Tramp İranı şərtlər pozulacağı təqdirdə daha genişmiqyaslı zərbələrlə hədələyib

Tramp İranı şərtlər pozulacağı təqdirdə daha genişmiqyaslı zərbələrlə hədələyib
9 Aprel 2026
Mətni dəyiş

ABŞ Prezidenti Donald Tramp İranla əldə olunmuş razılaşmanın şərtlərinə əməl edilmədiyi təqdirdə daha genişmiqyaslı hərbi zərbələrin endirilə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

O bildirib ki, ABŞ silahlı qüvvələri razılaşma tam icra olunana qədər Yaxın Şərqdə qalacaq. Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Bütün Amerika gəmiləri, təyyarələri və hərbçiləri, həmçinin əlavə silahlar, sursat və zəiflədilmiş düşməni məhv etmək üçün lazım olan bütün vasitələr İran ərazisində və ətrafında qalacaq. Bu, əldə olunmuş real razılaşma tam yerinə yetirilənədək davam edəcək”, - deyə o yazıb.

ABŞ prezidenti qeyd edib ki, əgər bu baş verməsə, “çox az ehtimal olsa da”, o zaman əvvəlkindən daha geniş və güclü zərbələr başlayacaq.

ABŞ və İran aprelin 8-də iki həftəlik atəşkəs barədə razılığa gəldiklərini açıqlayıblar. Tramp bildirib ki, Hörmüz boğazında gəmiçiliyin bərpası şərti ilə İrana qarşı zərbələri dayandırmağa hazırdır. İsrail bu qərarı dəstəkləsə də, atəşkəsin Livana şamil olunmadığını vurğulayıb.

“Tasnim” agentliyinin məlumatına görə, Tehran bildirib ki, İsrail Livanda “Hizbullah”a qarşı əməliyyatları davam etdirərsə, atəşkəsdən imtina edə bilər. 

“The Wall Street Journal” yazır ki, Trampın bəzi yaxın çevrəsi və köməkçiləri Tehrana dair “kövrək atəşkəsin” şişirdildiyindən narahatdır. Onların fikrincə, İran hələ də Hörmüz boğazında gəmi hərəkətini məhdudlaşdıra və bölgədəki ABŞ qüvvələrinə hücum edə bilər. ABŞ prezidentinə razılaşmanın pozulması riskləri barədə xəbərdarlıq edildiyi bildirilir.

Adı açıqlanmayan amerikalı rəsminin sözlərinə görə, İranın raket qurğularının yarıdan çoxu məhv edilsə də, əhəmiyyətli hissəsi hələ də yeraltı obyektlərdə saxlanılır. Bundan əlavə, İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında təhlükə yarada biləcək onlarla kiçik katerini qoruyub saxlayıb. Rəsmi qeyd edib ki, İranın müntəzəm hərbi-dəniz qüvvələrinin 90 faizindən çoxu zərbələr nəticəsində sıradan çıxarılıb.

İran hakimiyyətinə yaxın “Fars” agentliyi aprelin 8-də Tehranın 10 maddədən ibarət planını yayımlayıb. Bu planda Hörmüz boğazına nəzarətin İranın əlində qalması da nəzərdə tutulur.

Bununla belə, “The New York Times” yazır ki, İranın açıqladığı plan Trampın daha əvvəl “danışıqlar üçün əsas” adlandırdığı sənəddən fərqlənir və söhbət iki ayrı sənəddən gedir.

“Radio Farda”nın məlumatına görə, atəşkəs elan olunduqdan sonra belə, Hörmüz boğazından keçid məhdud olaraq qalır. “AFP” bildirir ki, ən azı iki gəmi boğazdan keçib, daha bir gəmi isə yoldadır. İran mediası isə daha əvvəl İsrailin Livana zərbələrinin davam etməsi səbəbilə boğazın bağlı qaldığını yazmışdı.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, növbəti iki həftə ərzində Hörmüz boğazından sərbəst keçid yalnız İran silahlı qüvvələri ilə koordinasiya şəraitində mümkün olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun