Elnarə Qasımova

Elnarə Qasımova

“Abzas Media”nın jurnalisti

Müəllif səhifəsinə keç

Elnarə Qasımova 1996-cı il, fevralın 5-də Bakıda anadan olub. 2014-cü ildə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecini, 2016-cı ildə isə Bakı Jurnalistika Məktəbini (BJM) bitirib.

2014–2016-cı illərdə NİDA Vətəndaş Hərəkatının üzvü olub.

Elnarə Qasımova 2018-ci ildən jurnalistika ilə məşğul olub. Bu müddət ərzində “Açıq Azərbaycan”, “Meydan TV”, “Amerikanın Səsi”, “BBC Azərbaycan” və “Mikroskop Media” ilə əməkdaşlıq edib. 2023-cü ilin oktyabrından isə “Abzas Media”da fəaliyyətinə davam edib.

Peşəkar fəaliyyəti boyunca dəfələrlə polis təzyiq və təhdidi, qeyri-insani rəftar və saxlanma ilə üzləşib.

2021-ci il avqustun 4-də feministlərin Sevil Məhərrəmovanın qətlinə etiraz olaraq Xəzər Rayon Polis İdarəsinin qarşısında keçirdikləri aksiyada peşə fəaliyyətini yerinə yetirərkən həmkarları ilə birlikdə saxlanılıb. Saxlanma zamanı kobud rəftara, idarə polisinin təhqirinə məruz qalıb, çəkiliş avadanlığı zədələnib. İdarədən yayılan səs yazısında polis əməkdaşının onu hədələyərək aksiyanın video görüntülərini silməyi tələb etdiyi eşidilir. Bununla bağlı aidiyyəti orqanlara şikayət verilməsinə baxmayaraq, heç bir nəticə əldə olunmayıb.

Elnarə Qasımova 2023-cü il, noyabrın 27-də “Abzas Media işi” üzrə şahid qismində dindirilmək üçün Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. Dindirilmədən sonra mediaya müsahibə verən jurnalist iki saat ərzində iş üzrə həbs olunmuş həmkarları və peşəkar fəaliyyəti barədə sorğu-sual edildiyini bildirib.

Qasımova 2024-cü il, yanvar ayının 13-də şahid qismində dindirilmək üçün yenidən BŞBPİ-yə çağırılıb. Eyni iş üzə ikinci dəfə dindirilən həmkarı Nərgiz Absalamovanın idarədəcə həbs edilməsini nəzərə alaraq, Elnarə Qasımova özünün də bənzər üsulla həbs ediləcəyini yəqin edib. Buna görə də o, dindirilməyə getməzdən əvvəl həbsxana çantasını hazırlayıb, ailəsi və sevdikləri ilə vidalaşıb. 

Elə güman etdiyi kimi də olub. Yanvarın 13-də BŞBPİ-dəki dindirilmədən sonra Elnarə Qasımova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq)  ilə şübhəli şəxs qismində saxlanılıb. O, “Abzas Media işi” ilə bağlı həbs olunan altıncı jurnalist olub.

Yanvarın 15-də Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən iclasda barəsində 2 ay 17 günlük həbs qətimkan tədbiri seçilib.

Elnarə Qasımova həmin məhkəməyə gətirilərkən zorakılığa məruz qalıb. Vəkili Bəhruz Bayramovun sözlərinə görə, konvoy əməkdaşları jurnalistə qarşı qeyri-insani rəftar nümayiş etdiriblər: 

“O, məhkəməyə əlləri arxadan qandallı şəkildə gətirilmişdi. Ehtimal ki, məhkəmə binası qarşısında toplaşan həmkarlarını salamlamasının qarşısını almaq üçün. Məhkəmə zalına gətiriləndə qandallar artıq öndən vurulmuşdu”.  

Digər vəkil Aişə Əbdül Qadir istintaq vəsatətində Qasımovanın həbsinin zəruriliyini əsaslandıran heç bir dəlilin təqdim edilmədiyini bildirib. Müdafiə tərəfi Elnarə Qasımovanın iddia olunan cinayət dövründə ölkədən çıxmadığını vurğulayıblar. Hakim istintaqçıdan onun həbsinin nə üçün zəruri olduğunu soruşduqda, istintaqçı iddianın əsasını izah etmədən yalnız “bu işdə başqa şəxslər var və o, onlara təsir edə bilər” cavabını verib. Müdafiə tərəfi Qasımovanın Bakıda daimi yaşayış yeri olduğunu, çağırıldıqda istintaq orqanlarına gəldiyini və qaçmağa cəhd göstərmədiyini qeyd etsə də, məhkəmə heyəti buna məhəl qoymayaraq onu həbs edib. 

Qasımova isə məhkəmədə ona qarşı olan ittihamları rədd edib. Bildirib ki, həmkarları həbs olunduqdan sonra “Abzas Media”da  jurnalist fəaliyyətini davam etdirib, video reportajlar hazırlayıb və məhz bu səbəbdən onu da həbs ediblər.

Həbsindən sonra istintaq təcridxanasında Qasımovaya aylarlarla ailəsi ilə telefon danışıqları və görüşlər qadağan edilib. Vəkilləri ilə görüşlərində müdafiəçi sənədlərinin konfidensiallığı pozulub, vəkillərin üzərində və gətirdikləri sənədlərdə axtarış aparılıb. 

Elnarə Qasımova həbsindən sonra da saxlanıldığı Bakı İstintaq Təcridxanasında jurnalist fəaliyyətini davam etdirib. Dəfələrlə həbsxanadakı qanunsuzlar, rüşvət halları, qadın məhbuslara qarşı törədilən hüquq pozuntularını işıqlandırıb. Bu səbəbdən təcridxana rəhbərliyinin təzyiq və qeyri-insani rəftarına məruz qalıb. 

2024-cü ilin noyabrında Elnarə Qasımova, Sevinc Vaqifqızı və Nərgiz Absalamova ictimaiyyətə birgə məktub ünvanlayaraq həbsxanadakı ağır şəraitdən - qadın məhbuslara qanunla nəzərdə tutulan yemək, paltar, gigiyena vasitələri və yataq dəstlərinin təmin edilməməsindən bəhs ediblər.

Elnarə Qasımovanın istintaq dövründə həbs qətimkan tədbiri dəfələrlə uzadılıb, müdafiə tərəfinin ev dustaqlığına keçirilməsi ilə bağlı vəsatətləri rədd olunub.

2024-cü il, avqustun 19-da iş üzrə həbs edilən digər həmkarları kimi, Elnarə Qasımovaya qarşı da ittihamlar ağırlaşdırılıb. O, 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması), 206.4 (mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq), 213.2.1 (mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma), 320.1 və 320.2 (sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə) maddələri ilə ittiham olunub. 

2025-ci il mayın 20-də prokuror Rauf Malışov Elnarə Qasımovanın 11 il azadlıqdan məhrum edilməsini istəyib.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hakim Rasim Sadıxov Elnarə Qasımovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verib. Hökm oxunarkən “Abzas Media” jurnalistləri hakimlərə arxa çevirərək redaksiyanın prezident ailəsi və yüksək rütbəli məmurlara dair korrupsiya araşdırmalarının posterlərini qaldırıblar  və bu araşdırmalara görə həbs edildiklərini bildiriblər. 

Apellyasiya Məhkəməsi və Ali Məhkəmə 8 illik hökmü qüvvədə saxlayıb. 

2025-ci ilin iyulunda Elnarə Qasımova həmkarları Sevinc Vaqifqızı və Nərgiz Absalamova ilə birlikdə Ülvi Həsənlinin uzaq Umbakı həbsxanasına köçürülməsinə və oradakı şəraitə etiraz olaraq başlatdığı aclıq aksiyasına qoşulublar. Aclıq aksiyası zamanı təcridxana rəhbərliyi Qasımovanın ailəsinin gətirdiyi təmiz paltar, gigiyena vasitələrini qəbul etməkdən imtina edib.

2025-ci ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən sonra iş üzrə təqsirli bilinən digər qadın həmkarları ilə birgə Lənkəran Penitensiar Kompleksinə köçürülüb. Köçürülmə zamanı da qeyri-insani rəftara məruz qalıb, şəxsi əşyalarını özü ilə birgə götürməsinə icazə verilməyib. Bakıdan 250 kilometr uzaqda olan bu yerə köçürülməsi ailəsinin və vəkillərinin ona baş çəkməsini xeyli çətinləşdirib.

Elnarə Qasımovanın həbsindən sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Teresa Ribeyro ölkədə jurnalistlərin həbsini kəskin şəkildə qınayıblar. “Beynəlxalq Jurnalistlər Federasiyası” (IFJ) və “Avropa Jurnalistlər Federasiyası” (EFJ) birgə bəyanat yayaraq Azərbaycanda müstəqil jurnalistlərə qarşı narahatedici həbs və repressiya dalğasını pisləyiblər. ABŞ senatoru və Senatın Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Bakını siyasi məhbusları azad etməyə çağırıb.

Yerli və beynəlxalq insan hüquqları təşkilatları Elnarə Qasımovanı siyasi məhbus kimi tanıyıb.

20 iyun 2025-ci ildə məhkəmədə ona 8 il azadlıqdan məhrumetmə cəzası verilərkən, son sözündə deyib:

“Həbsdəyik, çünki hökümət mediasında sözünə yer olmayanların sözünü çatdırmışıq, onlara mikrofon uzatmışıq. Olanların niyə və necə baş verdiyini, verilən qərarların onlara necə təsir edəcəyini vətəndaşlara göstərmişik. Ona görə həbs edilmişik ki, İlham Əliyev hər sahədə olduğu kimi mətbuat üzərində də nəzarət sahibi olmaq istəyir. Bu səbəbdən də peşə fəaliyyətinə nəzarət edə bilmədiyi  jurnalistləri onları göndərdiyi təxridxanada nəzarətdə olanlar siyahısına yazdırıb. Bununla belə, dəmir barmaqlıqlar arxasından da davam etdirdiyimiz jurnalist fəaliyyətimizi nəzarət altında saxlaya bilmir. Çünki söz azaddır”.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun