Almaniyada 17 yaşdan 45 yaşadək kişilərə uzun müddət xaricdə qalmaq üçün rəsmi icazə lazım ola bilər

Almaniyada 17 yaşdan 45 yaşadək kişilərə uzun müddət xaricdə qalmaq üçün rəsmi icazə lazım ola bilər
7 Aprel 2026
Mətni dəyiş

Almaniyada 17-45 yaş arası kişilər yeni qanun dəyişikliklərinə əsasən xaricdə uzun müddət qalmaq üçün əvvəlcədən icazə almağa məcbur edilə bilərlər. Bu dəyişiklik könüllü hərbi xidmətin tətbiqini nəzərdə tutan yeni qanun çərçivəsində həyata keçirilib.

Yanvarın 1-dən qüvvəyə minən “Hərbi Xidmətin Modernləşdirilməsi Aktı” Ukraynaya qarşı Rusiyanın genişmiqyaslı işğalından sonra artan təhlükələr fonunda ölkənin müdafiə qabiliyyətini gücləndirməyi hədəfləyir.

Almaniyanın Müdafiə Nazirliyinin sözçüsü “BBC”yə açıqlamasında bildirib ki, 17 yaşdan yuxarı kişilər xaricdə üç aydan artıq qalmaq üçün əvvəlcədən rəsmi icazə almalıdırlar.

Hazırkı qanunvericiliyə görə, bu cür müraciətlər adətən təsdiqlənməlidir. Lakin qaydanın pozulacağı halda onun necə tətbiq ediləcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

Bu tələb cümə günü “Frankfurter Rundschau” qəzetində dərc edilən xəbərə qədər geniş ictimaiyyətin diqqətindən kənarda qalmışdı.

Nazirlik rəsmisi qeyd edib ki, bu qaydanın məqsədi “etibarlı və funksional hərbi qeydiyyat sistemini təmin etməkdir”. 

“Fövqəladə vəziyyət zamanı kimlərin uzun müddət xaricdə olduğunu bilməliyik”, - deyə o əlavə edib.

Rəsmi açıqlamada həmçinin bildirilib ki, bu qaydaların gənclər üçün “əhəmiyyətli nəticələri” ola bilər və “lazımsız bürokratiyanın qarşısını almaq” üçün istisna mexanizmləri hazırlanır.

Tələbin hüquqi əsası Almaniyanın 1956-cı il tarixli Hərbi Xidmət haqqında qanununa dayanır. Bu qanun bir neçə dəfə dəyişdirilib, son dəyişiklik isə ötən ilin dekabrında edilib.

Əvvəllər belə bir öhdəlik yalnız ölkə müdafiə və ya səfərbərlik vəziyyətində olduqda tətbiq edilirdi. Nazirlik rəsmisi bildirib ki, oxşar qayda “Soyuq müharibə dövründə də mövcud idi və praktik əhəmiyyət daşımırdı”.

Yeni qanun 2035-ci ilə qədər aktiv hərbi personalın sayının təxminən 180 mindən 260 minə çatdırılmasını nəzərdə tutur.

Dekabr ayında Almaniya parlamenti könüllü hərbi xidmətin tətbiqinə səs verib. Bu o deməkdir ki, yanvar ayından etibarən bütün 18 yaşlı gənclərə orduya qoşulmaq istəkləri ilə bağlı sorğu göndərilir.

2027-ci ilin iyulundan etibarən isə onlar müharibə vəziyyətində xidmətə yararlı olub-olmadıqlarını müəyyən etmək üçün fiziki hazırlıq yoxlamasından keçməlidirlər.

Almaniya Konstitusiyasına əsasən qadınlar könüllü şəkildə hərbi xidmətə qoşula bilərlər, lakin məcburi xidmətə cəlb edilə bilməzlər.

Hazırda sistem könüllülük prinsipi üzərində qurulsa da, təhlükəsizlik vəziyyəti pisləşərsə və ya kifayət qədər könüllü tapılmazsa, məcburi hərbi xidmətin bərpası da gündəmə gələ bilər.

Qanunun qəbulundan sonra bir çox gənclər bu dəyişikliklərə etiraz aksiyalarına qoşulub. Etiraz təşkilatçılarından biri sosial şəbəkədə yazıb: “Həyatımızın yarım ilini kazarmalarda keçirib itaət və öldürməyi öyrənmək istəmirik”.

Digər Avropa ölkələri kimi, Almaniya da 1990-cı illərin sülh dövründə ordusunu əhəmiyyətli dərəcədə ixtisar etmişdi. Soyuq müharibə dövründə isə ölkənin ordusu təxminən yarım milyon nəfərdən ibarət idi.

Almaniyada məcburi hərbi xidmət 2011-ci ildə, ozamankı kansler Angela Merkelin dövründə ləğv olunub.

Hazırkı kansler Fridrix Mers hökumətinin Avropada təhlükəsizlik mühitinin daha təhlükəli olduğunu bildirdiyi şəraitdə Bundesveri Avropanın ən güclü konvensional ordusuna çevirmək niyyətində olduğunu bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun