ABŞ prezidenti Donald Tramp İrana atəşkəs razılaşmasını qəbul etməsi üçün yeni “son tarix” müəyyənləşdirib. O, Vaşinqtonda jurnalistlərə açıqlamasında bildirib ki, 7 aprel İranın ABŞ təkliflərini qəbul edib sülh sazişi imzalaması üçün son gündür.
Trampın sözlərinə görə, İranın son təklifləri “ciddi” olsa da, ABŞ-nin ölkədə həyata keçirdiyi hərbi əməliyyatı dayandırmaq üçün “kifayət etmir”.
Aprelin 4-də ABŞ prezidenti sərt bəyanatla çıxış edərək İranı 48 saat ərzində Vaşinqtonla razılaşmağa və ya ən azı Hörmüz boğazını gəmiçilik üçün açmağa çağırmışdı. Onun sözlərinə görə, əks halda İran “cəhənnəmlə üzləşəcək”. Tramp enerji obyektlərinə və digər infrastruktur sahələrinə zərbələr endirilə biləcəyini vurğulamışdı.
Daha sonra o, mümkün zərbələrin başlanmasını ABŞ-nin şərq vaxtı ilə aprelin 7-si saat 20:00-a qədər təxirə saldığını açıqlayıb.
Jurnalistlərin mülki infrastruktura hücumların hərbi cinayət sayılıb-sayılmaması ilə bağlı sualına cavabında Tramp İran hakimiyyətini sərt tənqid edib. O, son aylarda on minlərlə insanın öldürüldüyünü iddia edərək, Tehranın etirazçıları qətlə yetirdiyini bildirib.
Hüquq müdafiə təşkilatları etiraz aksiyaları zamanı minlərlə insanın öldürüldüyünü qeyd edir. Bəzi məlumatlara görə, ölənlərin sayı 10 mini keçib. İran hakimiyyəti isə bir neçə min nəfərin həlak olduğunu təsdiqləsə də, bunun zorakı toqquşmalar nəticəsində baş verdiyini və təhlükəsizlik qüvvələri arasında da itkilərin olduğunu bildirir.
Bu arada, “Reuters” agentliyinin məlumatına görə, Pakistan tərəflərə öz sülh planını təqdim edib. İslamabad vasitəçi kimi dərhal atəşkəs elan olunmasını, Hörmüz boğazında gəmiçiliyin bərpasını və daha sonra 15–20 gün ərzində geniş razılaşma üzərində danışıqlar aparılmasını təklif edib. Plan İranın nüvə silahı hazırlamamaq öhdəliyi qarşılığında sanksiyaların ləğvini və dondurulmuş aktivlərin açılmasını nəzərdə tutur.
İranın “IRNA” agentliyi isə Tehranın ABŞ-yə Pakistan vasitəsilə 10 maddədən ibarət cavab təklifləri göndərdiyini bildirib. Məlumata görə, İran dərhal atəşkəs ideyasını rədd edərək uzunmüddətli sülh razılaşmasının zəruriliyini vurğulayıb. Tehran həmçinin sanksiyaların ləğvi və Hörmüz boğazında təhlükəsiz tranzit üçün mexanizmin hazırlanmasını tələb edir.
“CNN”in məlumatına görə, ABŞ prezidenti də bu planı dəstəkləməyib. Ağ Evdə isə bildirilib ki, bu yalnız müzakirə olunan variantlardan biridir.
“Axios” nəşri ABŞ və İranın regional vasitəçilərin iştirakı ilə 45 günlük atəşkəs variantını müzakirə etdiyini yazıb. Lakin mənbələr yaxın 48 saat ərzində razılıq əldə olunması ehtimalının aşağı olduğunu, bunun isə genişmiqyaslı eskalasiyanın qarşısını almaq üçün son cəhd olduğunu bildirir.
Eyni zamanda, “Axios”un məlumatına görə, ABŞ və İsrailin İranın enerji infrastrukturuna qarşı genişmiqyaslı zərbələr planı mövcuddur. Buna cavab olaraq Tehran körfəz ölkələrinin enerji obyektlərini hədəfə ala bilər.
ABŞ və İsrail fevralın 28-dən etibarən İrana zərbələr endirir. Tramp bu əməliyyatların əsas məqsədinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu bildirib.
Hərbi əməliyyatların başlanmasından sonra İran faktiki olaraq qlobal enerji bazarı üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazını bağlayıb.
Foto: Le Monde