Gürcüstan hakimiyyəti sürgündə yaşayan azərbaycanlı jurnalist Əfqan Sadıqovu zorla Azərbaycana qaytarmaqla onu siyasi motivli təqib və pis rəftar riski ilə üz-üzə qoyub. Bu barədə Human Rights Watch (HRW) təşkilatının bəyanatında deyilir.
Təşkilat bildirir ki, deportasiya prosesi zamanı bu risklər ciddi şəkildə qiymətləndirilməyib və prosedurlar ədalətli məhkəmə araşdırması prinsiplərinə uyğun olmayıb. HRW-nin fikrincə, bu addım həm Gürcüstanın, həm də Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyası qarşısındakı öhdəliklərinə sadiqliyini sual altına qoyur.
“Təkcə deportasiyanın özü deyil, onun necə həyata keçirilməsi xüsusilə narahatlıq doğurur”, - deyə HRW-nin Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Gogia bildirib. Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti Sadıqovu real təqib riski olan ölkəyə qaytarıb və bunu lazımi hüquqi qiymətləndirmə aparmadan, sürətli prosedur çərçivəsində edib.
“Azel TV” YouTube kanalının rəhbəri olan Sadıqov 2023-cü ilin dekabrından Gürcüstanda yaşayıb və fəaliyyətini davam etdirib. 2016-cı ildən etibarən Azərbaycanda ona qarşı bir neçə cinayət işi açılıb, bunların ikisi geniş şəkildə jurnalist fəaliyyətinə görə qisas kimi qiymətləndirilib. 2020-ci ildə o, “hədə-qorxu ilə tələb etmə” ittihamı ilə 7 il azadlıqdan məhrum edilib. O, 2022-ci ildə əfv olunaraq vaxtından əvvəl azadlığa buraxılıb.
2024-cü il avqustun 3-də Gürcüstan hüquq-mühafizə orqanları yeni ittihamlar əsasında ekstradisiya məqsədilə onu saxlayıb. O, yeddi aydan çox həbsdə qalıb. Sadıqov Gürcüstanda sığınacaq istəsə də, hakimiyyət onun müraciətini və sonrakı apellyasiyaları rədd edib.
2025-ci ilin yanvarında Sadıqov Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edərək ekstradisiyanın Konvensiyanın pozuntusu olacağını bildirib. Fevralın 28-də məhkəmə Gürcüstana onun ekstradisiyasını dayandırmaq barədə müvəqqəti qərar verib. Aprelin 16-da Tbilisi Şəhər Məhkəməsi onu zaminə buraxıb.
Azadlığa çıxdıqdan sonra Sadıqov Tbilisidə keçirilən etiraz aksiyalarında iştirak edib. O, aksiyalar zamanı nəqliyyata maneə yaratmaq ittihamı ilə dəfələrlə cərimələnib və ümumilikdə 275 min lari (təxminən 102 min ABŞ dolları) məbləğində cərimə olunub. Həmçinin inzibati pozuntulara görə iki dəfə - 14 və 7 gün müddətinə həbs edilib. 2026-cı ilin yanvarında hakim onun işini təkrar inzibati pozuntulara görə cinayət təqibinə başlanması üçün prokurorluğa göndərib.
Aprelin 1-də Azərbaycan hakimiyyəti Sadıqova qarşı cinayət işini dayandırıb və bu barədə Gürcüstana məlumat verib. Aprelin 3-də Gürcüstan məhkəməsi onun zaminlik və hərəkət məhdudiyyətlərini ləğv edib. Lakin aprelin 4-dən 5-nə keçən gecə polis Sadıqovu evində saxlayıb. Jurnalistin həyat yoldaşı Sevinc Sadıqovanın sözlərinə görə, polis mənzilə zorla daxil olub və onu səbəb göstərmədən aparıb.
Aprelin 5-i gecə yarısından sonra polis bildirib ki, Sadıqov sosial şəbəkədə polis əməkdaşını təhqir etməkdə ittiham olunur. Səhər saat 4 radələrində məhkəmə onu təqsirli bilib, 2 min lari cərimələyib, ölkədən çıxarılması və 3 il müddətinə Gürcüstana giriş qadağası tətbiq edib. Həmin gün o, Azərbaycana təhvil verilib.
Gürcüstan Daxili İşlər Nazirliyi qərarı əsaslandırarkən Sadıqovun çoxsaylı inzibati pozuntularda iştirak etdiyini və Azərbaycanın təqdim etdiyi “təhlükəsizliklə bağlı narahatlıqları” qeyd edib. Nazirlik iddia edib ki, Avropa Məhkəməsinin qərarı yalnız cinayət işi çərçivəsində ekstradisiyaya şamil olunurdu və Azərbaycan həmin işi dayandırdığı üçün bu qərar qüvvədə deyil.
Lakin Sadıqovu müdafiə edən Sosial Ədalət Mərkəzi bildirib ki, məhkəmənin müvəqqəti qərarları məcburidir və yalnız məhkəmənin özü tərəfindən ləğv edilə bilər. Həm Azərbaycan, həm də Gürcüstan bu qərarlara əməl etməyə hüquqi olaraq borcludur.
Vəkilin sözlərinə görə, gecə keçirilən məhkəmə iclasında müdafiə tərəfinin bütün vəsatətləri, o cümlədən Avropa Məhkəməsinin qərarı ilə bağlı arqumentlər rədd edilib və daha yumşaq alternativlər - könüllü ölkəni tərk etmək və ya üçüncü ölkədə sığınacaq axtarmaq kimi variantlar nəzərdən keçirilməyib.
Azərbaycana qaytarıldıqdan sonra, aprelin 6-da Sadıqov qısa müddətə polisə aparılıb. Ona bildirilib ki, bu, onun “axtarışda olan şəxslər” siyahısından çıxarılması və barmaq izlərinin götürülməsi ilə bağlıdır. Daha sonra o, sərbəst buraxılıb.
HRW qeyd edir ki, Azərbaycanda jurnalistlər və hakimiyyəti tənqid edən şəxslərin uzun illərdir təqib olunması fonunda Sadıqovun geri qaytarılması xüsusi narahatlıq doğurur. Təşkilatın məlumatına görə, hakimiyyət tez-tez jurnalistləri və fəalları cinayət və inzibati ittihamlarla hədəfə alır.
Təşkilat hesab edir ki, Sadıqovun deportasiyası Gürcüstan hakimiyyətinin Avropa İnsan Hüquqları Konvensiyası üzrə öhdəliklərdən yayınmaq üçün Azərbaycanla əməkdaşlıq etdiyini göstərir. Avropa Şurasına üzv dövlətlər Gürcüstanın bu addımlarını araşdırmalı və pozuntulara görə məsuliyyət müəyyən etməlidir.
HRW həmçinin Gürcüstanı deportasiya prosesini araşdırmağa və insan hüquqları öhdəliklərinə tam riayət etməyə çağırır.
“Sadıqovun təhlükəsizliyi ilə bağlı açıq risklərə baxmayaraq, onun deportasiyası üçün Azərbaycanla əməkdaşlıq edən Gürcüstan hakimiyyətinin məsuliyyəti araşdırılmalıdır. Azərbaycan hakimiyyəti isə Əfqan Sadıqovun təhlükəsizliyinə təminat verməli, onun əsassız həbs və təqibə məruz qalmayacağını və ölkəni tərk etmək də daxil olmaqla hüquqlarından sərbəst istifadə edə biləcəyini təmin etməlidir”, - deyə Gogia bildirib.