İctimai fəal və “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hökm martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən iclasda elan olunub. Dövlət ittihamçısı çıxışında Məmmədlinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Məhkəmə müşavirədən sonra yekun qərarı açıqlayıb.
Əhməd Məmmədli 2025-ci il mayın 6-da saxlanılıb. Ona Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb.
İstintaqın iddiasına əsasən, ötən il mayın 6-da 1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğlu Biləcəri qəsəbəsində yerləşən R. İsmayılov küçəsində qarın boşluğundan bıçaq xəsarətləri alıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib və o saxlanılıb.
Əhməd Məmmədli əvvəlki məhkəmə iclaslarından birində saxlanıldığı gün baş verənlərlə bağlı öz versiyasını açıqlayıb. Onun sözlərinə görə, “manatlıq taksi”də son sərnişin olub və yol boyu hər hansı mübahisə yaşanmayıb. Məmmədli bildirib ki, avtomobil saxlanıldıqdan sonra naməlum şəxs onu zorla maşından çıxarıb, daha sonra isə zərərçəkmiş kimi tanınan Vüqar Dünyamalıyev ona xəsarətlər yetirib.
İctimai fəal saxlanılarkən işgəncəyə məruz qaldığını və hadisə yerində “xəyali cinayət ssenarisi” qurulduğunu bildirib. O, irəli sürülən ittihamları qəbul etmir və cəzalandırılmasını siyasi-ictimai fəaliyyəti, eləcə də jurnalist fəaliyyəti ilə əlaqələndirir.
foto: sosial media