Aprelin 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Proses hakim Azər Tağıyevin sədrliyi ilə baş tutub.
"Toplum TV" xəbər verir ki, iclasın əvvəlində təqsirləndirilən şəxslərdən jurnalist Fərid İsmayılov məhkəmə heyətinin tərkibinə etiraz edib. O, çıxışında cinayət işinin materiallarını "məntiqsiz" adlandırıb:
“Azər bəy, ya siz bu cinayət işinin materialları ilə tanış deyilsiniz, ya da bu işdə özünüz də maraqlısınız. Çünki tanış olsaydınız, o kağızları müstəntiqlərin başına çırpardınız. Cinayət işində yazılıb ki, Fərid İsmayılov mütəşəkkil dəstədə jurnalist kimi fəaliyyət göstərib. Bunu mən demirəm, müstəntiqlər deyir. Sonra yazılır ki, hərbi xidmətdə olduğum dövrdə qaçaqmalçılıq etmişəm. Çağırın müdafiə naziri Zakir Həsənovu, cavab versin ki, hara baxırdı?”.
Məhkəmə etirazı təmin etməyib.
Daha sonra prosesdə hal şahidlərinin dindirilməsinə başlanılıb. Kamal adlı şahid ifadəsində bildirib ki, Fərid İsmayılovun evində axtarış aparılan gün ərazidəki evlərdən birinə qonaq gedirmiş və yolda polislər onu saxlayaraq axtarışa şahidlik etmək üçün dəvət edib. Onun sözlərinə görə, axtarış zamanı evdən külli miqdarda pul vəsaiti tapılıb.
İsmayılov şahiddən ev sahibinin kim olduğunu necə müəyyənləşdirdiyini soruşduqda, şahid bu suala dəqiq cavab verə bilməyib. Jurnalistin digər sualına cavab olaraq şahid bildirib ki, evdəki otaqlardan birinin qapısını İsmayılovun ev yoldaşı açarla açıb. Buna etiraz edən Fərid İsmayılov qapını polislərin sındırdığını və bunun “Azadlıq Radiosu”nun yayımında əks olunduğunu deyib.
Fərid İsmayılov həmçinin məhkəməyə bildirib ki, axtarış zamanı evinə iki hal şahidi gətirilib və Kamal adlı şəxs onların heç birinə oxşamır.
Daha sonra Rahim adlı digər hal şahidi dindirilib. O, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı İlkin Əmrahovun evində aparılan axtarışda iştirak etdiyini və bu zaman evdən xarici valyutada pul tapıldığını iddia edib.
Vəkil Fuad Ağayevin sualına cavab olaraq şahid axtarış protokolunu oxumadan imzaladığını bildirib. O əlavə edib ki, orta məktəbdə təhsilini 8-ci sinifdən sonra dayandırıb və oxumaq qabiliyyəti zəifdir.
Proses zamanı vəkil Zibeydə Sadıqova şahidə onu polisin necə gətirməsi ilə bağlı suallar verərkən hakim Azər Tağıyev müdaxilə edərək bu sualları “mənasız” adlandırıb və vəkillə mübahisə edib.
İlkin Əmrahov məhkəmədə bildirib ki, axtarış zamanı polislər ondan tapıldığı iddia edilən pulları saymağı tələb ediblər və bunu etməyəcəyi təqdirdə babasını həbs etməklə hədələyiblər. Şahid isə bu iddianı təsdiqləməkdən imtina edib.
Daha sonra IDI-nin rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov şahidə suallar verib. Hakim vaxt azlığını əsas gətirərək dindirməni dayandırmaq istədikdə tərəflər arasında mübahisə yaranıb:
Hakim: “Sizin işin mahiyyəti ilə əlaqəsi olmayan suallarınıza görə digər şahidlərə vaxt qalmır”.
Qurbanov: “Mahiyyəti olmadığını haradan bilirsiniz? Mən də bu işə görə ittiham olunuram”.
Hakim: “Səsinizi aşağı salın!”.
Qurbanov: “Niyə aşağı salmalıyam? Mənim danışıq tonum belədir”.
Daha sonra Coşqun adlı hal şahidi dindirilib. O, IDI əməkdaşı Əli Zeynalın evində aparılan axtarışda iştirak etdiyini və evdən xarici valyutada pul tapıldığını deyib.
Əli Zeynal şahidə evin quruluşu, axtarışın videoçəkilişi və tapıldığı iddia edilən pulların məbləği ilə bağlı suallar verib. Lakin şahid sualların əksəriyyətinə “yadımda qalmayıb” cavabını verib.
Növbəti məhkəmə iclası aprelin 20-nə təyin olunub.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, IDI əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. Jurnalist Elmir Abbasovun polis nəzarətinə verildiyi bildirilir. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı əvvəl ev dustaqlığına buraxılıb, daha sonra onun barəsində polis nəzarəti qətimkan tədbiri seçildiyi qeyd olunur.
Saxlanılan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham ediliblər, daha sonra ittihamların ağırlaşdırıldığı açıqlanıb. Təqsirləndirilənlər ittihamları qəbul etmir və həbslərinin siyasi sifariş əsasında həyata keçirildiyini bildirirlər.