ABŞ prezidenti Donald Tramp İranın strateji əhəmiyyətli Xarq adasının ələ keçirilməsi ehtimalını istisna etmədiyini bildirib. Bu barədə o, “Financial Times” nəşrinə müsahibəsində danışıb.
Tramp qeyd edib ki, belə bir addım mümkün ssenarilərdən biridir:
“Bəlkə Xarq adasını ələ keçirəcəyik, bəlkə də yox. Çox variantımız var. Bu isə müəyyən müddət orada qalmalı olacağımız anlamına gəlir”.
Prezident ABŞ qüvvələrinin adanı “çox asanlıqla” nəzarətə götürə biləcəyini iddia edib:
“Mən düşünmürəm ki, onların orada hər hansı müdafiəsi var”.
Trampın sözlərinə görə, İran parlamentinin spikeri Məhəmməd Bagir Qalibaf martın 30-dan etibarən Hörmüz boğazı vasitəsilə 20 neft tankerinin keçidinə razılıq verib.
Prezident bildirib ki, əvvəlcə 10 tanker barədə məlumat var idi, lakin sonradan bu say artırılıb:
“İndi 20 tankerə icazə verilib və onlar artıq yoldadır”.
Onun sözlərinə görə, bu addım “hörmət əlaməti” kimi qiymətləndirilir və bir neçə gün davam edəcək.
“Associated Press”in məlumatına görə, Tramp ABŞ-nin İranla həm birbaşa, həm də dolayı danışıqlar apardığını bildirib.
“Danışıqlarda hər şey yaxşı gedir. Amma İranla bağlı heç vaxt əmin olmaq olmur. Biz danışırıq, sonra isə nəyisə partlatmaq lazım gəlir”, - deyə o vurğulayıb.
Prezident əlavə edib ki, İran Vaşinqtonun təqdim etdiyi 15 maddəlik atəşkəs planına cavab verib və ümumi çərçivədə razılıq nümayiş etdirib, lakin detalları açıqlamayıb.
“CNN”nin məlumatına görə, ABŞ və İran arasında növbəti danışıqlar yaxın günlərdə Pakistanın paytaxtı İslamabad şəhərində keçirilə bilər.
Pakistanın xarici işlər naziri İshaq Dar bildirib ki, həm Vaşinqton, həm də Tehran bu təşəbbüsü dəstəkləyir. O əlavə edib ki, bu məsələ ilə bağlı Çin XİN rəhbəri Van İ və BMT baş katibi Antonio Quterreş də məlumatlandırılıb və onlar da danışıqların keçirilməsinə müsbət yanaşırlar.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran isə cavab olaraq İsrailə, eləcə də region ölkələrində yerləşən ABŞ hərbi bazalarına və enerji obyektlərinə zərbələr endirib.
Bir ay davam edən qarşıdurma nəticəsində Hörmüz boğazı vasitəsilə gəmiçilik demək olar ki, iflic olub. Bu isə neft bazarına ciddi təsir göstərib: müharibədən əvvəl “Brent” markalı neftin qiyməti bir barel üçün 70 dollar olduğu halda, hazırda 116 dollara yüksəlib.