Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Proses hakim Azər Tağıyevin sədrliyi ilə baş tutub.
“Toplum TV”nin məlumatına görə, iclasda təqsirləndirilən şəxslərdən media qurumunun həmtəsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli səhhətlərindəki problemlərlə əlaqədar ev dustaqlığına buraxılmaları üçün vəsatət qaldırıblar.
Məhkəmədə Bakı İstintaq Təcridxanasından göndərilmiş tibbi arayışlar açıqlanıb. Arayışa görə, Ruslan İzzətliyə öd daşı diaqnozu qoyulsa da, onun təcili əməliyyatına ehtiyac olmadığı bildirilib.
İzzətli isə bununla razılaşmayıb:
“Təcili zərurət o zaman yaranacaq ki, öd partlayacaq və 3 saat içində məni əməliyyata salmalı olacaqlar ki, qana keçib zəhərlənmə yaratmasın”.
Hakim Azər Tağıyev cavabında qeyd edib ki, təcili zərurət olmasa belə, əməliyyat mümkündür və tarix razılaşdırılarsa, məhkəmə buna icazə verə bilər.
Ələsgər Məmmədli isə çıxışında təcridxanadakı saxlanma şəraitini tənqid edib və əməliyyatdan sonra ev şəraitində müalicənin vacibliyini vurğulayıb. Təcridxananın təqdim etdiyi arayışda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilsə də, Məmmədli bu qiymətləndirmənin reallığı əks etdirmədiyini deyib:
“Mən 2 ildən çoxdur burada nəinki məhkəmə hökmü, hətta heç bir sübut olmadan saxlanılıram. Bir tərəfdən də yeni xəstəliklər tapıram. Məqsəd öldürməkdirsə, bir başqa formada öldürün. Bu, insani davranış deyil”.
Onun vəkili Zibeydə Sadıqova da təcridxanada lazımi tibbi müayinələrin aparılmadığını bildirib və müvəkkilinin azadlığa buraxılmasının vacibliyini vurğulayıb:
“Bakı İstintaq Təcridxanasında yalnız təzyiq ölçürlər. Sağ olsunlar ki, heç olmasa, verdikləri cavabda Ələsgər bəyin təzyiq xəstəsi olduğunu yazmağı unutmayıblar. Özünüz də görürsünüz ki, adam xəstədir, əziyyət çəkir. Buraxın, ya özü müalicə olunsun, ya da dövlət müalicəsini təmin etsin”.
Digər təqsirləndirilən şəxs Fərid İsmayılov da çıxış edərək təcridxanada tibbi xidmətin faktiki olaraq pullu olduğunu deyib:
“Biz aldığımız bütün tibbi xidmətlərin pulunu öz cibimizdən veririk. Onlar deməsin ki, bizə tibbi xidmət verirlər. Hər şeyin pulunu özümüz veririk”.
Müşavirədən sonra məhkəmə vəsatətləri təmin etməyib. Hakim qərarı belə əsaslandırıb ki, əməliyyata ehtiyacı olan şəxslər ev dustaqlığına buraxılmadan da müalicə oluna bilər. O, həmçinin təqsirləndirilən şəxslərin azadlığa buraxılacağı təqdirdə şahidlərə təsir göstərə biləcəyini bildirib.
Təqsirləndirilənlər isə şahidlərin artıq dindirildiyini xatırladıblar. Onlardan biri prezidentin köməkçisi Hikmət Hacıyevin hələ də məhkəməyə gətirilə biləcəyini deyərək zarafat edib.
Prosesdə daha sonra ifadələr davam etdirilib. Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev saxlanma zamanı polisin evinə pul yerləşdirdiyini iddia edib. Onun sözlərinə görə, pulu saymaqdan imtina etdikdən sonra polislər onu ev yoldaşının da saxlanılacağı ilə hədələyiblər.
“Polislər pulu özləri qoyub, sonra götürdülər”.
İDİ rəhbəri Akif Qurbanov da oxşar iddialar səsləndirib. O bildirib ki, saxlanıldıqdan sonra evində axtarış aparılmayıb, lakin sonradan guya evdən pul və texniki avadanlıqların götürüldüyü göstərilib:
“Özüm də soruşdum ki, evdə axtarışa ehtiyac görmürsünüz deyəsən? Özləri də gülümsədilər. Niyə də axtarış aparmalı idilər ki? Onlar göstərişi yerinə yetirirdilər. Sonradan tapıldığı iddia olunan cihaz və pulların bir hissəsini evdən götürdüklərini yazıblar”.
Qurbanov həmçinin axtarış zamanı vəkil Şəhla Hümbətovaya qarşı zorakılıq tətbiq olunduğunu qeyd edib.
Fərid İsmayılov əlavə vəsatət verərək məhkəmə proseslərinin açıq keçirilməsini istəyib və öz işi üzrə ittihamları tənqid edib:
“Evimdən guya 3100 avro pul tapıblar. Bu, niyə cinayət hesab olunur? Çıxsın Mərkəzi Bankın sədri bəyan etsin ki, ay camaat, evinizdə pul saxlamayın, yoxsa polislər gəlib sizi tutub aparacaq. Ramiz Mehdiyevin evindən 17 milyon pul tapırlar, ev dustaqlığı qərarı verirlər. Mən isə 25 aydır saxta ittihamlarla üzləşirəm, 14 aydır girov saxlanılıram. Siz belə işə görə müstəntiqlərə cinayət işi açmalı idiniz”.
Növbəti məhkəmə iclası aprelin 6-na təyin olunub.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, İDİ əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunub. Jurnalist Elmir Abbasovun polis nəzarətinə verildiyi bildirilir. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı əvvəl ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarəti qətimkan tədbiri seçildiyi qeyd olunur.
Saxlanılan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham ediliblər, sonradan ittihamların ağırlaşdırıldığı açıqlanıb. Təqsirləndirilənlər ittihamları qəbul etmir və həbslərinin siyasi sifarişlə həyata keçirildiyini bildirirlər.