Həm mənəvi rahatlıq tapırıq, həm də hansısa problemin həllində az da olsa rolumuz olduğuna görə bir daha peşəmizə minnətdarlıq duyuruq”.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun