Macarıstanın baş naziri Viktor Orban parlament seçkilərində məğlubiyyətini etiraf edib. Aprelin 12-də səsvermənin başa çatmasından sonra o, hakim “Fides” partiyasının nəticələrinə münasibət bildirərək Budapeştdə tərəfdarları qarşısında çıxış edib.
“Bu seçkilərin nəticəsi bizim üçün ağrılıdır, lakin birmənalıdır. Ölkəni idarə etmək məsuliyyəti və imkanı bizə verilmədi. Mən artıq qalibi təbrik etmişəm”, - Orban bildirib.
Müxalifətdə olan “Tisa” partiyasının lideri Peter Madyar da tərəfdarları qarşısında çıxış edərək qələbəsini elan edib.
“Biz birlikdə Orban sistemini əvəz etdik və birlikdə Macarıstanı azad etdik - ölkəmizi özümüzə qaytardıq”, - o, çıxışında deyib.
Madyarın qələbəsini Avropa siyasətçiləri də təbrik edib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bəyan edib ki, “Macarıstan Avropanı seçdi. Avropa hər zaman Macarıstanı seçib. Ölkə yenidən öz Avropa yoluna qayıdır və İttifaq daha da güclənir”.
Viktor Orban 16 il ərzində Macarıstana rəhbərlik edib və Avropada Rusiya prezidenti Vladimir Putinin əsas tərəfdaşlarından biri hesab olunurdu. Bu seçkilərdə “Fides” partiyasına rusiyalı siyasi texnoloqların dəstək verdiyi bildirilirdi. Bununla belə, səsvermə ərəfəsində Moskva Orbanın məğlub ola biləcəyini istisna etmirdi.
ABŞ-nin prezidenti Donald Tramp da Orbanı açıq şəkildə dəstəkləyirdi. O bildirmişdi ki, Orban baş nazir vəzifəsində qalacağı təqdirdə, ABŞ Macarıstanın “çiçəklənməsinə” kömək etməyə hazırdır.
45 yaşlı Peter Madyar sağ-mərkəzçi siyasətçi kimi tanınır və Avropa ilə münasibətlərin bərpasını dəstəkləyir. Onun rəhbərlik etdiyi “Tisa” partiyası Ukraynaya dəstək məsələsində ehtiyatlı mövqe tutur - məsələn, Ukraynanın Avropa İttifaqına sürətli qəbuluna qarşı çıxır.
Macarıstanda keçirilən bu parlament seçkilərində seçici fəallığının 80 faizə çatması ölkə tarixində ən yüksək səviyyə hesab olunur.