Taleh Bağırzadənin oğluna qarşı cinayət işi açıldığı bildirilir, ailə ittihamları rədd edir

Taleh Bağırzadənin oğluna qarşı cinayət işi açıldığı bildirilir, ailə ittihamları rədd edir
9 Aprel 2026
Mətni dəyiş

Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadənin 17 yaşlı oğlu Məhəmmədhəsən Bağırzadə barəsində cinayət işi açıldığı bildirilir.

“APA”nın aprelin 8-də bu barədə verdiyi məlumatda Məhəmmədhəsən Bağırzadənin Xəzər rayonu ərazisində voleybol oyunu zamanı münaqişə yaradaraq Buzovna qəsəbə sakini olan qıza yumruqla xəsarət yetirdiyi və onun burnunu sındırdığı iddia olunub. Bildirilib ki, zərərçəkənin ailə üzvləri hüquq-mühafizə orqanlarına müraciət edib və faktla bağlı polis idarəsində cinayət işi başlanıb.

Məhəmmədhəsən Bağırzadənin anası Leyla İsmayılzadə isə yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyir. O, “Meydan TV”yə açıqlamasında bildirib ki, hadisə aprelin 7-də Buzovna qəsəbəsindəki 26 saylı məktəbin idman meydançasında baş verib.

Leyla İsmayılzadənin sözlərinə görə, insident voleybol oyunu zamanı şagirdlərdən birinin qızların yanında söyüş söyməsi ilə başlayıb və bu, 15 yaşlı oğlu Məhəmmədhüseynin etirazına səbəb olub. Onun sözlərinə görə, həmin şagird uzaqlaşdıqdan sonra başqa bir sinif yoldaşı dayısı qızı ilə birlikdə meydana qayıdaraq mübahisəni davam etdirib:

“Döyüldüyü deyilən qız eyni söyüşü təkrarlayıb. Məhəmmədhüseyn onlara da xəbərdarlıq edib. Bundan sonra həmin oğlanla qız oğluma nalayiq söyüşlər deyiblər. Məhəmmədhüseyn də cavabında onları itələyib. Oğlum deyir ki, bundan sonra oğlanla qız onu yumruqlamağa, döyməyə başlayıblar”.

Onun sözlərinə görə, hadisəyə daha sonra böyük oğlu Məhəmmədhəsən Bağırzadə müdaxilə etməyə çalışıb:

“Bu hadisədən sonra digər oğlum Məhəmmədhəsənə məlumat veriblər ki, bəs qardaşını döyüblər. O da məsələni aydınlaşdırmaq istəyib. Qız da Məhəmmədhəsənə deyib ki, xəstədir. Oğlum da soruşub ki, bəs xəstə söyüş söyər? Oğlum bu sözü deyəndən sonra həmin qız Məhəmmədhəsənə iki yumruq ilişdirib. Məhəmmədhəsən də özünü müdafiə etmək üçün qıza bir yumruq vurub. Yumruq da qızın burun nahiyəsini tuş gəlib və qanayıb. Bundan sonra aralaşıb, dağılışıblar”.

Leyla İsmayılzadə bildirib ki, hadisə nəticəsində kiçik oğlu da xəsarət alıb və tibbi ekspertizadan keçirilib:

“Hadisədən sonra uşaqlar evə çatmamış, polis bölməsindən mənə məlumat verildi ki, övladlarınız bir qızı döyüblər. Bu, döyülmək hesab olunmur, Məhəmmədhəsən özünü müdafiə edib. Bölməyə gedib, izahat vermişik. Həmçinin bu gün səhər Məhəmmədhüseyn tibbi ekspertizadan keçib. Gicgah nahiyyəsində göyərmə izləri var. Dizində sıyrıntılar var. Gecəni də, demək olar ki, başağrısından yata bilməyib”.

O əlavə edib ki, Taleh Bağırzadə oğluna qarşı cinayət işinin açılmasını son dövrlərdə baş verən hadisələrlə əlaqələndirir və bunu ailəyə yönəlmiş təzyiq kimi qiymətləndirir.

Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı həbs olunub. Həmin əməliyyat nəticəsində 6 nəfər, o cümlədən iki polis əməkdaşı həlak olub. Daha sonra o və digər təqsirləndirilən şəxslər müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.

Nardaran hadisələri ilə bağlı həbs edilən şəxslərin əksəriyyəti məhkəmə prosesləri zamanı işgəncələrə məruz qaldıqlarını bildiriblər. Hüquq-mühafizə orqanları isə bu iddiaları təkzib edib.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun