Sevinc Sadıqova: “Əfqan Sadıqovun Azərbaycana göndərilməsi əvvəlcədən planlaşdırılmışdı”

Sevinc Sadıqova: “Əfqan Sadıqovun Azərbaycana göndərilməsi əvvəlcədən planlaşdırılmışdı”
5 Aprel 2026
Mətni dəyiş

“AzelTV” YouTube kanalının rəhbəri, jurnalist Əfqan Sadıqov aprelin 4-də Tbilisidə yaşadığı evdə saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, ona qarşı sosial şəbəkədə polisi təhqir etmə iddiası ilə İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi üzrə icraat başlanıb. Qurum qeyd edib ki, Tbilisi Polis Departamentinin əməkdaşları jurnalisti məhkəməyə çıxarılması və işə vaxtında baxılmasının təmin edilməsi məqsədilə saxlayıb.

Aprelin 5-i səhərə yaxın keçirilən məhkəmə iclasında hakim Tornike Koçxianı Əfqan Sadıqovu inzibati xəta törətməkdə təqsirli bilib. Məhkəmə onun Azərbaycana göndərilməsi, Gürcüstana 3 il müddətinə giriş qadağası qoyulması və 2000 lari cərimə edilməsi barədə qərar qəbul edib.

Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Tbilisi Şəhər Məhkəməsi qərar verərkən qurum nümayəndələrinin mövqeyini nəzərə alıb. Qeyd olunub ki, Əfqan Sadıqov müxtəlif inzibati xətalara görə bir neçə dəfə cərimələnib və bu səbəbdən iki dəfə inzibati həbs olunub. Həmçinin Azərbaycan hüquq-mühafizə orqanlarının təqdim etdiyi məlumatlar və mümkün təhlükəsizlik riskləri də nəzərə alınıb.

Qurum əlavə edib ki, bir neçə gün əvvəl Gürcüstan tərəfinə rəsmi şəkildə məlumat verilib ki, Azərbaycan Prokurorluğu öz diskresion səlahiyyətindən istifadə edərək, Strasburq Məhkəməsinin müvəqqəti tədbir tətbiq etdiyi cinayət işi üzrə təqibi dayandırıb. Bu səbəbdən Gürcüstanda ekstradisiya prosedurları da dayandırılıb.

“Bununla belə, Sadıqov inzibati xəta törədib və bu xətaya görə cərimə ilə yanaşı, Gürcüstandan çıxarılma və ölkəyə giriş qadağası da nəzərdə tutulur. Bu iş üzrə məhkəmə həmin inzibati qaydada saxlanılmış şəxs barəsində bu tədbirləri tətbiq edib. Nəticədə, Əfqan Sadıqov mənsub olduğu ölkəyə çıxarılıb və 3 il müddətinə Gürcüstana girişinə qadağa qoyulub”, - Gürcüstan DİN-in açıqlamasında deyilir.

Jurnalistin həyat yoldaşı Sevinc Sadıqova isə “Abzas Media”ya bildirib ki, Əfqan Sadıqovun saxlanılması və Azərbaycana göndərilməsi əvvəlcədən planlaşdırılmış addım olub.

“Gürcüstan Əfqan Sadıqovu Azərbaycana təhvil vermək istəyirdi və bunun üçün fürsət axtarırdı. Aprelin 1-də Gürcüstan və Azərbaycan prokurorluqları arasında görüş keçirilib və bu barədə mediada da məlumat yayılıb. Həmin görüşdən sonra Sadıqovun təhvil verilməsi planı işə salınıb”, - deyə Sadıqova bildirib.

Sadıqovanın sözlərinə görə, proses zamanı Azərbaycan səfirliyinin rəsmi məktubunun mövcud olduğu müəyyən edilib. Məktubda Əfqan Sadıqovun pasportunun deaktiv edildiyi göstərilib.

“Bu səbəbdən onun üçüncü ölkəyə getməsi mümkün deyil. Bu addımlar əvvəlcədən planlaşdırılıb. Səfirliyin məktubu gecə saatlarında necə təqdim oluna bilərdi? Məhkəmə qərarı da gecə vaxtı verilib. Pasportun deaktiv edilməsi və bununla bağlı rəsmi məktubun əvvəlcədən göndərilməsi prosesin əvvəlcədən hazırlandığını göstərir”, – Sadıqova bildirib.

Onun sözlərinə görə, Gürcüstan tərəfi Avropa Məhkəməsinin əvvəlki qərarlarını və Əfqan Sadıqovun həyatına təhlükə olması ilə bağlı arqumentləri nəzərə almayıb. Sadıqova qeyd edib ki, yeni qanunvericiliyə əsasən, bu qərardan şikayət vermək mümkün deyil.

“Hadisə həftəsonuna təsadüf etdiyi üçün Avropa Məhkəməsinə müraciət edilsə də, iş günü olmadığından və deportasiya artıq baş verdiyindən reaksiya almaq mümkün olmayıb. Bütün bu addımlar qabaqcadan hesablanıb. Əfqan Sadıqov Azərbaycana göndərildiyi halda ya dərhal həbs olunacaq, ya da cinayət işi yenidən aktivləşdirilərək qısa müddət sonra həbs ediləcək. Hər iki ehtimal realdır”, - o əlavə edib.

Sadıqova bildirib ki, vəkillərə deportasiya prosesinin necə həyata keçiriləcəyi barədə məlumat verilməyib. Onun sözlərinə görə, vəkil yalnız Sadıqovun ya avtomobillə aparıla biləcəyini, ya da müəyyən müddət gözlədilə biləcəyini deyib. Ailə isə bu proseslə bağlı rəsmi məlumat almayıb.

İrəli sürülən ittihamla bağlı Sadıqova qeyd edib ki, Əfqan Sadıqovun “Facebook” hesabında aprelin 1-də polislə bağlı paylaşım olub və həmin hallarla bağlı ona əvvəlcədən heç bir xəbərdarlıq edilməyib.

“Daha əvvəl də onun barəsində 55 dəfə məsuliyyətə cəlb olunma barədə məlumat vardı və söhbət təxminən 85 min avro, yaxud 100 min dollar civarında məbləğdən gedirdi. Ancaq onun bundan xəbəri olmayıb, çünki heç bir bildiriş və ya məktub almayıb”, - deyə o bildirib.

Sadıqovanın sözlərinə görə, jurnalistin evinə gecə saatlarında gələn şəxslər basqın ediblər. Qapı girişində yerləşən təhlükəsizlik kamerası hadisənin bəzi anlarını qeydə alsa da, sonradan kamera söndürülüb.

“İzlədiyim görüntülərdə evə daxil olmaq üçün “qaz idarəsindən gəldiklərini” deyiblər. Həmin vaxt Əfqan Sadıqov bizimlə zəngdə idi, qapı açılanda telefon əlindən alınıb. Hadisə yerinə Azərbaycan dilində danışan tərcüməçi də gətirilib”, - Sadıqova deyib.

O hesab edir ki, Əfqan Sadıqovun həyatına təhlükə var və baş verənlər qisas xarakteri daşıyır.

“Baş verənlər bunu göstərir. Əgər belə bir niyyət olmasaydı, Sadıqovun ailəsinin yanına getməsinə mane olunmazdı. Hazırkı proseslər onun həbs ediləcəyini və həyatına real təhlükə olduğunu göstərir”, - o vurğulayıb.

Əfqan Sadıqov 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana köçüb. 2024-cü il avqustun 3-də isə Azərbaycan hüquq-mühafizə orqanlarının tələbi ilə Tbilisidə saxlanılıb. Azərbaycan tərəfi jurnalisti pul tələb etməkdə ittiham edib və onun ekstradisiyasını tələb edib. Gürcüstan hakimiyyəti isə ona siyasi sığınacaq verməkdən imtina edib.

2024-cü il noyabrın 28-də Tbilisi Şəhər Məhkəməsi onun Azərbaycana təhvil verilməsi barədə qərar çıxarsa da, bu qərar icra olunmayıb.

Sadıqov ittihamları siyasi motivli və qurama adlandırıb. O, 2025-ci il aprelin 16-da təxminən səkkiz aylıq həbsdən sonra 5 min lari (təxminən 3 min manat) girov qarşılığında azadlığa buraxılıb.

Bundan sonra Gürcüstanda bir neçə dəfə inzibati qaydada saxlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun