Vəkil Zabil Qəhrəmanovun həbs müddəti daha 2 ay uzadılıb

Vəkil Zabil Qəhrəmanovun həbs müddəti daha 2 ay uzadılıb
18 Mart 2026
Mətni dəyiş

Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir.

“APA”nın məlumatına görə, martın 18-də Səbail Rayon Məhkəməsində bununla bağlı təqdimata baxılıb və Zabil Qəhrəmanov barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 2 ay müddətinə uzadılmasına qərar verilib.

Zabil Qəhrəmanovu 2025-ci il oktyabrın 23-də Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları saxlayıb. İki gün sonra - oktyabrın 25-də Gəncə şəhər məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

İlkin mərhələdə ona Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 221.2.2 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. İddialardan birinə görə, saxlanıldığı gün avtoyuma məntəqəsində işləyən Fazil İsgəndərovla mübahisə zamanı zor tətbiq etdiyi bildirilir. Digər iddiaya əsasən isə, Şəmkir sakini Emin İbrahimovun şikayətinə görə, Qəhrəmanovun 5600 manat alaraq işin “istədiyi kimi” həll olunacağına söz verdiyi, lakin vədin yerinə yetirilmədiyi iddia olunur.

Vəkil isə irəli sürülən ittihamları rədd edir və bildirir ki, onun cəzalandırılması üçün adı çəkilən şəxslərdən istifadə olunur.

2026-cı il yanvarın 19-da Qəhrəmanova əlavə ittihamların verildiyi açıqlanıb. Onun vəkili Babək Həmidovun sözlərinə görə, hazırda o, Cinayət Məcəlləsinin 221.2.2, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham olunur. Vəkil həmçinin qeyd edib ki, yanvarın 17-də də həbs müddəti daha 2 ay uzadılıb.

Müdafiə tərəfinin məlumatına görə, daha sonra cinayət işi Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə verilib. Qəhrəmanov Bakıya gətirilərək Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Zabil Qəhrəmanov Azərbaycanda bir sıra rezonans doğuran işlərdə müdafiəçi kimi çıxış edib. O, Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı işdə təqsirləndirilən İlkin Süleymanovun, eləcə də əvvəllər qətl ittihamı ilə məhkum olunub sonradan bəraət alan Polad İsmayılovun müdafiəsini həyata keçirib. Bundan əlavə, “Tərtər hadisələri” üzrə bir neçə zərərçəkmişin və müxtəlif ictimai-siyasi fəalların vəkili olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun