ABŞ prezidenti Donald Tramp Qərb müttəfiqlərini Hörmüz boğazı bölgəsinə hərbi gəmilər göndərməyə çağırıb. O bildirib ki, məqsəd ticarət gəmilərinin boğazdan təhlükəsiz keçidini təmin etməkdir.
Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və digər ölkələr bölgəyə hərbi donanma göndərməlidir.
ABŞ prezidenti qeyd edib ki, Vaşinqton İranın sahil xəttinə qarşı zərbələri davam etdirəcək və İranın dənizdəki gəmilərinə hücum edəcək.
O, başqa paylaşımında ABŞ-nin İranı “hərbi, iqtisadi və digər sahələrdə tam məğlub etdiyini” iddia edib və əlavə edib ki, Hörmüz boğazından keçən nefti alan ölkələr həmin marşrutun təhlükəsizliyinə özləri də cavabdeh olmalıdır.
Eyni zamanda, “Reuters” agentliyi mənbələrə istinadən bildirir ki, Tramp administrasiyası İranla müharibəni dayandırmaq məqsədilə aparılan diplomatik danışıqlar təşəbbüslərini rədd edib. Agentliyin məlumatına görə, müharibədən əvvəl ABŞ və İran arasında vasitəçi rolunu oynayan Oman tərəflər arasında yenidən əlaqə kanalı yaratmağa çalışsa da, Ağ Ev bu təkliflə maraqlanmadığını bildirib.
“Hazırda bu, prezident üçün maraqlı deyil. Biz hərbi əməliyyatı davam etdirəcəyik. Bəlkə belə bir gün gələcək, amma indi yox”, - ABŞ-dən yüksək vəzifəli bir mənbə “Reuters”ə deyib.
Diplomatik vasitəçilik cəhdləri edən ölkələrdən biri də Misir olub. Lakin agentliyin mənbələrinin sözlərinə görə, bu təşəbbüslər konkret nəticə verməsə də, İranın hərəkətlərindən zərər görən Fars körfəzi ölkələrinin müəyyən dərəcədə hərbi təmkin göstərməsinə kömək edib.
Tehran isə ABŞ və İsrailin zərbələri dayandırılmadan atəşkəs ehtimalını rədd edib. “Reuters”ə danışan iki yüksək vəzifəli İran mənbəsi bildirib ki, bir neçə ölkə vasitəçilik etməyə çalışsa da, İran tərəfi hava hücumlarının dayandırılmasını və mümkün atəşkəs razılaşması çərçivəsində kompensasiya tələblərinin yerinə yetirilməsini tələb edir.
Mənbələrdən birinin sözlərinə görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və ölkənin xarici işlər naziri Abbas Əraqçi də Oman vasitəsilə atəşkəs məsələsini müzakirə etməyə çalışıblar. Lakin danışıqlar baş tutmayıb və Tehranın mövqeyi daha da sərtləşib.
Agentliklə danışan mənbələr bildirir ki, İslam İnqilabı Keşikçiləri Ordusu (SEPAH) rəhbərliyi hesab edir ki, İran Hörmüz boğazı üzərində nəzarəti itirsə, müharibədə məğlub ola bilər. Buna görə də, korpus atəşkəs və ya danışıqlar ideyasını qəbul etməyəcək.
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fevralın 28-də ölkə ərazisinə endirilən genişmiqyaslı hava zərbələrindən sonra başlayıb. Münaqişənin ilk həftəsində Tramp İranın hava hücumundan müdafiə sisteminin, hərbi hava və dəniz qüvvələrinin, eləcə də rəhbərliyinin faktiki olaraq sıradan çıxarıldığını iddia etmişdi.
“Reuters”in məlumatına görə, müharibə nəticəsində 2000-dən çox insan həlak olub və onların böyük hissəsi İranda qeydə alınıb. Hörmüz boğazının bağlanması isə dünya neft tədarükündə ciddi fasilələrə səbəb olub. Qlobal neft axınının təxminən 20 faizi bu marşrutdan keçir və qiymətlər bir barel üçün 100 dolları ötüb.
Bununla yanaşı, “The Wall Street Journal” yazır ki, Trampın bəzi müşavirləri müharibədən çıxış strategiyası hazırlanmasını təklif edirlər. Onlar xüsusilə ABŞ-də noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində mümkün siyasi nəticələrdən narahatdırlar.