Tbilisidə 5 ailənin mülkiyyəti Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə görə müsadirə olacaq

Tbilisidə 5 ailənin mülkiyyəti Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə görə müsadirə olacaq
8 Aprel 2026
Mətni dəyiş

Tbilisinin Abanotubani rayonunda Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin tikintisi planlaşdırılır. Layihə çərçivəsində beş ailənin mülkiyyətinin, onların etirazına baxmayaraq, müsadirə olunacağı bildirilir. Xəbəri “Azadlıq Radiosu”nun gürcü xidməti dərc edib.

Qərarı Gürcüstan hökumətinin iqtisadiyyat naziri Mariam Kvrivişvili imzalayıb.

“İctimai zərurət üçün mülkiyyətin alınması qaydası haqqında” qanuna əsasən, ekspropriasiya (dövlətin ictimai ehtiyaclar üçün (məsələn, yol tikintisi, infrastruktur layihələri və s.) şəxsi mülkiyyəti sahibindən məcburi şəkildə almasıdır) - Konstitusiyanın 19-cu maddəsinə uyğun olaraq, əvvəlcədən, tam və ədalətli kompensasiya ödənilməklə mülkiyyətin məcburi alınması deməkdir.

Nazirin imzaladığı sənəddə qeyd olunur ki, layihə “zəruri ictimai ehtiyac” xarakteri daşıyır. Bildirilir ki, layihəni həyata keçirən şirkətlə daşınmaz əmlak sahibləri arasında könüllü satınalma ilə bağlı razılıq əldə olunmadığı üçün mülkiyyət hüququnun ekspropriasiya yolu ilə məhdudlaşdırılmasına ehtiyac yaranıb. Bu barədə ilk olaraq “BM.ge” nəşri məlumat yayıb.

Layihənin ilkin mərhələdə Qorqasali küçəsi 25 ünvanında həyata keçirilməsi planlaşdırılıb və 2023-cü il, oktyabrın 27-də təməlqoyma mərasimi də keçirilib. Lakin sonradan məlum olub ki, mövcud torpaq sahəsi tikinti üçün kifayət etmir. Buna görə əlavə iki yaşayış sahəsinin layihəyə daxil edilməsi qərara alınıb, onlardan birini dövlət alacaq.

Nazirin 3 aprel 2026-cı il tarixli sərəncamında qeyd olunur ki, “çoxmilyonlu investisiya çərçivəsində Gürcüstan tərəfinin iştirakı daşınmaz əmlakın alınması ilə ifadə olunur”.

Söhbət gedən həyətdə 24 nəfər mənzil sahibidir. Onlardan 13-ü dövlətin təklif etdiyi satınalma şərtləri ilə razılaşıb. Lakin ümumilikdə 11 yaşayış və çardaq sahəsinə sahib olan 5 nəfər təkliflə razılaşmayıb.

Nazir sənəddə bir daha vurğulayır ki, layihə “zəruri ictimai ehtiyac” kimi qiymətləndirilir və bu səbəbdən ekspropriasiya tətbiq olunur.

Sərəncamda həmçinin Konstitusiya Məhkəməsinin 18 may 2007-ci il tarixli qərarına istinad edilir. Həmin qərarda qeyd olunur ki, mülkiyyətçi yalnız öz maraqlarını deyil, digər ictimai maraqları da nəzərə almalı və bu maraqlar arasında balans qorunmalıdır.

Qərardan narazı olan mülkiyyət sahiblərinin məhkəməyə müraciət etmək üçün bir ay müddəti var.

Heydər Əliyev adına Mədəniyyət Mərkəzi köhnə hamam binasının yerində tikiləcək. Gürcüstanın “Business Media” nəşri yazır ki, torpaq sahəsinin alınmasını Gürcüstan hökuməti maliyyələşdirəcək, mərkəzin tikintisini isə Azərbaycan həyata keçirəcək.

“Exo Kavkaza”nın yazdığına görə, Gürcüstan İqtisadiyyat Nazirliyinin sərəncamının verilməsindən üç gün sonra Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana səfər edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun