Rusiyanın Ural bölgəsindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə təqsirli bilinərək 9 il müddətinə ciddi rejimli koloniyada cəzaya məhkum edilib. Aprelin 13-də Yekaterinburqun Kirov rayon məhkəməsi belə hökm çıxarıb. Bu barədə “Kommersant-Ural” nəşri məlumat yayıb.
Şıxlinski mart ayının əvvəlində 2001 və 2011-ci illərdə törədilmiş qətl və qətl cəhdləri ittihamları ilə artıq 22 il azadlıqdan məhrum edilmişdi (cəzanın ilk 4 ili həbsxanada, qalan hissəsi isə ciddi rejimli koloniyada çəkilməlidir). Məhkəmə ona təyin edilən cəzaları birləşdirib və ümumilikdə 24 il həbs cəzası verib.
Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi ilə bağlı iş Şahin Şıxlinski və onun oğlu Mütvəli Şıxlinskinin 2025-ci ilin iyulunda saxlanılması ilə əlaqəlidir. İstintaqa görə, xüsusi təyinatlı qüvvələr Şıxlinskini oğlu Mütvəli idarə etdiyi avtomobildən çıxarmağa çalışarkən sürücü qəfil geri hərəkət edib. Nəticədə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarından biri yıxılıb.
Mütvəli Şıxlinski bildirib ki, hadisə qəsdən törədilməyib. O, baş verənlərə görə təəssüf etdiyini desə də, özünü təqsirli hesab etməyib. Məhkəmə onu ümumi rejimli koloniyada 8 il müddətinə azadlıqdan məhrum edib.
Uraldakı Azərbaycan diasporunun nümayəndələrinin saxlanılması Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşdiyi dövrə təsadüf edib. Bu gərginlik 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin səhvi nəticəsində Qazaxıstanın Aktau şəhərində qəzaya uğramasından sonra yaranmışdı.
2025-ci ilin yayında Yekaterinburqda aparılan polis reydləri zamanı diaspor nümayəndələrinin saxlanılması prosesində 60 yaşlı Azərbaycan vətəndaşı Hüseyn Səfərov və onun 55 yaşlı qardaşı Ziyəddin Səfərov həyatını itirib. Azərbaycan tərəfi bu faktla bağlı qətl maddəsi üzrə cinayət işi açıb.
Bunun ardınca Bakıda bir sıra rusiyalıların saxlanılması və həbsləri baş verib. "Sputnik Azərbaycan" Xəbər Agentliyinin direktoru İqor Kartavıx və əməkdaşı Yevgeni Belousov, eləcə də mütəşəkkil cinayətkar qruplarda, İrandan narkotik qaçaqmalçılığında, onlayn narkotik satışında və kibercinayətkarlıqda iştirak etməkdə şübhəli bilinən rusiyalı İT mütəxəssisləri həbs edilib.
Mart ayında Rusiyada məhkəmə 2001–2011-ci illərdə sahibkarlara qarşı törədilmiş qətl və qətl cəhdləri ilə bağlı işi də araşdırıb. Bu iş üzrə Uraldakı Azərbaycan diasporunun altı üzvü və rəhbəri Şahin Şıxlinski təqsirləndirilirdi. Məhkəmə onlara 10 ildən 22 ilədək həbs cəzaları təyin edib.
Moskva ilə Bakı arasında münasibətlər 2025-ci ilin oktyabrından etibarən nisbətən normallaşmağa başlayıb. Həmin vaxt Vladimir Putin və İlham Əliyev Düşənbədə görüş keçirib, eyni zamanda saxlanılan şəxslərdən bəziləri həbsdən azad edilib.